Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə
Heyətinin üzvü Əli Həziquliyev "Brifinq"in qonağıdır. Müxalifət
düşərgəsinin seçki hazırlığını dəyərləndirən Ə.Həziquliyev təmsil
olunduğu partiyanın şanslarından danışıb. O, Qərbin radikal
müxalifətə təsir imkanlarından söz açıb, mərhum prezident Əbülfəz
Elçibəylə tanışlığından bəhs edib.
Nərgiz Ehlamqızı: Parlament seçkilərinə çox az müddət
qalıb. Təmsil olunduğunuz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
seçkilərə necə hazırlaşır? Yeri gəlmişkən, partiyanın Ali
Məclisinin son iclasında İdarə Heyətinin üzvü seçildiniz.
Partiyanın seçkidə perspektivini necə
qiymətləndirirsiniz?
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət
Həsənquliyevin təşəbbüsü və təqdimatı əsasında İdarə Heyətinə üzv
seçildim. Hesablamalarıma görə, seçkilərə Yeni Azərbaycan
Partiyasından sonra ikinci ciddi hazırlaşan partiya BAXCP-dir.
Partiyamız seçkilərə 83 namizədlə qatılacaq. Seçkilər Azərbaycanı
ictimai-siyasi həyatda bir addım önə aparan siyasi prosesdir.
Seçkilərin əhəmiyyəti ondan ibarətdir ki, hər bir seçkidə cəmiyyət
demokratikləşməyə doğru daha bir addım atır. Partiyalar seçkilərə
qatılmaqla özləri üçün həm yeni təcrübə qazanır, həm də öz
daxilində və Azərbaycan cəmiyyətinin siyasiləşməsi üçün yeni müsbət
addımlar atmış olurlar. Hər seçkidə partiya ardınca sosial baza
gətirir. Müstəqillik qazanandan bu günədək 5-ci dəfədir parlament
seçkiləri keçirəcəyik. Siz baxın Azərbaycan cəmiyyəti nə qədər
siyasiləşə bilib. Sovet dövründə seçkilər demək olar ki,
keçirilməyib, O prosesi seçki adlandırmaq olmazdı. Hələ tələbə ikən
Gəncədə dairə seçki komissiyasının sədri olmuşam. Seçki prosesinin
necə keçirildiyinin şahidi olmuşam, indi isə tamamilə fərqli seçki
baş tutur. Özüm isə indiki seçkiləri də nəzərə alsaq, artıq 3-cü
dəfədir parlament seçkilərində iştirak etmiş olacağam. Ötən
seçkilərdə bir o qədər aktiv iştirak etməmişəm. Hesab edirəm ki,
BAXCP olaraq bu seçkidən qalib ayrılacağıq.
Aqil Lətifov: Hansı dairədən namizədliyinizi irəli
sürəcəksiniz?
- Hazırda dəqiqləşmə aparıram. Goranboy rayonunda 2 dairə var,
birinin üzərində dayanacağam. 96 saylı Goranboy-Naftalan və 97
saylı Goranboy-Ağdam-Tərtər dairələrinin hər ikisi doğmadır. İki
dairənin hər birində seçicilərlə işləmişik. Qüdrət Həsənquliyev 97
saylı dairədən deputat seçilib, mən o zaman onun vəkili idim. Orada
bütün məntəqələri gəzmişəm və sosial bazamız güclüdür. 96 saylı
dairədən də namizədliyimi irəli sürə bilərəm. Atamın, doğmalarımın
yaşadığı ərazidir. Rayon daxilində kifayət qədər tanınıram. 2005 və
2010-cu illərdə həmin dairədə namizədliyimi irəli sürmüşəm,
insanların mənim haqqımda kifayət qədər informasiyaları var.
Seçkilər siyasi proses olduğu üçün bir qədər gözləməyə məcburuq.
Bəzi partiyalarda nüfuzlu insanlar var, onların haradan
namizədliklərini verdiyinə baxacağam, mübarizə aparacağım
insanların hansı dairələrə düşdüyünə diqqət yetirəcəyəm, kimə qalib
gələ bilərəmsə, həmin dairədən namizədliyimi verəcəyəm. Milli
azadlıq hərəkat dövründən tanınan adamam, AXC-nin həmişə önündə
olmuşam, rayonların əksəriyyətində məni tanıyırlar, digər
rayonlarda bir o qədər sosial bazam olmadığına görə, Goranboy
rayonunun üzərində dayanacağam.
A.Lətifov: Emin Millinin mərhum prezident Əbülfəz
Elçibəy haqda təhqiredici ifadələrinə AXCP sədri Əli Kərimli və
onun ətrafındakı heç kəsdən reaksiya gəlmədi. Bu situasiyanı necə
şərh edərdiniz?
- Əbülfəz Elçibəy Azərbaycan xalqının sevdiyi şəxsiyyət idi. Əli
Kərimlinin Emin Milli və onun kimi hərəkət edən digərlərinə cavab
verməməsi birinci hal deyil. Açığı, Əli Kərimli və onun dəstəsindən
bu hücumlara cavab verəcəyini gözləmirəm. Çünki hələ Elçibəyin
sağlığında ona olan hücumlara reaksiya verilməyib. Əli Kərimlinin
inhisarında olan "Azadlıq" qəzeti hər hansı reaksiya göstərməyib,
əksinə hücumlara bir qədər də dəstək olub. Əli Kərimıiyə eləcə də
"Yurd" təşkilatına yaxın, tabe olan "Məkan" və digər qəzetlərdə
Elçibəyin təhqir olunması təşkil olunurdu. Ona görə də, hesab
etmirəm ki, nə vaxt kimsə, Eçibəyi təhqir edərsə, Əli Kərimli və
dəstəsi ona cavab verəcək. Əlində heç bir informasiya resursu
olmayan insanlar var ki, onlar yəqin hansısa formada cavab verəcək.
Sual oluna bilər şəxsən özüm niyə Emin Milliyə cavab vermirəm. Emin
Millinin yazısına baxdım, təhqir çox aşağılayıcı səviyyədə idi,
tənqid yox idi, təhqirə də gərək təhqirlə cavab verəsən. Tənqidi
arqumentlərlə cavablamaq olur. Özüm Emin Millinin Facebook-da
inboksuna normal formada cavabımı yazdım. Onun etdiyi formada cavab
vermək insanın özünün imicinə mənfi təsir göstərir. Əli Kərimli
hətta Emin Milliyə cavab versə belə, bu, özü siyasi gediş olacaqdı,
səmimiyyətdən kənar bir gediş.
İlhamə Əbülfət: Bu gün deputatlığa iddialılar içərisində
jurnalistlər və baş redaktorlar fəallıq edirlər. Bunu nə ilə
əlaqələndirmək olar?
- Partiya olaraq seçkilərdə ona görə iştirak edirik ki, həm də
cəmiyyətin özünü siyasiləşdirək. Şərt burada mütləq şəkildə
parlamentdə mandat qazanmaq uğrunda mübarizədən getmir. Təbii ki,
çalışacağam ki, qalib gəlim. Hər dəfə seçkilərdə cəmiyyətdə
demokratikləşmə prosesi gedir. Cəmiyyətdə seçkilərdə iştirak etmək
adəti yaranır. Biz bilirik ki, seçki bülleteni artıq çap olunmur.
Yəni seçki bülleteni seçici sayı qədər çap olunur. Kimsə deyirsə,
əlavə bülleten çap olunur, bu, birmənalı şəkildə yalandır. BAXCP
sədrinin də bəyan etdiyi kimi elə baş redaktorlar və ya siyasi
yazarlar yetişib ki, tam siyasiləşiblər, proseslərə aktiv müdaxilə
etmək qabiliyyətinə malikdirlər. Onlar parlamentdə oturmağa layiqli
insanlardır. Parlament qanunverici siyasi orqandır. Bu baxımdan baş
redaktorların, siyasi aktiv insanların həmin orqanda təmsil
olunması cəmiyyətimiz, dövlət və hakimiyyət üçün xeyirli olar. Nə
qədər rəqib olsaq da, aramızda uçurum olsa belə Əli Kərimlinin bu
prosesdə iştirak etməsini arzulayardım ki, onlar da arxasındakı
radikal qüvvələri seçkiyə gətirməklə onlara da yeni stimul verərdi.
Boykot taktikasını uğurlu taktika saymıram. Seçkiyə gəlməyən,
ömründə bir dəfə belə, məntəqədə səs verməyən insanlar seçkinin
boykotundan danışmağa başlayır, eyni zamanda seçki haqda mənfi imic
formalaşdırmağa çalışırlar.
A.Lətifov: Müsavat Partiyası artıq deputatlığa
namizədlərinin siyahısı açıqlayıb. Orada nüfuzlu şəxslər barmaqla
sayılacaq qədərdir. AXCP boykot çağırışları edir. Müxalifətin
durumunu necə dəyərləndirirsiniz?
- Nüfuz insanın siyasi fəaliyyət sferasından yaranır. Müxalifət
düşərgəsi, o cümlədən radikal və konstruktiv müxalifət üçün çox az
fəaliyyət sferası var. Bizim özümüzü cəmiyyətə təqdim etmək üçün
müstəvimiz yoxdur. Bir nəfərlə parlamentdə təmsil olunuruq.
BAXCP-nin Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqında
tamhüquqlu üzvlüyümüzə baxılacaq. Orada partiyamızın namizədliyi
səsə qoyulanda Ermənistandan olan nümayəndə Qüdrət Həsənquliyevdən
soruşmuşdu ki, parlamentdə neçə nəfərlə təmsil olunursunuz? BAXCP
bir nəfərlə Avropaya çıxıb. Bu qədər iş görürük, çox güman ki,
tamhüquqlu üzvlüyümüz qəbul olunacaq. Müxalifətdə kifayət qədər
nüfuzlu insanlar var idi ki, müxalifətin passivliyi üzündən
partiyaları tərk etdi. Məsələn, götürək Müsavat Partiyasını.
Müsavatın arxasında sosial baza vardı. AXC parçalanandan sonra
kifayət qədər sosial gücə malik insanlar Müsavata getmişdi. Bu
insanlar zaman-zaman müxalifətin düzgün olmayan taktikaları ilə öz
nüfuzlarını itirdilər, ayrılıb passiv müşahidəçi seyrinə keçdilər.
Müsavat başqanı İsa Qəmbər də nüfuzunu itirmiş oldu. Müsavat
başqanı komandası, sosial bazası olmayanda, başqa cür necə güclü
ola bilər? Bundan başqa onların nə maliyyəsi, nə siyasi
konsepsiyaları, xalqa xidmət səhnəsi var, sadəcə söz deyə bilirlər.
Dedikləri söz də iqtidarın apardığı sosial-iqtisadi layihələr
sayəsində yalana çıxır. Bizim tənqidlərin qarşısına iqtidar öz
gördüyü işləri qoyur. Bu məsələdə də istər-istəməz nüfuzumuzu
itirmiş olacağıq. Seçkiyə gedən insanlar iki halda seçkini qazana
bilir: ya öz şəxsi nüfuzundan istifadə etməklə; yaxud partiya
olaraq siyasi və cəmiyyətdəki nüfuzdan istifadə etməklə. Bunun heç
biri radikal düşərgədə qalmayıb. Şəxsi nüfuzlarını da bu qədər
yalanların ucbatından itiriblər. Hətta nüfuzlarını partiyanın
içində belə qoruyub saxlaya bilməyiblər. İsa Qəmbər Adil Əliyevə
demokratik şəraitdə uduzub. Bunu tam səmimiyyətimlə deyirəm. İsa
Qəmbər iddialı olsa belə, gücünü göstərə bilmədi. Builki seçkilərdə
radikal düşərgənin hansısa uğur qazana biləcəyini düşünmürəm.
Ölkənin uğurlu xarici siyasəti radikal müxalifət düşərgəsində də
adam qoymadı. ABŞ İsa Qəmbərə, zamanında Elçibəyə, Əli Kərimliyə
vermədiyi dəstəyi Xədicə İsmayılla, Leyla Yunusa verir. Görün,
siyasi vəziyyət hansı səviyyəyə gəlib çıxıb. ABŞ əvvəllər
Azərbaycanda demokratiya adı altında dəstək olurdusa, bu gün
açıq-açığına Xədicə İsmayılla Leyla Yunusa dəstək olur. Niyə? Çünki
onlar Amerikanın Azərbaycanda danışan dili, imzalarıdır. Ona görə
də belə təpki göstərilir. ABŞ-ın verəcəyi dəstəyin səviyyəsi Xədicə
İsmayıla qədər düşüb.
Dilqəm Əhməd: Sizcə, ABŞ bundan sonra kimə dəstək
verəcək? Əli Kərimliyəmi?
- Leyla Yunusun hələ 1995-ci ildən Azərbaycançı adam olması
fikrindən uzağam, Xədicə İsmayıl düzdür, şəxsən mənim xoşuma
gəlməyən düşərgəyə xidmət etsə də, nə zamansa Azərbaycan jurnalisti
olub. ABŞ-ın indi kimə dəstək olacağına gəlincə, şübhələrim var.
Daxildə kimisə yetişdirirlər. Ölmüş radikal müxalif nümayəndəsi bu
proseslər fonunda qaldırırlar. Nə olduğu 1-2 ay sonra bəlli olacaq.
İnşallah Əli Kərimli layiqli yerini silinib getməklə tutar.
Partiyanın Razi Nurullayevin əlinə keçməyi daha məsləhətlidir.
Hətta yaradılmasına töhfə verdiyim partiyadan payıma düşəni Razi
Nurullayevə verirəm, təki Əli Kərimlidə qalmasın.
Nemət Orucov: Sizcə, parlament seçkilərində Yeni
Azərbaycan Partiyasına ən real alternativ qüvvə kim
olacaq?
- YAP-a alternativ qüvvə yoxdur. Son 15 ildə demək olar ki,
birqütblü siyasət həyata keçirilir. 2005-ci ildə tam alternativ
olmasa da, 25-30 faizlik hakimiyyətə can ata biləcək qüvvə var idi.
Hətta ən radikal müxalifət partiyasının sədri Əli Kərimliyə
hakimiyyətə gəlməyə imkan tanısalar, o, bundan qorxub imtina edər.
Çünki onun nə kadr potensialı, nə də gücü var. Bu baxımdan, YAP-a
alternativ görmürəm. Mümkündür ki, konstruktiv müxalifət birləşib
siyasi iradə ortaya qoya bilsin. Ancaq təkbaşına belə qüvvə
yoxdur.
N.Orucov: Müasir seçki texnoloqları hesab edir ki,
seçkilərdə regional amil və maliyyə faktoru ciddi rol oynayır.
Sizin bu barədə fikriniz necədir?
- Təbii ki, normal seçki prosesinin nəzəriyyəsində bu iki faktor
dayanır. Biz bunu ABŞ nümunəsində götürəndə müşahidələrimizdə
görürük ki, Corc Buş öz ştatında 99 faiz səs alır. Azərbaycanda mən
regionumdan seçiləndə, hamı məni eybəcər şəkildə qınayır, amma bunu
Amerikada demokratiyaya xidmət edən regionçuluq sayırlar. Regional
amil birmənalı şəkildə var, olub və olacaq, bunun qarşısını almaq
mümkün deyil. Çünki öz içinizdə bunu saf-çürük etsəniz,
görəcəksiniz ki, sabah sizi hansısa vəzifəyə qoyanda tanıdığınız
adamlardan kimisə irəli çəkəcəksiniz. Bizim seçkilər prosesində
aktiv fəaliyyət göstərməyimizin fəlsəfəsi ondan ibarətdir ki,
seçkiləri bu iki faktorun üzərində saxlayaq. Mən üçüncü faktoru da
əlavə etmək istərdim, partiyalı sistem olsun. Burada artıq regional
amil itir, biz proporsional seçki sisteminin bərpasına çalışırıq.
Sədrimiz də dəfələrlə bəyan edib ki, Azərbaycanda Konstitusiya
islahatları aparılmalı, parlamentli respublikaya keçilməlidir.
A.Lətifov: Parlamentin tərkibində kəskin dəyişikliklərin
olacağı ilə bağlı iddialar var. Sizin gözləntiləriniz nədən
ibarətdir?
- Parlamentin tərkibində böyük dəyişikliklər mümkündür. Ancaq
hesab etmirəm ki, kəskin dəyişiklik olacaq. Çünki İlham Əliyev
hakimiyyətə gələndən sonra sübut elədi ki, dinamik mobil komanda
formalaşdıra bilib. Komandasına uyğun olmayan insanları və komanda
daxilində pərakəndəlik yarada bilən insanları sıradan çıxara bilib.
Mobil komanda ilə 13 ildir Azərbaycanı idarə edir, müsbət
idarəçilik və tendensiyanın şahidiyik. Bu baxımdan ciddi
dəyişikliyi gözləmirəm. Yaşlıların yenilərlə əvəzlənməsi, 10-15
faiz konstruktiv müxalifətə yer verilməsi mümkündür. Ancaq köklü
dəyişikliklər gözləmirəm. YAP-ın öz tərkibində cavanlaşma siyasəti
aparması gözləniləndir. Yaşlaşmış və siyasi fəaliyyətdən uzaqlaşmış
insanları ola bilər ki, dəyişsinlər. Bu, parlamentin tərkibində
dəyişiklik demək deyil.
N.Orucov: Bitərəf namizədlərin, o cümlədən
biznesmenlərin, şirkət rəhbərlərinin seçkidə iştirakını məqbul
saymırsınız?
- Yox, niyə də olmasın? Proporsional seçki sistemlərində 25
nəfər proporsional, qalan 100 nəfər majoritar qaydada parlamentə
seçilirdi. Müstəqil biznesmenlər də partiyalardan gəlib keçirdilər.
Ümumiyyətlə, partiyaların seçki prosesində dayağı maliyyədir.
Maliyyənin də arxasında biznesmenlər və biznes strukturu dayanır.
Ona görə də müstəqil biznesmenin parlamentə düşməsi absurddur.
Orada nə iş görəcək?
N.Ehlamqızı: Parlamentdə indiyədək xalq artistləri, xalq
şairləri də mandat qazanıb. Müğənni Elza Seyidcahan da deputat
olmaq istəyir.
- Parlament xalq artistlərinin, müğənnilərin yeri deyil. Milli
Məclis qanunverici orqandır. Təsəvvür edin, İsa Qəmbər deyir ki,
mən şou-biznesdə olmaq istəyirəm. Bu, nə qədər doğru olar? Eləcə də
Elza Seyidcahan deyir ki, parlamentdə olmaq istəyirəm. Elza
Seyidcahanın deputat olmağı təxminən İsa Qəmbərin mahnı
müsabiqəsinə qatılmağı kimi bir şeydir. Cəmiyyət tərəfindən ancaq
belə qarşılana bilər. Sovet ənənəsində ancaq əməkdarlar, ziyalılar,
xalq yazıçıları deputat olublar. Azərbaycan müstəqilləşəndən sonra
belə bu adamları parlamentdə saxlamaqla siyasi hakimiyyət onların
sosial bazasından istifadə edib. Ancaq hesab edirəm ki, bu insanlar
siyasiləşmiş parlamentdə yenə də partiyadan namizəd olmalıdırlar.
Əgər Elza Seyidcahanın arxası, gücü, sosial bazası varsa, o halda
hansısa partiya ondan yararlanacaq. Zeynəb Xanlarovanın cəmiyyətdə
nüfuzundan, sosial bazasından YAP-ın namizəd kimi istifadəsi
məqbuldur.
A.Lətifov: Həm də "Elçi" qəzetinin baş redaktorusunuz.
Necə oldu mətbuata gəldiniz, qəzet təsis etməyə
başladınız?
- 1989-cu ildən, hərbi xidmətdən qayıdan sonra milli azadlıq
hərəkatında olmuşam. AXC dövründə Gəncə təşkilatının informasiya
şöbəsində işləyirdim. Rauf Arifoğlunun çıxardığı "Yeni Müsavat"ın
hələ gizli dövrlərində qəzetlə əməkdaşlıq edirdim. Bəzi hallarda
kömək edirdim. AXC hakimiyyətdən gedəndən sonra Bakıya gəldim,
AXC-nin informasiya mərkəzində işlədim. Yadigar Məmmədlinin
həbsindən sonra yük mənim çiynimdə qaldı, mərkəzin direktor əvəzi
oldum. Bununla yanaşı "Yeni Müsavat", "Cümhuriyyət", "Azadlıq"
qəzetində yazılarla çıxış etdim. Sonra qəzetlərin texniki tərəfi
ilə məşğul oldum. Nəhayət, 1998-ci ildə özüm qəzet çıxarmaq qərarı
verdim və "Elçi" qəzeti təsis etdim. 1999-cu ildən bugünədək bu
qəzetdə fəaliyyət göstərirəm.
Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda müstəqil jurnalistikanın
formalaşmasında mənim yerim var. Ən azından cəmiyyətə, Azərbaycan
siyasətinə qəzet ortaya qoymuşam, onu yaradıb yaşatmışam.
Nərmin Muradova: Musiqi ilə aranız necədir? Hansı
anlarda musiqiyə qulaq asırsınız?
- Musiqini ancaq maşında dinləyirəm. Toylarda musiqi başlayan
vaxta qədər otururam. Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora
Kərimovanın ifasını xoşlayıram. Hamının sevdiyini Elza Seyidcahanın
musiqilərini dinləyə bilirəm. Röya, İradə İbrahimovanın mahnılarını
bəyənirəm. Uitni Hyustonun, Toni Braksonu dinləməyi xoşlayıram.
Ennio Morrikonenin əsərləri ruhuma çox yaxındır.
N.Muradova: Sonuncu dəfə hansı tamaşaya
baxmısınız?
- Dostumun təkidi ilə "Azdrama"ya getmişəm.
N.Ehlamqızı: Ailə üzvlərinizlə teatrlara, konsertlərə
getmisiniz?
- Ailə üzvlərimlə ancaq gəzintiyə gedirəm. Bir dəfə övladlarımın
istəyi ilə "Bu şəhərdə"nin konsertinə getmişik. Düzdür, mən onların
tamaşasını xoşlamıram, fikrimcə, o, televiziya üçün nəzərdə
tutulur. Teatr tamam fərqlidir. Tələbəliyim teatrda keçib, hamı
kinoya gedərdi. Şou səhnələri səhnədən görünmür, televiziya
tamaşaları olduğu üçün onlara TV-dən baxmaq daha effektlidir. Bizim
uşaqların istirahət adı gələndə yadlarına bulvar, attraksionlar
düşür. Bizim dövrümüzdə bu cür istirahət olmayıb. Onlar istirahət
edəndə mən, mən istirahət edəndə onlar yorulur. Havamızı dəyişmək
üçün imkan düşəndə Bakını tərk edirik.
N.Muradova: Neçə övladınız var?
- 2 qızım var.
N.Ehlamqızı: Milli azadlıq hərəkatı dövrü ilə maraqlı
xatirələrinizi yazırsınız?
- Yox, gündəlik yazmıram. Mənfi cəhətlərimdən biri odur ki,
şəkil yığmağı xoşlamıram. Elçibəyə ömründə bir dəfə salam verən
adamın Elçibəylə 8 yerdə şəkli var. Təkcə Kələkidə Elçibəylə 16
dəfə görüşmüşəm. Cəmi 1 şəklim var, o şəkildə heç birimiz
tanınmırıq. Bəlkə də foto çəkdirmək istəmişəm, amma bu işə can
atmamışam. Yəqin insanlar var ki, məhz şəkil üçün kiminləsə
yaxınlıq edirlər.
N.Muradova: Sonradan təəssüfləndiniz?
- Xatirə yaxşı şeydir. Elçibəydən ən böyük xatirəm qalıb, Böyük
qızım Sevilayın adını Elçibəy qoyub.
İ.Əbülfət: Əbülfəz Elçibəylə tanışlığınız nə zaman
olub?
- Gəncədə tələbə hərəkatının aparıcılarından idim. İlk
tanışlığımız Elçibəy Gəncəyə gələndən başlayıb. Bizimlə xüsusi
görüşdü. AXC Gəncə şəhər təşkilatının sədr əvəzi vəzifəsində
çalışmışam. Prezident olan dövrdə Prezident Aparatında görüşmüşəm.
Kələkiyə isə müsahibələrə, yaxud partiya ilə bağlı bəzi tapşırıqlar
üçün gedirdim. Onu da deyim ki, o dövrdə Kələkiyə getmək üçün 3
postun yoxlamasından keçməli olurdun. Hamı o yoxlamalardan keçmək
istəmirdi. Çoxu siyasətdə olsa da, ora getmək hər kəsin arzusu
deyildi. Mən həmin dövrdə Elçibəyin silahdaşı olmuşam, siyasətlə
məşğul deyildim. Kələkidə hər görüşümüzdə 1-2 saat təklikdə
söhbətimiz olurdu. Elçibəy son dərəcə maraqlı insan idi. Hamı onu
sakit, yumşaq insan kimi qəbul edir. Amma o cür deyildi, çox sərt
insan idi. Xüsusən də millətin taleyi müzakirə olunanda heç kəsə
ixtiyar verməzdi ki, onun milləti haqqında aşağılayıcı ifadə
işlətsin. Çox sərt şəkildə reaksiya verərdi.