Yuxarı

Trofimçuk: “Rus əsgərinin Qarabağa gəlişi…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trofimçuk: “Rus əsgərinin Qarabağa gəlişi…”

Rusiya sentyabrın 30-da Suriya böhranına müdaxilə etdi. Qərbin arzulamadığı bir addım olan bu məqam əslində bölgədə proseslərin daha da ağırlaşmasına şərait yaratdı. Bəzi ekspertlər isə Rusiyanın Suriya müdaxiləsinin Moskva üçün böyük problem yaradacağını, hətta bunun ikinci Əfqanıstana səbəb olacağını bildirdilər.

Yaxın Şərq və regionomuz üçün ağır proses olan məqamı Axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk şərh edir.

- 2014-cü ildə siz saytımıza müsahibənizdə (http://axar.az/m/view.php?id=13862) demişdiniz ki, dünya müharibəsinin başlanması üçün səbəblərdən biri də Cənubi Qafqaz olacaq. Qafqazda Qarabağ, Osetiya, Abxaziya, Dağıstanda İŞİD və Qafqaz İmarəti məsələsi, Cavaxetiya və digər problemlər var. Bunların fonunda Cənubi Qafqazın gələcəyini necə təsəvvür edirsiniz?

- Cənubi Qafqazı hazırda gedən dünya müharibəsi fonunda özünün dondurulmuş problemləri ilə heç kim rahat qalmağa imkan verməyəcək. Xatırladım ki, böyük müharibə keçən əsrin 90-cı illərində Belqradın bombardman edilməsindən sonra başlayıb. 30 sentyabr 2015-ci ildə bu dünya müharibəsinə faktiki olaraq, Rusiya öz ünvanına yönələn terror təhdidlərinə reaksiya vermək üçün daxil oldu. Qafqaz və Mərkəzi Asiya SSRİ-nin keçmiş əraziləri içərisində hərbi-siyasi təhlükəsizlik planı cəhətdən daha zəif ərazilərdir. Buraya həmçinin, Xəzər və digər problemlər də daxildir. Biz görürük ki, Qarabağda situasiya artıq yerindən tərpənməyə başlayıb. Oradakı hadisələri müharibə olmasa da, yarı müharibə adlandırmaq olar. Hər iki tərəfdən ağır silahların tətbiq olunması çox şeydən xəbər verir. Bu situasiyadan mütləq kimsə istifadə edəcək. Buna görə də real təhlükə kimi biz Azərbaycanın yeni Qarabağ müharibəsinə itələnməsini görməyə çalışmalıyıq.

- Rusiya müharibəyə girib, amma bu müharibədə faktiki olaraq, şiələrin tərəfində döyüşür. Bu, Rusiya üçün problemlər yarada bilərmi?

- Rusiya həqiqətən Suriya müharibəsində şiələrin tərəfində dayanıb. Bu onun üçün böyük problemdir. Rusiya dini ziddiyyətlərlə məşğul olmaq məcburiyyətində qalıb. Belə ki, son on il ərzində dünyəvi dövlət çərçivəsindəki dini faktor daha da önə çıxıb. İndi din avtomatik olaraq dövlətə öz şərtlərini diktə eləməyə başlayıb. Üstəlik, bu şərtləri dini radikallar diktə etməyə çalışırlar. Rusiya şiələrinin, Rusiya "düzgün islamı"nın "düzgün olmayan islam"a qarşı dayanması çətin olacaq. Bunun üçün indi Moskva təkcə sözlə savaşmayacaq, həm də real müharibə aparmaq məcburiyyətində qalacaq. Əgər müsəlmanların müasir Rusiya ərazisində sayını nəzərə alsaq, o zaman hərbi təhdidin ölkənin bütün ərazisinə yayılacağı qənaətinə gələ bilərik. Rusiyanın şiələri dəstəkləməsinin digər bir təhlükəsi isə Səudiyyə Ərəbistanının mövqeyidir. Məhz Ər-Riyad artıq rəsmi bəyanatla çıxış edərək, Rusiya aviasiyasının sünni zonalarının bombardman edilməsinin dayandırılmasını tələb edib. Bütün bu problemləri böyük müharibə olmadan həll etmək mümkün olmayacaq. Rusiya özü Suriyaya girməyib, kürdlərə lazım olan bütün dəstəyi verə bilərdi. Lakin bu fikir nədənsə rəhbərlikdə heç kimin ağlına gəlmədi.

- Kürdlərə dəstək vermək dediniz. Kürdlər Suriyada faktiki olaraq müstəqil dövlət yaradıblar...

- İndi kürdlərin özləri belə Kürdüstanın yaradılması əleyhinə çıxış edirlər. Onlar üçün ən yaxşı taktika kürdlərin özünün tam idarəetməsini həyata keçirəcəyi milli muxtariyyatın formalaşdırılmasıdır. Əgər Yaxın Şərqdəki ümumi xaosu nəzərə alsaq, hansısa yeni dövlətlərin yaradılacağı ilə bağlı proyektlərin reallaşdırılmasından danışmağa dəyməz. Bunu ən azından İŞİD ləğv olunana qədər etməmək lazımdır.

İkinci Əfqanıstan olmayacaq

- Bəs Suriya Rusiya üçün ikinci Əfqanıstan ola bilərmi?

- Heç bir yeni və ya ikinci Əfqanıstan olmayacaq. Heç nə eyni ilə təkrar olunmur. Bundan başqa, Əfqanıstanda Rusiyaya qarşı yox, ondan daha güclü olan SSRİ-yə qarşı savaş gedirdi. Sovet cəmiyyətinin daxilində dini ekstremizmə qarşı münasibət daha davamlı idi və ölkə fərqli təriqətlərə parçalanmamışdı. Hazırkı dövrdə Rusiya üçün ən böyük təhdid Yaxın Şərqdə İŞİD tərəfində döyüşən şəxslərin ölkəyə geri qayıtmasıdır. Rusiya rəhbərliyi bu təhdid barədə artıq bəyanat verib. O vaxt Əfqanıstandan SSRİ daxilinə heç bir döyüşçü girə bilməmişdi. Başqa sözlə, situasiya bir çox parametrlərinə görə Əfqanıstandan daha pisdir.

- Hazırkı dövrdə Suriyada vəziyyət gərgindir. Rusiyanın müdaxiləsindən sonra bu vəziyyət daha da gərginləşəcək. Suriya iki yerə parçalana bilərmi?

- Suriya artıq dünyanın siyasi xəritəsində bizim əvvəllər tanıdığımız formada mövcud deyil. Burada müxtəlif zonalar var ki, onlar müxtəlif ektremistlər tərəfindən nəzarətdə saxlanılır. Ona görə də Suriya iki hissəyə parçalana bilməz. Bu region müxtəlif güclərin, həmçinin Səudiyyə Ərəbistanı və Türkiyənin qarşıdurma zonası olacaq. İraq haqqında isə danışmaq çətindir. Belə ki, artıq İraq çoxdan özünün əvvəlki sərhədlərinə sahib deyil. Bu yola Suriya da daxil edilib.

İsraillə Rusiya toqquşacaq

- Rusiya Suriyada maraqları olan tək dövlət deyil. Suriyaya qonşu olan İsrailin də burada maraqları var. Üstəlik, İsrail bölgədə maraqları olan dövlətlər içərisində ən qüdrətlisi hesab olunur. İsraillə Rusiyanın toqquşmaq ehtimalı varmı?

- Sözsüz ki, Rusiya Yaxın Şərqdə bütün addımlarının, o cümlədən hərbi fəaliyyətinin İsrail tərəfindən dəstəklənməsini istəyir. Lakin Tel-Əviv bu məsələdə praktik olaraq ABŞ-ın tutduğu mövqeni müdafiə edəcək. ABŞ faktiki olaraq Rusiyanı Suriya müharibəsinə atıb. İsrailə isə bu sərf edir. ABŞ-ın hərbi əməliyyatlar zonasında Rusiya və İsraili toqquşduracağını istisna etmirəm. Bu, həqiqətən mümkündür. Ona görə ki, keçmiş Suriya torpaqlarında indi hamı hamıyla savaşacaq. Bu cür hərbi "sıyığı" dünya çoxdan görməmişdi. Rusiyaya Netanyahunun Moskva səfəri lazımlı idi. Kreml bunun vasitəsilə bütün dünyaya Suriya ilə bağlı fərqli baxışların guya razılaşdırıldığını nümayiş etdirə bildi.

İslamın müqəddəs məkanları tutulacaq

- Rusiyanın bölgədə digər rəqibi də Səudiyyə Ərəbistanıdır. Hazırkı durumda Ər-Riyadın vəziyyəti ağırdır. Yəmən böhranı, Məkkə faciəsi və sair. Üstəlik, Səudiyyə Ərəbistanı Rusiyanın Suriya siyasətini dəstəkləmir. Yaxın zamanlar Səudiyyə Ərəbistanı daxilində hansısa qarışıqlıq müşahidə edilə bilərmi?

- ABŞ və Rusiya bir-biriylə qarşılıqlı əlaqələri dostluq səviyyəsində deyil ki, hansısa ölkənin, xüsusilə, Səudiyyə Ərəbistanı kimi bir dövlətin parçalanmasını və ya qarışdırılmasını müzakirə etsin. Səudiyyə Ərəbistanının özü, əlbəttə ki, digər dünya dövlətləri kimi süqut edə bilər. Lakin bunun üçün o, Vaşinqtonun yüksək himayəsindən azad olmalıdır. Səudiyyə Ərəbistanının daxilindəki problemlər digər səbəblər ucbatından da yarana bilər. Bu, ölkənin öz ərazilərinə nəzarət edə bilməməsi nəticəsində baş verə bilər. Həmin vaxt Amerika ordusu ölkəyə girəcək ki, karbohidrogen yataqlarını lazımi müdafiəyə götürsün. Amerika üçün maraqlı olmayacaq ki, ölkənin digər ərazilərində, Məkkə və Mədinə də daxil olmaqla, nələr baş verir. ABŞ üçün hətta sərfəli olacaq ki, müqəddəs yerlər daha çox dövlətlər tərəfindən tutulsun. Həmin vədə bu siyahıya Rusiyanın da adı salınacaq.

- Bir sözlə, dünya nizamı artıq dəyişib.

- Suriya böhranı artıq dünya nizamını dəyişdirib. Düşünmürəm ki, ABŞ məhz Suriyanı zəiflədib, məhv etmək istəyir. Sadəcə, Bəşər Əsədin İraq və Liviyadan fərqli olaraq uzun müddətli mübarizəsi ona gətirib çıxardı ki, regionda onun məhvi üçün xüsusi radikal qruplar yaradıldı. Vaşinqton burada öz əliylə savaşmaq istəmirdi. Ona görə də daha qənaətcil varianta əl atıb, Əsədin yerli düşmənlərindən ona qarşı istifadə etdi. Qərbə heç bir dövlət lazım deyil. Ona sadəcə xaosun Avrasiya məkanına ixracı üçün meydançalar lazımdır. Mənim öncə də dediyim kimi, Səudiyyə Ərəbistanı hələ ki, neftin effektiv mühafizəsi üçün lazımdır. Bu isə ABŞ-ın bütün dünya üzərinə nəzarəti üçün vacibdir. Əgər konkret dövlətlərin meydana çıxmasından danışsaq, o zaman ABŞ burada Rusiyanı qabaqlaya bilər. Məsələn, kürd məsələsində ABŞ bəyan etdi ki, kürdlər Rusiyadan üz çevirsələr, öz müqəddaratlarını müəyyən etmək məsələsində onlara kömək etməyə hazırdırlar. Türkiyəni də ciddi təhdidlər gözləyir. Həmçinin, Fələstin dövlətinin yaradılmasını da unutmaq lazım deyil. O, istənilən an İsrailə qarşı təzyiq üçün istifadə edilə bilər.

- Yəni, İŞİD bu nizamın dəyişdirilməsi üçün vasitəçi oldu?

- Son vaxtlar İŞİD əsas istəyinə çatıb. O, dəqiq informasiyalar hesabına bütün dünyada özü haqqında qorxu yarada bildi. Praktiki olaraq İŞİD indiyə qədər heç bir gücə sahib deyil. Lakin bu ektremistlərin böyük gücləri haqqında vizual görüntü artıq formalaşdırılıb. Bunun üçün ona bir neçə adamın başını kəsmək, içərisi insanla dolu olan qəfəsi batırmaq və dünya mədəniyyətinin mühüm parçaları olan obyektləri partlatmaq kifayət etdi. İnformasiya və psixoloji savaş sahəsində İŞİD-in yaxşı instruktorları var. İndi bu tip İŞİD-lə artıq Avrasiyada istənilən ölkəni rahatlıqla qorxutmaq mümkün olacaq.

Rusiya Qarabağa girsə...

- Maraqlı bir məsələ də var ki, Suriya erməni terror təşkilatları üçün hər zaman ideal yerlərdən biri olub. İddialar var ki, artıq Qarabağa erməni terror təşkilatları gətirilir. Yeni müharibə olarsa, bu terror təşkilatlarından Azərbaycana qarşı istifadə edilə bilərmi?

- Siz vacib bir problemə toxundunuz. Gələcəkdə Qarabağ konfliktinin inkişafı həqiqətən özünün həmişəki formasından çıxmasına səbəb ola bilər. Əgər biz Suriya müharibəsinə nəzər yetirsək, burada çoxlu fərqli qrupları və gücləri görərik. Üstəlik, bu terror təşkilatları qələbə uğrunda savaşırlar. Biz Qarabağ konfliktinin genişlənməsi zamanı həmin analoji eskalasiyanın burada təkrarlanmayacağını istisna etmək haqqına sahib deyilik. Konfliktin eskalasiyası zamanı bura yeni, tamam başqa qüvvələr ixrac edilə bilər. Lakin onlardan ən təhlükəlisi radikal islamçılar olacaq. Bu qruplaşmalar isə Azərbaycana zərbənin vurulması üçün çalışacaqlar.

- Yəni, Qarabağa rus sülhməramlıları gətirilə bilər?

- Bugünkü günün problemi ondan ibarətdir ki, bir sıra dövlətlərə "Rusiya ərazilərinizə gəlməyəcək" deməklə onları sakitləşdirmək artıq tamamilə mümkünsüzdür. Anti-Rusiya imici Qərb tərəfindən yaxşı formalaşdırılıb və bu "brend"dən aktiv şəkildə istifadə ediləcək. Bu dünyanın istənilən yerində, o cümlədən Rusiyanın heç vaxt marağının olmadığı yerlərdə də istifadə olunacaq. Qarabağa Rusiya heç nə gətirməyəcək. Belə ki, sülhməramlılarının buraya yeridilməsi Ukrayna və Suriyadan sonra onun üçün yeni müharibə demək olacaq.

Tarix
2015.10.03 / 09:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla