Ana səhifə Gündəm |
09:00
Lənkərandakı 4 saylı məktəbin direktoru Yeganə Əsgərovanın gözü qarşısında icra başçısının müavini Rasilə Əliyevanın (Arifqızı) 9-cu sinif şagirdi Aliyə Camalovanı vəhşicəsinə döyməsi barədə məlumat artıq dövlət qurumlarının nəzarətindədir: DİN dərhal, məlumat yayılan gün – 15 iyulda artıq araşdırılma başladığını bildirdi, iki gün sonra isə Baş Prokurorluq izahatlar alındığı, ekspertiza təyin edildiyini elan, qanunvericiliyə uyğun qərar veriləcəyini vəd etdi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də münasibətini açıqlayıb və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib və s.
Ümid edirik ki, iddia yoxlanacaq və günahkar mütləq cəzasını alacaq, həm də ən qısa müddətdə.
Ona görə də tələsməyək – bəlkə, Rasilə Əliyeva haqlıdır, 14 yaşlı uşağı qəddarcasına, vəhşicəsinə döyməyib, ona böhtan atılır?
Bu sualla da gəldik əsas məsələyə və təəssüf ki, əksəriyyətin diqqətdən kənarda qoyduğu məqama: axı, Rəsilə Əliyeva açıqlama vermişdi və hadisəni danışmışdı!
Hər kəs dilinin altında gizlənib – elə başçı müavini də. Ona görə Rasilə Əliyevanın məlum açıqlamasından sitatları təhlil edək:
“Aliyənin anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var”.
Böyük bir şəhər-rayonun icra başçısının müavininin ifadələrindən, leksikonunda olan və ictimai açıqlamasında istifadə etdiyi sözlərdən şoka düşmək olar. Necə yəni “onu saxlayırlar”?
Bir rayonun icra başçısının müavini kiməsə qarşı bu cür ittihamlar irəli sürə bilər? İttiham edilən şəxs 14 yaşlı qız uşağıdırsa, ümumiyyətlə, vəziyyət daha da qəlizləşir: bir xanım məmur, rayona rəhbərlik edənlərdən biri 14 yaşlı uşağı necə əxlaqsız adlandıra bilər? Hansı haqq-hüquqla? 14 yaşlı bir uşağın taleyi ilə necə belə oynamaq olar?
Bu uşaq hələ yetkinlik yaşına belə çatmayıb, dünyanı dərk etmir. Ona ictimai şəkildə əxlaqsız demək qətiyyətlə olmaz və çox ciddi hüquqi məsuliyyət yaradır.
R.Əliyeva böyük bir hüquqi məsuliyyət daşıdığını bilə-bilə bunu deyirsə, bir vəzifə adamına yaraşmayan davranışdır – vəzifəsinə arxayın olub, insanların şərəf və ləyaqətini alçaltmaq olmaz; yox, məsuliyyətini dərk etmirsə, onda onu bu vəzifəyə necə seçiblər?
R.Əliyevanın Aliyəni döyüb-döyməməsi olduqca mübahisəlidir, bəlkə də döyməyib. Ancaq başçı müavinin bu sözləri Aliyəni döyməkdən betərdir, onun taleyini, gəncliyini, gələcəyini məhv etməkdir: döyübsə, 3-5 gündən sonra onun zədələri keçib gedəcək, ancaq bu cür ağır ifadələr qız uşağını ömrünün sonuna qədər təqib edəcək.
“Sinif şagirdlərinin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.
Son cümləyə diqqət edin: Aliyənin ailəsi haqda da ağır ifadələrdən istifadə edir və ümumilikdə bu ailəni xar edir.
Bu qadının-xanımın-məmurun kiçik bir açıqlamasında iki dəfə ardıcıl “onu saxlayırlar” ifadəsindən istifadə edilib. Bu nə kompleksdir belə? Bir xanım-məmur bu sözdən nə yaman bərk yapışıb?
“Sadəcə olaraq o videoları mən əldə etmişəm və polis bölməsinə də təqdim etmişəm”.
Bir icra başçısının müavininin fəaliyyət dairəsində 14 yaşlı uşağın “birabırçı videosu"nu əldə etmək də varmış. Başçı müavininin işi-gücü budurmu? R.Əliyeva hansı əsasnamə ilə işlədiyini izah edə bilərmi?
Bir ananın, xanımın, icra başçısının müavininin 14 yaşlı qızın videolarını əldə etməsini və onu polisə verməsini təsəvvürünüzdə canlandırın! Bir rayonun icra başçısının müavininin 14 yaşlı qız uşağı ilə necə bir intriqa apardığını göz önünə gətirin!
Heyrətlənməmək üçün mütləq Rasilə Əliyeva kimi düşünmək lazımdır.
Yeri gəlmişkən, bu xanım məktəblərdən birində adi müəllim olub, bir müddət öncə qadınların vəzifələrdə təmsilçiliyinin faizini qaldırmaq üçün PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin təlimatı ilə başçıların humanitar məsələlər üzrə müavinlərinin xanımlardan, həm də gənc xanımlardan təyin edilməsi dalğasında başçı müavini vəzifəsinə sahiblənib. Niyə o seçilib? – bu, bizim işimiz deyil!
Bizim işimiz olansa budur: müdirin katibi, katibəsi bilirsinizmi nə demək idi?
Müdir olmayanda onu əvəz edə biləcək yüksək intellektli, savadlı, idarə-müəssisə-qurumun fəaliyyətini idarə və koordinasiya etməyi bacaran peşəkar.
Hansı sovet müəssisəsində katib və ya katibə bu funksiyanı daşıyırdı? “Katib” demək olar ki, yox idi, o vəzifəni məhz “katibə” statusuna isə müdirlər düşürmüşdü.
Maraqlıdır, niyə bəzi başçıların humanitar məsələlər üzrə müavinləri özlərini “klassik katibələr” statusunda görür?
Tarix
2022.07.18 / 11:44
|
Müəllif
Şeyx Teymur
|