Milli Məclisə
keçiriləcək seçkilərdə 112 saylı Qax Seçki Dairəsindən namizəd Azər
Kərimlinin seçicilərlə görüşləri davam edir.
Deputatlığa namizəd bu gün rayonun İlisu və Qaxbaş kəndlərində
seçicilərlə görüş keçirib.
Axar.az xəbər verir ki, hər iki kənddə keçirilən görüş
seçicilərin xüsusi fəallığı ilə müşayiət olunub. Çıxış edənlər Azər
Kərimlinin fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərin
problemlərinə hər zaman diqqətlə yanaşdığını, bu səbəbdən də ona
səs verəcəklərini bildiriblər.
Millət vəkili kimi fəaliyyətdə olduğu müddət ərzində daim
seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax
rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki
platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim
edib, onları maraqlandıran sualları cavablandırıb.
Qaxbaş kəndində keçirilən görüşdə isə diqqət çəkən məqamlardan
biri Azər Kərimlinin rayonun multikultral ənənələrinin təbliği ilə
bağlı gördüyü işlərin xüsusi həssaslıqla izlənilməsi olub.
Seçicilər deputatlığa namizədin bu sahədəki fəaliyyətini də
alqışladıqlarını, noyabrın 1-də keçiriləcək seçkilərdə onu
dəstəkləyəcəklərini deyiblər.
Azər Kərimli hər iki kənddə keçirilən görüşdə son 5 il ərzində
Qax rayonu ilə bağlı fəaliyyəti ilə yanaşı, Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun
rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü
işlər barədə seçicilərə ətraflı məlumat verib. Azər Kərimli Qaxda
keçirilən beynəlxalq multikulturalizm konfransının, Qax rayonun və
bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən
bəhs edən "Qax Kürmük Oba bayramı" filminin ölkədən kənarda
yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin
qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən,
Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi "Via della Seta"
(İpək yolu) jurnalından söhbət açıb.