Aslan İsmayılovu özümə rəqib saymıram. Çünki cəmiyyətdə
nüfuz qazana bilməyən birinin mənimlə mübarizə aparmaq üçün nə
savadı, nə də ictimai nüfuzu yetməz.
Axar.az xəbər verir ki, bu sözləri 20 saylı Nərimanov II Seçki
Dairəsindən deputatlığa namizəd Adil Əliyev rəqibi Aslan İsmayılova
cavabında deyib. Adil Əliyev bildirib ki, o cəmiyyətdə nüfuz
qazananda bəziləri mədə xorasını müalicə etdirirdi:
"Bu şəxs nə vəkil kimi vəkildir, nə də siyasətçi kimi siyasətçi.
Hüquq müstəvisində də, siyasətdə də məğlubiyyətlərindən başqa heç
bir "uğuru" yoxdur. Vəkillər Kollegiyasından iki dəfə qovublar,
hətta "Hyatt Recenesi" otelində qarışıqlıq yaradıb, ordan da
qovublar. Bu necə millət vəkilliyinə namizəddir ki, nə seçki
kampaniyası keçirir, nə də seçicilərlə görüşür? Bu işləri görmək
bacarığına və qabiliyyətinə malik deyilsə, gəlsin, mənim keçirdiyim
görüşlərə baxsın, izdihamı müşahidə etsin. Saytlardan birinə
verdiyi müsahibədə deyib ki, 2005-ci ildə bütün Bakının resursları
20-ci dairədə cəmləşmişdi. Bəli, bu belədir və bu dairədə mən onun
və İsa Qəmbərin üzərində qələbə çaldım. Çünki seçkiyə hər ikisindən
yaxşı hazırlaşmışdım. Seçki məsuliyyətdir, boş-boş danışmaq, sosial
şəbəkələrdə çarxlar yaymaq deyil.
O ki qaldı Aslan İsmayılovun "Adil Əliyev İsa Qəmbər üzərində
qələbə çala bilməzdi" fikrinə, özüm heç nə demirəm, müxalifət
nümayəndəsi, özlərinin həmkarları Qurban Məmmədovun mətbuata
açıqladığı fikirləri xatırlatmaq istəyirəm. Görün, Qurban Məmmədov
nə deyib: "Mən Adil Əliyevin seçki texnologiyasına heyran
qalmışdım. Təsəvvür edin ki, Adil Əliyevin 2 gənc - bir qız, bir
oğlan nümayəndəsi bizim evimizə 5 dəfə gəldi! Hər dəfə yenə də
hansısa şəkillər, broşürlər gətirirdilər və seçkiyə 3 gün qalmış
gəlib yadımıza salacaqlarını dedilər. Onlar bu qaydada məhləmizdəki
bütün ailələri "narahat etdilər" - kampaniya apardılar. "Azadlıq"
blokundan - İsa Qəmbərin adından isə bir dəfə də olsun məhləmizə
gələn olmadı. Yəni 2005-ci ildə Adil Əliyevin 20-ci dairədən qalib
gəlməsi mübahisəsizdir. Bu isə bizim öz səhvimizdir. 2010-cu ildə
isə Adil Əliyevin qarşısında durmaq daha da çətinləşdi. Çünki bu 5
ildə A.Əliyev seçki dairəsində yaşayan hər bir ailənin üzvünə
çevrildi. Hamı onu tanıdı. Mən o vaxt Aslan bəyin vəkili kimi Adil
Əliyevin görüşlərini də izləyir, lazımı qeydlərimi edirdim. Təəssüf
ki, 2010-cu ildə də nəticəni dayişmək bizə qismət olmadı və Adil
Əliyev 20-ci dairənin əbədi namizədinə çevrildi".
Bunu o şəxs deyir ki, həm "Azadlıq" blokunun təmsilçisi, həm də
elə Aslan İsmayılovun seçkidə vəkili olub. Bundan sonra Aslan
İsmayılovun "mənim topladığım səs respublikada bütün dairələr üzrə
ən yüksək olar" fikrinə kim inanar?
Deyir ki, guya 20 saylı Nərimanov II Seçki Dairəsi ərazisində
yaşayan seçicilərin çoxu uzun illərdir onun yanına gedirlər. Bu
illərdə minlərlə seçici ilə görüşmüşəm, birindən eşitmədim ki,
hansısa probleminə görə Aslan İsmayılova müraciət etsinlər və ondan
dəstək alsınlar. 10 ildir qərargahımda minlərlə vətəndaşı qəbul
etmişəm, qəbul günlərim var. Əlimdən nə gəlirsə, vətəndaşlara kömək
etməyə çalışıram. Bunu özümə borc bilirəm! Bəs o, bu vaxta qədər
dairəmizin nə qədər insanına kömək edib, kimsəsizlərə və ehtiyacı
olanlara yardım əli uzadıb?
Mən imkanlı iş adamlarından böyük pullar alıb, onlara hüququ
yardım göstərilməsini nəzərdə tutmuram, kimsəsizlərə, ehtiyacı
olanlara, müharibə veteranlarına dəstəkdən, köməkdən danışıram. Heç
üzərinə götürdüyü işləri də doğru-dürüst sona çatdırmayıb,
məhkəmədə hansısa işi uğurla başa çatdırdığını eşitməmişik.
Cəmiyyətdə və mediada Azərbaycanda ən uğursuz vəkili kimi ad
qazanıb. Seçicilər kimin meydanda olduğunu da yaxşı görür, kimin
hansı işlər gördüyündən də xəbərdardır. Aslan İsmayılovun virtual
qəhrəmanlığından başqa bir işini görmədim. Milli Şuranın seçkini
boykot qərarını bəyənmir ki, fürsətdən istifadə edib insanlarla
ünsiyyət yaradıb mitinqlər keçirməli idilər. Guya özü namizəd kimi
seçicilərlə ünsiyyət qurub? Nə zaman açıq və qapalı zalların
birində seçicilərlə görüş keçirdi ki, bizim xəbərimiz olmadı?
Deyir, nə hakimiyyətdənəm, nə də müxalifətdən. Əlbəttə, mövqeyi
olmayan ömrü boyu ortada qalmağa məhkumdur. Özünə hörmət edən insan
ardıcıl 2 məğlubiyyətdən sonra özünə başqa dairə axtarardı. Necə
ki, 2005-ci ildə müxalifətdən olan əsas rəqibim – İsa Qəmbər
məğlubiyyətdən sonra başqa dairədən namizədliyini verdi. Yeri
gəlmişkən, 2005-ci ildə mənim Aslan İsmayılov adında rəqibim yox
idi. Rəqabət mənimlə İsa Qəmbər arasında gedirdi və media məhz
bizim rəqabəti işıqlandırdı. Doğrusu, mənə Aslan İsmayılov kimi
rəqib də məqbuldur. Qoy yenə də böyük hesabla onu məğlub edim və 5
il sonra yenə namizədliyini 20-ci dairədən versin. Heyf deyil belə
rəqib! Bir rəqib ki, Adil Əliyevin fəal millət vəkili və
parlamentdə fəallığına görə ilk 10-luqda yer aldığını etiraf edir,
belə rəqibi kim arzulamaz?"
Adil Əliyev onu da qeyd edib ki, Aslan İsmayılov sadəcə, mənim
başımı qatmağa çalışır:
"Mən ondan fərqli olaraq gündəlik işlərlə məşğulam, seçkiyə
hazırlaşıram, seçicilərlə görüşürəm, insanların dərdlərini
dinləyirəm, o isə iftiralarına, böhtanlarına davam edir. Sonuncu
izdihamlı mitinqimdə Aslan İsmayılovu yenə görüşə dəvət etdim.
Aslan İsmayılov özünə belə arxayındırsa, gəlsin, camaatın
qarşısında çıxış etsin, fikirlərini bildirsin. Bunun əvəzinə
sağdan-soldan iftira yağdıracaqsa, buna hər dəfə cavab verməyə
mənim nə vaxtım, nə də həvəsim var. Ancaq iftiralarının
genişləndirməkdə davam edəcəksə, tutarlı cavablarını da
alacaqlar".