"Bu il bizim iqtisadiyyatımız hələ ki, birinci yarımildə
təxminən 6 faiz artıb. Dünya miqyasında bu, bəlkə də indiki dövrdə
ən yüksək göstəricidir.
"Report" xəbər verir ki, bunu Cəlilabad rayonuna səfəri
çərçivəsində yerli sakinlərlə görüşü zamanı Azərbaycan prezidenti
İlham Əliyev bildirib.
Prezident kimi Cəlilabad rayonuna yeddinci dəfə səfər etdiyini
bildiriən dövlət başçısı son illərdə burada həm iqtisadi, həm
sosial sahədə çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb.
"Cəlilabadda parklar, xiyabanlar salınır. Rayon sürətlə, uğurla
inkişaf edir, həm sosial, həm iqtisadi məsələlər öz həllini tapır.
İnsanların rahatlığı və iqtisadi inkişafın dərinləşməsi üçün bir
sıra infrastruktur layihələri həyata keçirilir ki, bu layihələr
böyük əhəmiyyət daşıyır. Cəlilabad rayonu əhalisinin böyük
əksəriyyətinin qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o
cümlədən kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti
var. Belə olan halda, əlbəttə ki, kənd yollarının tikintisi bəlkə
də ən vacib məsələdir və bu gün açılan yol Cəlilabad rayonunda icra
edilən dördüncü kənd yolu layihəsidir. Bu günə qədər üç layihə icra
edilmişdir. Artıq 60-a yaxın yaşayış məntəqəsinə kənd yolları
çəkilib və işlər yüksək səviyyədə icra edilmişdir. Bu qəsəbələrdə
100 minə yaxın əhali yaşayır", - deyə İlham Əliyev qeyd edib.
O bildirib ki, Alar-Cəfərxanlı kənd yolunun açılışı da növbəti
layihədir.
"Əlbəttə ki, gələcəkdə kənd yollarının tikintisi davam
etməlidir, çünki hələ ki buna ehtiyac var və Cəlilabad böyük
rayondur. Bir çox yaşayış məntəqələri var, əhali də böyükdür. Ona
görə Cəlilabada daim yüksək səviyyədə diqqət göstəriləcək", - deyə
dövlət başçısı vurğulayıb.
İlham Əliyev bu gün, həmçinin iri fermer təsərrüfatının
açılışının qeyd edildiyini vurğulayıb:
"Bu da çox gözəl hadisədir. Bu gün artıq Azərbaycanda 20-yə
yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir və bu
təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı
2 dəfə yüksəkdir. Hektardan 50-60 sentner məhsul götürülür. Bax,
budur yeni yanaşma və bizim siyasətimiz. Bir neçə il bundan əvvəl
göstəriş verilmişdir ki, iri fermer təsərrüfatları yaradılsın və
onlardan artıq 19-u yaradılmışdır. Biri də bu gün açılıbdır. Burada
həm iş yerləri açılır, eyni zamanda, yeni bir kənd təsərrüfatı
sistemi formalaşır.
Bu il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilib və şadam
ki, bol məhsul götürülübdür. Bu il kənd təsərrüfatı 7 faizdən çox
artmışdır. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib
məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik.
Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində
özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var -
torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait.
Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, "Aqrolizinq"
xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü
bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan
səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da
sürətlə inkişaf etsin".
Prezident əminliyini bildirib ki, "biz öz ərzaq
təhlükəsizliyimizi yüz faiz səviyyəsində təmin edə bilərik. Hesab
edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki
bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni
zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam
şəkildə təmin edəcək. Hesab edirəm ki, digər sahələrdə də eyni
yanaşma olmalıdır, nəyi özümüz istehsal edə biliriksə istehsal
etməliyik".
Onun sözlərinə görə, tikinti materialları, ərzaq məhsulları və
sənayenin inkişafı da əlbəttə ki, daim diqqət mərkəzində
olmalıdır.
"Bir daha demək istəyirəm ki, Cəlilabad rayonunun inkişafı üçün
əlavə tədbirlər görüləcək. Çox işlər görülüb, ancaq görüləsi işlər
çoxdur. Hazırda içməli su və kanalizasiya layihəsi icra edilir və
çalışacağıq ki, gələn ilin sonuna qədər Cəlilabad şəhərini tam
şəkildə təmiz içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edək.
Məktəb tikintisinə hələ ki, ehtiyac var. Düzdür son vaxtlar 30-a
yaxın məktəb tikilib, təmir edilib, ancaq təmirsiz məktəblər
əfsuslar olsun ki, var. Biz bunları bilirik, həll edəcəyik", - deyə
İlham Əliyev qeyd edib.
Cəlilabadda qazlaşdırma layihələrinə toxunan dövlət başçısı bu
prosesin daha sürətlə getməli olduğunu diqqətə çatdırıb:
"Hələ ki, bu nə məni, nə də sizi qane edə bilməz. Çünki mənə
verilən məlumata görə, Cəlilabadda qazlaşdırma orta hesabla
təxminən 40 faiz səviyyəsindədir. Bu, çox aşağı səviyyədir və
Dövlət Neft Şirkətinə, onun qurumu olan "Azəriqaz"a tapşırıq
veriləcək ki, burada qazlaşdırmanın sürəti artırılsın. Çünki biz
indi çalışırıq ki, ölkə üzrə qazlaşdırmanı 95 faizə çatdıraq,
çatdıracağıq da. Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı
artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan
əhalisini təmin etməliyik. Belə olan halda, 40 faiz qazlaşdırma
Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən
sonra bu sahədə işlər daha da sürətlə başlayacaq. Bir sözlə,
insanlara lazım olan bütün məsələlər, layihələr icra edilir -
içməli su, qazlaşdırma, elektrik enerjisi, kənd yolları, iş
yerləri, sosial obyektlər, tibbi xidmət, təhsil. Əlbəttə ki, bütün
bunlara nail olmaq üçün gərək iqtisadiyyatımız daha da sürətlə
inkişaf etsin".
Dövlət başçısının sözlərinə görə, "bu il bizim iqtisadiyyatımız
hələ ki, birinci yarımildə təxminən 6 faiz artıb. Dünya miqyasında
bu, bəlkə də indiki dövrdə ən yüksək göstəricidir". O qeyri-neft
sektorunun 9 faizdən çox artdığını bildirib:
"Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim
iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər
kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir
sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi
infrastruktur layihələri icra edilir. Bax, bugünkü layihə bunun
bariz nümunəsidir. Bu layihələr bütün ölkə üzrə aparılır. Kənd
yollarının tikintisi ölkə üzrə geniş vüsət almışdır, çünki buna
böyük ehtiyac var. Bu sosial məsələdir, ilk növbədə, insanların
rahatlığıdır və iqtisadi məsələdir, çünki kənd yolu olanda iş yeri
də açılar, müəssisə də yaradılar, eyni zamanda, biz bir çox
məsələləri də həll etmiş olarıq. Misal üçün, əvvəllər hər bir
yaşayış məntəqəsində, yaxud da ki bir neçə məntəqənin ətrafında
mütləq bir tibb müəssisəsi olmalı idi. Çünki mərkəzə gediş-gəliş o
qədər də rahat deyildi. Ancaq indi 20-22 kilometrlik rahat yolu bir
neçə dəqiqəyə gəlmək olar və burada, Cəlilabad şəhərində həm
Müalicə-Diaqnostika Mərkəzi, həm Mərkəzi Rayon Xəstəxanası var. Ona
görə, iqtisadi sahədə, yəni sosial və iqtisadi məsələlərin həlli
üçün də kənd yollarının çox böyük əhəmiyyəti var. Amma yenə də
deyirəm, bu, ilk növbədə, insanların rahatlığı üçündür".
Bu yol üzərində 6 kənd yerləşir, 20 mindən çox əhali yoldan
istifadə edəcək. Bax, biz bu yolla gedirik və bu yol inkişaf
yoludur. Bizim əldə etdiyimiz uğurlar onu sübut edir ki, Azərbaycan
sürətlə, inamla inkişaf edir, gələcəyimiz də daha yaxşı
olacaq".