"Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil
ver".
1990-cı il 20 Yanvar hadisələrindən sonra hərbi
komendantlıq tərəfindən helikopterdən bildiriş vərəqələri
atılırdı.
"Axar.az" həmin vərəqələrdən bir neçəsini əldə
edib. Azərbaycan xalqının mübarizə əzmini hər yolla qırmaq istəyən
rus ordusu və hərbi komendantlıq müxtəlif təbliğat fəaliyyəti də
aparırdı. Komendantlıq müxtəlif bildiriş vərəqələri çap etdirərək
Bakı səmalarından vertolyotlarla aşağı buraxır, televiziyanın
işləmədiyi, qəzet və jurnalların çap edilmədiyi bir zamanda xalqı
öz maraqlarına görə yönləndirməyə çalışırdı.
Həmin çağırış vərəqələrindən 2 bildirişi oxuculara təqdim
edirik. Rus dilində yazılan həmin vərəqələrdən birində Sovet
hakimiyyətinin şəhərdə nəzarəti tam ələ aldıqdan sonra fövqəladə
vəziyyətin ləğv olunacağı və ictimai asayişin bərpa olunacağı
deyilir. Həmin vərəqədə Bakı sakinlərinə səslənilərək, 24 yanvar
saat 09:00-a kimi əllərində olan silahlarını aidiyyatı orqanlara
təhvil vermələri istənilir və həmin şəxslərin heç bir məsuliyyətə
cəlb olunmayacağı vəd edilir.
Digər vərəqədə isə xalqa sakitləşmə çağırısı edilərək, hökumət
qüvvələrinə bu barədə köməklik göstərmələri xahiş olunur. Vərəqədə
Azərbaycanın müəyyən bölgələrindən əhalinin çeşidli miqdarda silah
və sursatı hökumətə təhvil verdikləri iddia olunur. Xanlar rayonu
(Göygöl) sakinlərinin 27 yanvar 1990 tarixinə qədər 1 zirehli
maşın, 1 hərbi piyada nəqliyyat maşını, 242 avtomat və 1 əl
pulemyotunu təhvil vermələri nümunə göstərilir. Lənkəran
sakinlərinin də 300-dən artıq odlu silah və 170 000 mərmini təhvil
verdiklərinin yazıldığı vərəqə bu cümlə ilə bitir:
"Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil ver"