Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq
torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa
olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi
mərasimində iştirak edib.
Axar.az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına layihə
haqqında ətraflı məlumat verib. Bildirib ki, "Şabran, Siyəzən və
Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə
verilməsi" layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan
layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında
meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların
istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin
sahələrinin su təminatinin yaxşılaşdırılması nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan
kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi
qurğusunu işə salıb.
Dövlət başçısına "Samur–Abşeron suvarma sisteminin yenidən
qurulması" layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı
rayonlarında mövcud suvarılan torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə
verilməsi" layihəsi barədə ətraflı məlumat verilib. Diqqətə
çatdırılıb ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə
dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su
yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron
kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr,
o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma
şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ
vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1150 hektar sahədə
kollektor-drenaj şəbəkəsi layihələndirilib. Layihə 2014-cü ildə
Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi
ilə təsdiq edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ilin iyul ayının
22-də Xızı rayonuna səfəri zamanı yeni inşa olunan
Taxtakörpü-Ceyranbatan kanalından rayonun yeni suvarılan torpaq
sahələrinə suyun verilməsi və mövcud suvarılan torpaqların su
təminatının yaxşılaşdırılması üçün suburaxıcı qurğunun təməlinin
qoyulması mərasimində iştirak edib və bu işlərin vacibliyini nəzərə
alaraq, onların sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını
verib. "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti
tərəfindən bu tapşırıqların vaxtında icrasının təmin edilməsi üçün
Dövlət Neft Fondunun vəsaiti hesabına 2014-cü ildən 3 min 396
hektar torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata
keçirilməsinə başlanılıb və işlər bu ilin avqust ayında tamamlanıb.
Yeni istifadəyə veriləcək 3 min 84 hektar torpaq sahəsinin 514
hektarı dövlət, 1715 hektarı bələdiyyə və 855 hektarı xüsusi
mülkiyyətdədir. Bu torpaqların 170 hektarında ABŞ istehsalı olan,
ən son texnologiyalara əsaslanan yağış üsulu ilə suvarma sistemi
quraşdırılıb. Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə
aparan yeganə sistemdir.
Bildirilib ki, Xızı rayonunda bu ilin sonunadək əlavə olaraq 3
min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni suvarılan
torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud suvarılan
torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorativ
tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Bununla da 2015-ci
ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399 hektar
yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar
mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin
ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı
rayonunda 5 min 468 hektar ərazinin su təminatının
yaxşılaşdırılması işləri həyata keçiriləcək. Yeni suvarılacaq
torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1150
hektarda kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə
tutulub.
Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə
edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə
bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və
tövsiyələrini verib.