İsrailin “Hapoel” komandasının “Sabah”la keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl Bakıdakı oteldə yerinə yetirdiyi dini ayinlə bağlı təfərrüatlar üzə çıxıb.
Axar.az Sportify.az-a istinadla xəbər verir ki, “Hapoel Beer Şeva” günə səhər duası ilə başlayıb.
Duaya komandanın baş məşqçisi Ran Kozux özü rəhbərlik edib.
Komandanı müşayiət edən təhlükəsizlik əməkdaşlarından biri İsraildən Tövrat kitabı gətirib. Kitab Ramla şəhərinin ravvini İsxak Abu-Hatsiranın ailəsinə məxsusdur və onun babası “Baba Haki”nin adına həsr olunub. “Baba Haki” isə İsraildə tanınmış ravvin “Baba Sali”nin qardaşı olub.
Maraqlı statistika da diqqət çəkir: həmin Tövrat kitabı “Hapoel Beer-Şeva”nın Avropadakı əvvəlki 4 oyununda da komandanı müşayiət edib. İsrail təmsilçisi həmin görüşlərin hamısında qələbə qazanıb. Yeganə istisna II təsnifat mərhələsində İslandiyanın “Vikinqur” klubuna qarşı səfər oyunu olub. Raundun ilk qarşılaşmasında kitab komanda ilə birlikdə olmayıb və “Hapoel Beer Şeva” kampaniyada Çempionlar Liqasının təsnifat mərhələlərində yeganə məğlubiyyətini alıb.
Bu səbəbdən, komanda üçün uğur gətirdiyinə inanılan Tövrat kitabının Bakıya da gətirilməsi qərara alınıb.
Kozux özü də dindar insan kimi təqdim olunur. Onun üçün “Sabah”la qarşılaşma qısa məşqçilik karyerasının ən yüksək nöqtəsi hesab olunur.
Mütəxəssis oyun öncəsi də Allaha xitab etməyi vacib sayıb: “Komandamız əvvəllər iki dəfə şanslnı qaçırıb. Bu dəfə tarix yazmaq üçün imkanımız var. İnanıram ki, Allahın köməyi ilə bunu bacaracağıq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Hapoel Beer Şeva” oyunu saat 20:45-də başlanacaq. İlk görüşdə İsrail klubu 2:1 hesabı ilə qalib gəlib. Cütün qalibi tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək.