Daxili işlər naziri, general-polkovnik Ramil Usubov
noyabrın 7-də saat 10:00-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir,
Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən sakinlərini Gəncə Şəhər
Baş Polis İdarəsində qəbul edəcək.
Axar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən
xəbər verir ki, qəbul başa çatdıqdan sonra saat 12:00-da daxili
işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Gəncə,
Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax,
Daşkəsən şəhər, rayon polis şöbələrində vakant olan sıravi və kiçik
rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Gəncə Şəhər Baş
Polis İdarəsində sıra baxışı keçiriləcək. Sıra baxışında yalnız
həmin rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və müddətli
həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta
təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın
qohumları məhkum edilməmiş, atletik cüssəli, 20 yaşından 30
yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə
bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Qeyd olunan şəhər, rayon polis orqanlarında elan edilən həmin
vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji
gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox
hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından
namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq
səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil
bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.