Prezident İlham Əliyev "İctimai iştirakçılıq haqqında"
Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununun
tətbiqi barədə fərman imzalayıb.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"İctimai iştirakçılıq haqqında" qanuna uyğunlaşdırılmasına dair
təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin
qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun
layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin
qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq, fəaliyyətinə ictimai
nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə
təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat
vermək; həmin qanunun 6.1-ci maddəsinin birinci cümləsinə uyğun
olaraq, ictimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən
seçilməsinə dair əsasnaməni müəyyən edib Azərbaycan Prezidentinə
məlumat vermək; həmin qanunun 19-cu maddəsinə uyğun olaraq, mərkəzi
və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının
hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və
ictimai müzakirənin keçirilməsi qaydasını müəyyən edib Azərbaycan
Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn
digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların "İctimai
iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat
verməlidir.
Fərmanla müəyyən edilir ki "İctimai iştirakçılıq haqqında"
qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Prezidenti
həyata keçirir; həmin qanunun 6.1-ci maddəsinin birinci cümləsində
və 19-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.
"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı qəbul ediləcək Azərbaycan Respublikası
Prezidentinin aktları, Nazirlər Kabinetinin və mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanunun
qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməməlidir; qanunların və
normativ xarakterli aktların layihələri hazırlanarkən həmin qanunun
qüvvəyə minmə tarixi nəzərə alınmalıdır. (Trend)