Ankara şəhərində Türkiyə Respublikasının sədrlik etdiyi
və dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini
əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və
məşğulluq nazirlərinin toplantısı keçirilir. Tədbirdə əmək
bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının
təşviqi, insan resurslarının inkişafına investisiyanın artırılması,
işçi qüvvəsinə tələb və təklif arasında uyğunsuzluğun aradan
qaldırılması və s. məsələlər müzakirə olunur.
Axar.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat
xidmətinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin
rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
tədbirin insan resurslarının inkişafına sərmayənin artırılması üzrə
"G20 üzrə Bacarıqlar Strategiyası"na həsr olunan sessiyasında çıxış
edib. Nazir ilk növbədə dünyanın aparıcı dövlətlərinin beynəlxalq
iqtisadi əməkdaşlıq məsələləri üzrə qərar qəbul edici forumu olan
G20 platformasına Azərbaycan Respublikasının dəvət olunmasına görə
Türkiyə Cümhuriyyəti Hökumətinə minnətdarlığını ifadə edib. O, G20
ölkələrinin hazırki dövr üçün "İnkluzivlik, implementasiya və
investisiyalar" prioritetləri çərçivəsində güclü və dayanıqlı,
kifayət qədər iş yerləri olan iqtisadiyyatın formalaşdırılması
əsasında işsizliyin azaldılması, sosial cəhətdən həssas əhali
qruplarının əmək bazarına inteqrasiyası, bacarıqların artırılması
və əmək məhsuldarlığının yüksəldilməsi məsələlərinin Azərbaycan
üçün də olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
S.Müslümov Prezident cənab İlham Əliyevin uğurlu iqtisadi
inkişaf strategiyası nəticəsində müasir infrastruktur və çoxsaylı
enerji layihələrinin icrası, investisiya mühitinin
yaxşılaşdırılması, qeyri-neft sektorunun və regionların,
sahibkarlığın inkişafı sahəsində əldə olunan nailiyyətlərin ölkədə
dayanıqlı iqtisadi artım üçün möhkəm təməl yaratdığını diqqətə
çatdırıb. 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısının,
2014-cü ilin sonunda isə 75%-nin Azərbaycanın payına düşdüyünü qeyd
edən nazir bildirib ki, Davos İqtisadi Forumu 2014-cü il üçün
hesabatında Azərbaycanı iqtisadiyyatın rəqabətə davamlılığına görə
144 ölkə arasında 38-ci yerə layiq görüb, "Moodys", "Fitch
Ratings", "Standart and Poors" kimi reytinq agentlikləri isə
ölkəmizin reytinqini davamlı olaraq artırıb.
Azərbaycan hökuməti tərəfindən düzgün fiskal siyasətin həyata
keçirilməsi, o cümlədən sahibkarlığın inkişafı üçün güzəştli
kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam
rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi
münasibətlərin tənzimlənməsi nəticəsində son 12 ildə ölkədə ümumi
daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bu dövrdə
respublikada 1 mln. 400 min yeni iş yeri açılıb, iqtisadiyyata 180
mlrd. dollar investisiya yatırılıb, strateji valyuta ehtiyatları
xarici dövlət borcundan 10 dəfə çox olub. Həmçinin əhalinin
gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta
aylıq əmək haqqı 5,6 dəfə çoxalıb, işsizlik səviyyəsi 10,6 %-dən
4,9 %-dək, yoxsulluq səviyyəsi 44,7 %-dən 5%-dək azalıb:
"Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən davam edən
işğalı, xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan 1
milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu işsizliyin və
yoxsulluğun səviyyəsini, eləcə də ölkə iqtisadiyyatının sosial
yükünü artırmaqla bərabər, həm də iqtisadi artımı yavaşıdır.
Nazir bildirib ki, Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyası, dinamik iqtisadi inkişaf, yeni texnika və
texnologiyaların həyatın hər bir sahəsində geniş tətbiqi, yeni
istehsal üsullarının meydana gəlməsi ölkənin əmək bazarında yüksək
təhsil səviyyəsinə malik olan işçi qüvvəsinə tələbatı artırır və
bu, ölkənin iqtisadi artımı üçün əsas şərtlərdən birinə çevrilir.
İşçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və rəqabət
qabiliyyətinin artırılması, kadr hazırlığı sisteminin
təkmilləşdirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik
uyğunluğun təmin edilməsi və bütövlükdə insan kapitalının yüksək
inkişaf səviyyəsinə nail olunması ölkədə dövlət məşğulluq
siyasətinin əsas prioritet istiqamətidir: "Bu gün qeyd olunan
məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının
tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və
kvalifikasiya standartlarının tətbiqi işləri görülür. Bu baxımdan,
işçi bacarıqlarının formalaşdırılması, inkişafı və istifadəsi üçün
əsas prinsipləri müəyyən edən "G20 Bacarıqlar Strategiyası" ("G20
Skills Strategy") Azərbaycan üçün də olduqca aktualdır".
Azərbaycanda işsiz və işaxtaran vətəndaşların, xüsusən həssas
əhali qruplarının əmək bazarına daha tez inteqrasiyası məqsədilə
məşğulluq orqanlarının institusional və kadr potensialının daim
təkmilləşdirildiyini qeyd edən S.Müslümov işsiz vətəndaşların işlə
təminatı, peşə hazırlığı və peşəyönümü, əmək yarmarkaları, habelə
gənclər üçün xüsusiləşdirilmiş yarmarkalar, əmək birjaları barədə
məlumat verib. O, əlilliyi olan şəxslərin məşğulluğunun
dəstəklənməsi işlərindən bəhs edərək, sağlamlıq imkanları məhdud
gənclər üçün xüsusi təlim proqramlarının və peşə yönümü testlərinin
tətbiqi, peşə reabilitasiya mərkəzlərinin yaradılması və s.
tədbirləri diqqətə çatdırıb. Nazir həmçinin sosial tərəfdaşlıq
prinsipləri əsasında kompleks yanaşmaların, innovasiya
elementlərinin tətbiqi ilə daha yüksək keyfiyyətli məşğulluq
xidmətlərinin göstərilməsi üçün aparılan işlərdən bəhs edib: "Hər
bir ölkə üçün gənclər siyasətinə yönəldilmiş vəsait cəmiyyətin
mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar deməkdir.
Beynəlxalq təcrübə göstərir ki, bu gün dünya ölkələrində daha çox
aktual olan gənclərin məşğulluq probleminin həlli üçün siyasi iradə
və müasir yanaşmaların mövcudluğu əsas şərtlərdən biridir".
S.Müslümov vurğulayıb ki, Azərbaycan Avropa və MDB ölkələri
sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda
ölkələrdən biridir. Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 15-29
yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı
ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud
demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr
ölkədə iqtisadi artım, demoqrafiya, təhsil və məşğulluq
siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini
zəruri edir. "BƏT-lə birgə gerçəkləşdirilən və bir qrup gəncin əmək
haqqının yarısının 6 ay ərzində BƏT-in vəsaiti hesabına
maliyyələşdirilməsini nəzərdə tutan layihə nəticəsində bu gənclərin
90 faizi sonradan işəgötürən tərəfindən öz iş yerində saxlanıldı.
Biz belə eksperimentlərin artırılmasını və G20 ölkələrinin bu tipli
layihələri dəstəkləməsini arzulayırıq".
Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsinin
9,7% olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu
diqqətə çatdıran S.Müslümov bildirib ki, məhz bu səbəbdən,
Azərbaycan gənclərin məşğulluq problemlərinin həlli üzrə dünyada 10
lider ölkə sırasına daxil edilib: "Azərbaycan hökumətinin əsas
səyləri dayanıqlı iqtisadi artıma və əhalinin sosial rifahının
yüksəldilməsinə, xüsusilə əlilliyi olan şəxslərin, ahılların,
qaçqın və məcburi köçkünlərin, sosial müdafiəyə xüsusi ehtiyacı
olan digər şəxslərin potensial imkanlarından tam istifadəsi üçün
əmək bazarına açıq, inklüziv və bərabər hüquqlu çıxış imkanlarının
yaradılmasına yönəldilib. Ölkədə məşğulluq siyasəti daim
təkmilləşdirilir. Hazırda mövcud demoqrafik meyllərə və inkişaf
perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq
uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün
yeni Məşğulluq Konsepsiyası hazırlanır".
Nazir bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmış bilik
və bacarıqlara malik olan işçi qüvvəsi vasitəsilə ölkədə dayanıqlı,
tarazlaşdırılmış və inkluziv iqtisadiyyatın artımına Azərbaycanın
inkişaf konsepsiyasına uyğun olaraq müasir yanaşmalar və innovativ
metodlardan istifadə edilərək nail olunacağını vurğulayıb: "Bu
forumda qəbul ediləcək G20 Əmək və Məşğulluq Nazirlərinin
Bəyanatında öz əksini tapan siyasi məqsədlər və əldə olunmuş G20
ölkələrinin təcrübəsi gələcək fəaliyyətimizdə geniş istifadə
olunacaqdır".
Azərbaycanda dayanıqlı inkişafın təmin olunması şəraitində
əhalinin məşğulluq imkanlarının artırılması, xüsusən gənclərin
məşğulluğu, işsizliyin kəskin şəkildə azaldılması, daha inkluziv
əmək bazarının formalaşdırılması, əmək potensialının keyfiyyətcə
yüksəldilməsi yönündə aparılan işlər və əldə olunan uğurlar barədə
məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin yekunu olaraq G20 Əmək və Məşğulluq Nazirlərinin
Bəyanatının imzalanması nəzərdə tutulur.