Ermənistan 2014-cü ilin may ayında Gömrük İttifaqına
üzvlük sazişi imzalamağa hazırlaşır.
Ancaq bu proses Ermənistan üçün rahat keçməyəcək. İyun ayında
Gömrük İttifaqına üzv dövlətlərin parlamentləri Ermənistanın
üzvlüyünü səsverməyə çıxarmalıdır. Əlbəttə, Ermənistanı Avropa
Birliyi ilə assosiativ saziş əvəzinə Gömrük İttifaqına üzv olmağa
məcbur edən Kreml Dövlət Dumasında bu məsələni asanlıqla həll
edəcək. Ancaq eyni sözləri Belarus və Qazaxıstan parlamentləri
haqqında söyləmək çətindir. Hər iki dövlətin Azərbaycanla sıx
əlaqəsi var və Astana ilə Minsk Ermənistanın üzvlük məsələsində
Bakının maraqlarının nəzərə alınmasının tərəfdarıdır. Hətta Gömrük
İttifaqına üzvlüyə hazırlaşan Qırğızıstan da Azərbaycanın mövqeyini
müdafiə edir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən il dekabrın
24-də Avrasiya İqtisadi Birliyinin toplantısında Ermənistanın
Gömrük İttifaqına üzvlüyünə bir şərtlə razılaşacağını bildirdi ki,
Yerevan Dağlıq Qarabağla əlaqələr məsələsinə aydınlıq gətirsin.
Məsələ bundadır ki, Ermənistan Gömrük İttifaqına üzv olduqdan sonra
Dağlıq Qarabağ malları da Ermənistan üzərindən Gömrük İttifaqı üzv
ölkələrinin bazarlarına asanlıqla yol tapa bilər. Ermənistan
hakimiyyəti Gömrük İttifaqına üzv olduqdan sonra Dağlıq Qarabağ
iqtisadiyyatını bu prosesə qatacağını heç gizlətmir də.
Nursultan Nazarbayevin bəyanatı rəsmi Bakını da hərəkətə
keçirdi. Qazaxıstan prezidentinin açıqlamasından 3 gün sonra
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov açıqlama
verərək Azərbaycanın ərazi bütövlüyü məsələsi həll olunmayana və
işğal altındakı torpaqlar geri qaytarılmayana qədər rəsmi Bakının
Ermənistanın Gömrük İttifaqına üzvlüyünün əleyhinə olduğunu
vurğuladı.
Kreml isə Bakının narahatlığına açıq-aşkar soyuq yanaşır.
Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko ilə
Nursultan Nazarbayev Ermənistanın üzvlüyü məsələsində Azərbaycanın
haqlı maraqlarının nəzərə alınması vacibliyini deyərkən Rusiya
prezidenti Vladimir Putin susurdu, bu etirazlara reaksiya
bildirmirdi. Putin heç yerdə demədi ki, Dağlıq Qarabağda istehsal
olunan malların Ermənistan üzərindən ortaq bazara çıxışına imkan
verməyəcək. Rusiyanın özü müstəqilliklərini tanıdığı separatçı
Abxaziya və Cənubi Osetiyanın mallarını Gömrük İttifaqı
çərçivəsində ortaq bazara çıxarmağı planlaşdırır.
Kreml Bakı ilə münasibətlər pozulmasına deyə Dağlıq Qarabağa
birbaşa dəstək verməyəcək, ancaq Dağlıq Qarabağ mallarının
Ermənistan üzərindən ortaq bazara çıxarılmasına mane olmayacaq. Bu,
bir növ Rusiya-Ermənistan hərbi sazişlərinə bənzəyir. Rusiya
Ermənistana yeni silah və hərbi texnika göndərir, həmin silah və
hərbi texnikanın müəyyən bir hissəsi isə az sonra Dağlıq Qarabağda
peyda olur. Yəni faktiki Rusiya Ermənistan üzərindən Dağlıq Qarabağ
separatçılarına hərbi dəstək vermiş olur.
Aydındır ki, rəsmi Bakı Ermənistanın Gömrük İttifaqına üzvlüyünə
mane ola bilməyəcək. Buna baxmayaraq Azərbaycan iki yolla Yerevana
Gömrük İttifaqında əlavə problemlər yarada bilər.
Birincisi, Azərbaycan Gömrük İttifaqındakı tərəfdaşları –
Belarus, Qazaxıstan və Qırğızıstanla diplomatik təmaslarını
genişləndirərək bu dövlətlər vasitəsilə Ermənistanın ortaq bazara
çıxarmağa çalışdığı mallar üzərindəki nəzarətini gücləndirməyə
çalışmalıdır.
İkincisi, Bakı "Made in Armenia" adı altında Dağlıq Qarabağ
mallarının çeşidini müəyyənləşdirərək tərəfdaşlarını bu haqda daima
məlumatlandıra bilər ki, Yerevan Minsk, Astana və Bişkekin
təzyiqinə məruz qalsın (Mediaforum).