Yuxarı

“Azərbaycan İranı məhkəməyə verə bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycan İranı məhkəməyə verə bilər”

Azərbaycan Xəzərin statusu məsələsini beynəlxalq məhkəməyə çıxarmaqla prosesin gedişatını sürətləndirə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında İranın Rusiyadan uzaqlaşaraq Amerika ilə yaxınlaşması fonunda Xəzərin statusu məsələsini şərh edərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Amerika ilə yaxınlaşmaya rəğmən İran bu məsələdə güzəştə getməyəcək:

"Xəzərin statusu ilə bağlı İran getdikcə mövqeyini sərtləşdirir. Hətta Rusiya ilə münasibətlərdəki soyuqlaşma və Amerika ilə yaxınlaşmaya rəğmən bu, baş verməyəcək. Yəni yaxınlaşma o dərəcədə olmayacaq ki, bu, strateji müttəfiqlik səviyyəsinə qalxsın. Xəzərin statusu məsələsində Rusiya və İranın mövqeyi hər zaman üst-üstə düşəcək. Çünki hər iki dövlət Xəzərin dibinə elə bir strateji nöqtə və nəqliyyat dəhlizi kimi baxır ki, hətta Amerika, Qərb və Uzaq Şərqin iri dövlətləri də buraya cəlb oluna bilər. Rusiya kimi İran da bu məsələdə üstünlük əldə etməyə çalışır. Beynəlxalq praktikada mövcud olan hər hansı bir varianta heç cür razılıq verilmir. Düzdür, vaxtilə Rusiya ilə dil tapmışdıq, hətta Rusiya-Qazaxıstan-Azərbaycan üçlüyünün imzaladığı müqaviləyə görə, Xəzərin səthindən başqa təki, yəni dibi sahil sektorları üzrə bərabər sürətdə bölünməli idi. Bakı bu bölgü prinsipinə razı olsa da, İran və Türkmənistan istəmədi".

Politoloq son zamanlar Türkmənistanın mövqeyində yumşalmanın olduğunu bildirib:

"Türkmənistan dənizin dibi ilə Transxəzər qaz kəmərini keçirmək istəyir. Rusiya isə buna mane olmağa çalışır. Çünki bu kəmər Rusiyanın Qərbə göndərdiyi qaza bir növ rəqibdir. Türkmən və Azərbaycan qazı birləşsə, ortaya 50 milyard kub metrdən artıq qaz çıxır ki, bu da Qərbin bütün enerji tələbatını ödəyə bilər. Belə olan halda Rusiyanın qazına ehtiyac qalmır. Bu nöqteyi-nəzərdən Xəzərin bölünməsi məsələsində Rusiya əvvəlki mövqelərindən geri çəkilməyə başlayıb. Əvvəl Xəzərin yeraltı hissəsinin sahil sektorları üzrə bölünməsinə razı idisə, artıq məsələyə başqa aspektdən baxır. İranın isə Xəzər məsələsində nəinki yumşalma, hətta konstruktiv mövqe nümayiş etdirəcəyini söyləmək xeyli çətindir".

Q.Hüseynli Azərbaycanın hazırda İranla qarşıdurmaya getmək istəmədiyini bildirib:

"İran hazırda dünya neft bazarına girməklə hərbi və iqtisadi cəhətdən güclənir. Sentyabrda Qazaxıstanda Xəzərin statusuna dair yekun sənədin imzalanması gözlənilir və sahil sektorlar üzrə bölünmə prinsipi qəbul edilə bilər. Hazırda ekspertlər səviyyəsində iş aparılır və İranın Astanada özünü necə aparmasından çox şey asılıdır. O ki qaldı İranın Lənkəranın 50 kilometrliyində kəşf etdiyimiz yataqlarla bağlı mövqeyinin dəyişməsinə, Azərbaycan hazırda İranla qarşıdurmaya getmək istəmir. Rəsmi Tehran nəinki Azərbaycan sularına müdaxilə edir, hətta orada böyük qaz ehtiyatları tapmasına dair iddia irəli sürür. Bu, çox mübahisəli məsələdir. Hesab edirəm ki, rəsmi Bakı bu məsələni beynəlxalq məhkəməyə çıxarmaqla prosesin gedişatını sürətləndirə bilər".

Tarix
2015.08.01 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla