Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Şəhidlər
Xiyabanını ziyarət edərək cəbhə bölgələrinə yola
düşüb.
AXar.az Müdafiə Nazirliyinin rəsmi saytına istifadən xəbər verir
ki, sıralarında üç min nəfərdən çox veteranı birləşdirən Azərbaycan
Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin fəaliyyətində
əsas istiqamətlərdən biri gənclərin orduya hazırlanması, hərbi
vətənpərvərlik tərbiyəsi, xüsusilə də Silahlı Qüvvələr şəxsi
heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının
yüksəldilməsi istiqamətində məqsədyönlü işin aparılmasıdır.
Təşkilatın sədri Məhəmməd Vəliyev cəbhə bölgələrinə yola
düşməzdən öncə deyib ki, digər qeyri-hökumət təşkilatları kimi
bizim ictimai birlik də ölkə rəhbərliyinini daimi diqqət və qayğısı
ilə əhatə olunub. Müvafiq nazirlik və komitələr böyük köməkliklər
göstərir. Bu günlərdə təşkilatımıza yeni ofis də verilib. Biz də
çalışırıq ki, həmişə, hər yerdə xalqımıza, dövlətimizə sədaqət
nümunələri göstərək.
Ümummilli Liderimiz Heydər Əliyev biz Əfqanıstan müharibəsi
veteranlarını böyük qüvvə kimi qiymətləndirərdi. 1993-cü ilin 2
noyabrında Ulu Öndərimiz Azərbaycan Radio və Televiziyası
vasitəsilə xalqa müraciət edəndə dahi rəhbərimizin səsinə ilk səs
verənlər məhz Əfqanıstan müharibəsi veteranları olub. İki gün sonra
bizi indiki Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində
qəbul edən əbədiyaşar Ali Baş Komandanımızın o vaxt dediyi sözləri
heç vaxt unutmuruq:"Əgər Azərbaycan oğulları, Azərbaycanın
yetirmələri başqa bir ölkədə, sovet ordusu tərkibində vuruşa
bilirdilərsə, qəhrəmanlıq nümunələri göstərə bilirdilərsə, deməli,
onlar öz torpaqlarını daha cəsarətlə, ürəklə qoruya bilər və
torpaqlarımız uğrunda döyüşə bilərlər".
Bəli, biz o gün xalqımızı və dövlətimizi min cür bəlalardan
xilas edən Ulu Öndərimizdən xeyir-dua alaraq Qarabağ uğrunda
döyüşlərə yollandıq. Şəhidlərimiz də az olmadı. Səkkiz nəfər
silahdaşımız Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq
görüldü, onlarla Azərbaycan əfqanı müstəqil dövlətimizin yüksək
döyüş orden və medalları ilə təltif olundu. Hazırda Silahlı
Qüvvələrin sıralarında, eləcə də xüsusi təyinatlı təhsil
müəssisələrinin müəllim və zabit heyətlərinin tərkibində də
Əfqanıstan müharibəsi veteranları kifayət qədərdir və biz Ali Baş
Komandanın əmrlərinə hər an hazırıq.
M.Vəliyev cəbhə bölgələrinə növbəti səfərlə bağlı vurğulayıb ki,
son vaxtlar cəbhədə Ermənistan silahlı bölmələri daha da fəallaşıb.
Hər gün atəşkəs rejimi onlarla dəfə pozulur. Lakin Azərbaycan
əsgəri qəhrəmanlıq nümunələri göstərərək cavab atəşləri ilə düşməni
susdurur, kəşfiyyat-təxribat qrupları əvvəlcədən aşkarlanaraq
qarşısı mərdliklə alınır. Təxribat uçuşları edərək hava məkanımıza
daxil olmuş düşmən helikopterinin vurulması, bir neçə pilotsuz uçuş
aparatının məhv edilməsi bütün xalqımız kimi bizi də sevindirir.
Fəxr edirik ki, ordu quruculuğu məsələləri Ali Baş Komandanımızın
prezident kimi fəaliyyətində prioritetdir. Biz fəxr edirik ki,
Müdafiə Nazirliyi rəhbərliyinin səsi-sorağı mütəmadi olaraq cəbhə
bölgələrindən, ön səngərdən gəlir. Həm ordumuz, həm də xalqımız
işğal olunmuş torpaqlarımızı tezliklə azad etmək əzmi ilə yaşayır.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin və Müdafiə naziri
general-polkovnik Zakir Həsənovun son vaxtlar səsləndirdikləri
fikirlər bizi yenidən hərəkətə gətirib. Tətilimizi yarımçıq qoyaraq
bu gün cəbhə bölgəsində, Azərbaycan əsgərinin yanında, onunla bir
yerdə ön səngərdə olmağı qərara almışıq.
Əfqanıstan müharibəsi veteranlarını cəbhəboyu bölgələrdə
müşaiyət edəcək Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla
Qurbani isə bildirib ki, bir həftə davam edəcək bu səfər zamanı
cəbhə bölgələrindəki hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli
əhali ilə görüşlər təşkil olunacaq, Qarabağ uğrunda döyüşlərdə
şəhidlik zirvəsinə ucalmış Əfqanıstan müharibəsi veteranları olan
Milli Qəhrəmanlar anılacaq, peşəkar veteranlar müxtəlif hərbi
ixtisaslar üzrə gənc əsgərlərlə məşğələlər keçəcək, birgə təlimlərə
qatılacaq, ayrı-ayrı postlarda gecə döyüş növbəsində duracaqlar.
Bütün bunlar hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji
hazırlığının yüksəlməsinə və qarşıya qoyulmuş müqəddəs vəzifələrin
qələbə ilə nəticələnəcəyinə yönəldilmiş tədbirlərdir.
Veteranlardan iki dəfə "Qırmızı Bayraq" ordenli ehtiyatda olan
polkovnik-leytenant Şakir Əhmədov, ehtiyatda olan polkovnik Cəlil
Xəlilov, "Qırmızı Ulduz" ordenli Əbülfət Hüseynov və Müdafiə
Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov böyük əminliklə
bildiriblər ki, Əfqanıstan müharibəsi veteranlarının cəbhəboyu
bölgələrə bu səfərləri həm Vətən müdafiəçilərinin, həm də
veteranların həyatında unudulmaz hadisəyə çevriləcəkdir.