Yanvarın 10-da Baş Prokurorluqda 2013-cü ildə
prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran
vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi
keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən
"Axar.az"a verilən məlumata görə, müşavirədə çıxış
edən Baş prokuror Zakir Qaralov bildirib ki, ötən il Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən müdrik dövlət siyasətinin nəticəsi olaraq ölkə
həyatının bütün sahələrində əhəmiyyətli uğurlar əldə edilib,
dövlətçiliyimiz daha da möhkəmləndirilib, respublikamızın iqtisadi
qüdrəti artıb.
Əməliyyat müşavirəsində Nazirlər Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda
duran vəzifələrə həsr olunan iclasında korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin daha da gücləndirilməsi barədə Dövlət başçısı
cənab İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar
struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq
mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa
qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə
aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin
qarşısının alınması və onları doğuran səbəblərin aradan
qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata
keçirilməsi barədə tapşırıqlar verilib.
Müşavirədə həmçinin, Azərbaycan Respublikası Prezidentinin 26
dekabr 2012-ci il tarixli "Yol-nəqliyyat hadisələri ilə əlaqədar
təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin
tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə
bağlı tədbirlər haqqında" Sərəncamından irəli gələn vəzifələrin
icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və
istintaqında, açılması təmin edilməyən ölümlə nəticələnən
yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq
hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin
gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan
təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər
sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb
edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə
dair konkret göstərişlər verilib.
Eyni zamanda, 2013-cü il ərzində görülən işlərin vəziyyəti
ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun
olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin
aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının
keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.