Ana səhifə Gündəm |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda məhkəmə prosesi davam edən Mövlam Şixəliyev ötən prosesdə zərərçəkən, iş adamı Əhməd Məhəmməd oğlu Mirzəyevin ifadə verməsindən sonra ona xəbər göndərib.
Axar.az xəbər verir ki, Mövlam Şıxəliyev Əhməd Mirzəyevə sürücüsü Əlizamin vasitəsilə xəbərdarlıq edib. Belə ki, artıq məhkəmə prosesindən tanıdığımız və sabiq MTN-çinin ən sadiq adamlarından olduğu görünən Əlizamin məhkəmə prosesindən sonra Ə.Mirzəyevin rəhbəri olduğu Santemax MMC-də çalışan Yasər Məmmədovla görüşüb. Ona bildirib ki, M.Şıxəliyev bu məsələni belə qoymayacaq:
“Mövlam Şıxəliyevin içəridə olmasından arxayın olmayın, bizim hər yerdə adamlarımız var. Əhməd Mirzəyev məhkəmədəki ifadəsinə görə cavab verəcək”.
Saytımıza danışan Əhməd Mirzəyev ona işçisi vasitəsilə təzyiq edildiyini və hədə-qorxu gəlindiyini təsdiqləyib.
Qeyd edək ki, proses Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir. Müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər - İstintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.
Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasını dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var.
Əhməd Məhəmməd oğlu Mirzəyev ötən prosesdə şərlənərək həbs edildiyini, ondan nazirə verilməsi adı ilə 500 min manat tələb edildiyini, nəhayət, 500 min dollara razılaşdıqlarını, qardaşının 375 min manat vəsait düzəldərək, Mövlam Şıxəliyevə çatdırmasından sonra azad edildiyini, işin məhkəməyə göndərildiyini və məhkəmədə hakim Əfqan Hacıyevin ondan şərti azadlıq üçün 100 min tələb etdiyini və onu verməyə məcbur olduğunu demişdi (Ə.Mirzəyevin ifadəsi daha ətraflı BURADA).
Ə.Mirzəyev azadlığa çıxandan sonra da Mövlam Şıxəliyevin ona sifarişlərinin ard-arda gəldiyini bildirib:
“Məni həbsdən buraxandan sonra təxminən 2011-ci ilin avqust-sentyabr aylarında Mövlam Şixəliyev özünün mobil telefonundan mənim nömrəmə zəng vuraraq villasında tikinti işləri apardığını dedi. Bununla əlaqədar olaraq tikinti materialları verməyimi tələb etdi. Həbsdən təzə çıxmışdım, MTN-in xofu çəkilib getməmişdi, Mövlam Şixəliyevin bu tapşırığına “yox” deyə bilməzdim. Bundan sonra 2011-2014-cü illərdə müxtəlif tarixlərdə Mövlam Şixəliyevin sürücüsü Əlizamin adlı şəxs gəlib ofisdən təxminən 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz olaraq götürüb aparıb”.
Zərərçəkən məhkəmədə cinayət işinin materiallarında olmayan yeni bir hal haqda da məlumat verib. O deyib ki, Mövlam Şıxəliyev məndən əl çəkmirdi:
“Yenə də zəng elədi ki, bəs mənim ad günümdür, mənə ”Stefanno Ricci" brendindən kostyum al. Razılaşmaqdan başqa yolum yox idi. Dedi ki, kostyumu özüm gedib seçib alacağam, pulunu sən verərsən. 2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər, dedilər ki, kostyum alınıb, sizin nömrəni veriblər ki, pulu ödənsin. Kostyumun qiymətini soruşdum, cavabında zəng edən satıcı “25 min dollar” dedi...
Kostyumun 25 min dollara olduğuna inanmadım. Satıcıya ”25 min dollara kostyum olar?" dedim. Satıcı da bir daha dedi ki, “Stefano Ricci” kostyumunun qiyməti 25 min dollardır. Yenə də inanmadım, satıcıya dedim ki, gəlirəm mağazaya, söhbət edərik. Özümlə 20 min manat da götürdüm, Mövlam Şıxəliyevin kostyum aldığı mağazaya getdim. Orada satıcı Mövlam Şıxəliyevin mağazadan götürdüyü kostyumun qiymətinin 25 min dollar olduğunu təkrarladı. Mən də çek tələb etdim. Satıcı da dedi ki, rəhbərlik bizə çek verməyi qadagan edib. Soruşdum ki, ümumiyyətlə, kostyum alınıb sizdən, yoxsa pul? Satıcının danışığından belə başa düşdüm ki, kostyum bəhanədir, məndən 25 min dollar qoparmaq üçün bu söhbəti uydurublar. Əlacsız qalıb 20 min manatı da ödədim. O zaman dollar 78 qəpik idi, 20 min manat verib çıxdım. Başqa çarəm yox idi".
Zərərçəkən hakimə bildirib ki, istintaqa kafel-metlaxla bağlı kassa məxaric orderlərini təqdim edib və cinayət işinin materiallarına əlavə olunub.
Qeyd: Fotoda görünən Mövlam Şıxəliyevin villasıdır.
Tarix
2021.12.21 / 09:14
|
Müəllif
Axar.az
|