2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik
Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci
iclası olub.
Axar.az xəbər verir ki, İlham Əliyev 2017-ci ildə Bakıda IV
İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların
həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd etdi. İslam
Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza
malik ölkə kimi nümayiş etdirəcəyini deyən dövlətimizin başçısı bu
idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın
əlindən gələni edəcəyini vurğuladı. Bir neçə gün əvvəl Oyunların
Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladığını
deyən Prezident İlham Əliyev komitəyə rəhbərliyin Mehriban
Əliyevaya həvalə olunduğunu bildirdi. Qeyd etdi ki, Mehriban
Əliyeva həm "Eurovision", həm birinci Avropa Oyunları ilə bağlı
yaradılan Təşkilat komitələrinə rəhbərlik edib və bu tədbirlər
yüksək səviyyədə keçirilib. Xüsusilə, birinci Avropa Oyunlarının
nəticələrini qeyd edən dövlətimizin başçısı bu yarışların
standartlarının Azərbaycanda müəyyən olunduğunu vurğuladı.
"Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf
dövrünü yaşayır", - deyən Prezident İlham Əliyev Oyunlar ərəfəsində
ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığnı, bəzi xarici
dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma
informasiyalar yaydığını xatırlatdı, bunun təsadüfi olmadığını,
məqsədyönlü xarakter daşıdığını qeyd etdi. Dövlətimizin başçısı bu
səylərin boşa çıxdığını deyərək bildirdi ki, qonaqlar Azərbaycanın
reallıqlarını öz gözləri ilə gördülər, ölkəmizin multikulturalizm
mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının,
könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan
idmançılarının peşəkarlığının şahidi oldular. Prezident İlham
Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf
edən ölkə olduğunu bildirdi, gələcəkdə belə bayramların daha çox
olacağına əminliyini ifadə etdi.
Prezident İlham Əliyev yaxın gələcəkdə ölkəmizdə dünyada böyük
nüfuza malik "Formula-1" yarışının, Dünya Şahmat Olimpiadasının
keçiriləcəyini, bu yarışların ölkəmizdə təşkilinin Azərbaycanın
dünyada daha çox tanıdılmasına xidmət edəcəyini diqqətə
çatdırdı.
IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva göstərilən etimada görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi. Əmin olduğunu bildirdi ki, İslam Həmrəylik
Oyunları da yüksək səviyyədə keçiriləcək və Azərbaycan xalqının
etimadını doğruldacaq. Bu günə qədər keçirilən tədbirlərin
ölkəmizin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini
deyən Mehriban Əliyeva vurğuladı ki, İslam Həmrəylik Oyunları
müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Mehriban Əliyeva birinci Avropa Oyunları dövründə əldə edilən böyük
təcrübədən bu Oyunlar zamanı da istifadə olunacağını söylədi.
2013-cü ilin iyul ayında Ciddədə İslam Həmrəyliyi İdman
Federasiyasının VIII Baş Assambleyasında IV İslam Həmrəylik
Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən tarixi qərarı
xatırladan Mehriban Əliyeva ilkin hazırlıq işləri haqqında məlumat
verdi.
Təşkilat Komitəsinin sədri bildirdi ki, Oyunlarda iştirak edəcək
idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində
yerləşdirilməsi nəzərdə tutulub. Tədbirin dünyada təbliği və
informasiya dəstəyinin ən vacib məsələlərdən biri olduğunu qeyd
edən Mehriban Əliyeva Oyunlarla bağlı internet portalının
hazırlanacağını da diqqətə çatdırdı.
Mehriban Əliyeva bildirdi ki, qarşıda duran məsələlərdən biri
açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırmaqdır.
Yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla
danışıqların aparıldığını, Oyunların keçiriləcəyi müddətdə Bakıya
gələcək idmançıların, qonaqların yerləşdirilıməsi üçün otellərin
sayının dəqiqləşdirildiyini və bu sahədə heç bir problemin
olmadığını deyən Mehriban Əliyeva təxminən 10 minə yaxın gəncin
könüllü kimi Oyunlara cəlb olunacağını və bunun mühüm əhəmiyyət
daşıdığını vurğuladı. Bildirdi ki, yarışların keçirilməsi ilə bağlı
geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim
olunacaq.
Gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin üzvü
Azad Rəhimov çıxışında birinci Avropa Oyunlarının yüksək səviyyədə
keçdiyini, IV İslam Həmrəylik Oyunlarının da beynəlxalq
standartlara uyğun şəkildə təşkil ediləcəyini, bunun üçün ölkəmizdə
bütün imkanların olduğunu diqqətə çatdırdı.
İclasa yekun vuran Prezident İlham Əliyev Təşkilat Komitəsinin
bütün vəzifələri uğurla icra edəcəyinə əminliyini bildirdi.
Dövlətimizin başçısı oyunlara hazırlıqda koordinasiyanın təmin
olunmasının, yüksək peşəkarlığın göstərilməsi, qonaqların gəlişi,
viza problemlərinin həlli, müasir nəqliyyat vasitələri ilə təminat,
yüksək qonaqpərvərliyin göstərilməsinin əhəmiyyətini bildirdi,
təhlükəsizlik tədbirləri, informasiya-kommunikasiya sistemlərinin
fəaliyyəti, Bakıda və paytaxt ətrafında quruculuq-abadlıq işlərinin
davam etdirilməsi, Oyunların keçirilməsinə yerli və xarici
mütəxəssislərin cəlb olunması məsələlərinin vacibliyini qeyd etdi.
Oyunlar zamanı geniş mədəni proqramların keçirilməsinin önəmini
vurğulayan dövlətimizin başçısı qonaqlara zəngin və qədim
mədəniyyətimizin təqdim olunmasının vacibliyini də bildirdi.
Sonda Prezident İlham Əliyev qarşıdan gələn Qurban bayramı
münasibətilə təbriklərini çatdırdı.