Vergilər Nazirliyində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və
qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin
qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası
keçirilib.
Axar.az xəbər verir ki, kollegiya iclasında çıxış edən vergilər
naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik
inkişafının 2015-ci ildə də davam etdiyini, bu inkişafın
stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə
olunduğunu nəzərə çatdırıb.
Bildirilib ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi
tərəfindən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin
toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,5 faiz əməl
edilib. Ölkədə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması
məqsədilə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində
qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 3 milyard 488
milyon manat təşkil edib ki, bu da proqnozun 100,8 faiz icra
edilməsi ilə yanaşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 358
milyon manat və ya 11,4 faiz artıq vəsaitin dövlət büdcəsinə
səfərbər edilməsi deməkdir.
Vergi orqanlarında həyata keçirilən islahatlara toxunan nazir
cari ildə vergi qanunvericiliyi və inzibatçılığının
təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi
istiqamətində tədbirlərin davam etdirildiyini, vergi daxilolmaları
üzrə proqnozların uğurla icra olunduğunu bildirib.
Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi
inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında cənab İlham Əliyevin çıxışı barədə ətraflı məlumat verən
Fazil Məmmədov bildirib ki, dövlət başçısı ölkədə yaranmış yeni
iqtisadi vəziyyətdə vergi orqanlarının əsas vəzifələri kimi onların
daha şəffaf və səmərəli işləməsini, əlverişli biznes mühitinin
formalaşdırılmasını, dövlət büdcəsinin gəlirlərinin artırılmasının
təmin edilməsi üçün vergi potensialının düzgün
müəyyənləşdirilməsini və yeni mənbələrin aşkar edilərək, vergi
bazasının genişləndirilməsini, vergilərin tam həcmdə və vaxtında
ödənilməsini, büdcənin cari xərclərinin vergi və gömrük
orqanlarının xətti ilə daxilolmalar hesabına təmin olunmasını
müəyyən edib.
Bildirilib ki, ölkə başçısının da qeyd etdiyi kimi, ölkə
iqtisadiyyatının gələcək inkişafı qeyri-neft sektorunun, o cümlədən
kiçik və orta biznesin inkişafından asılı olacaqdır. Vergilərin
ödənilməsinin hər kəsin konstitusion vəzifəsi olduğunu, sahibkarlıq
subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə
yetirməsinin vacibliyini vurğulayan nazir, vergi orqanlarının sərt
nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr
arasında sərhəd müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Hər
bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol
oynadığını bildirən vergilər naziri, ilk növbədə, lüzumsuz
yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin
fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın
gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk
meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr
gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və
əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas
iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, ilk növbədə,
yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli,
vergidən yayınma risklərinin səviyyəsinin və hüquqpozuntularının
mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi
yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Bu həm
sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi,
vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan
qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan
resurslarından daha səmərəli istifadə olunmasını təmin
edəcəkdir.
F.Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və
sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində
səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək
müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı
aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi
üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna
olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş
verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə
edəcəkdir. Qeyd edilməlidir ki, cari ilin 9 ayı ərzində bu qəbildən
olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.
F.Məmmədov bildirib ki, maliyyə əməliyyatlarının şaffalığının
təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə
müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə
dair ölkə başçısının tapşırığına uyğun olaraq, cari ilin 9 ayı
ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi
sayı 85 minə çatdırılmış, elektron qaimə-fakturaların tətbiqi ilə
bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı layihələr hazırlanaraq
hökumətə təqdim edilib.
Cari ilin birinci yarısının yekunlarına həsr edilmiş kollegiya
iclasında qəbul edilmiş qərarların və Tədbirlər Planının icra
vəziyyətinə toxunan nazir bu sahədə pozitiv nəticələrin olduğunu,
2015-ci ildə vergi daxilolmalarının təmin edilməsi məqsədilə
Tədbirlər Planında nəzərdə tutulan işlərin uğurla həyata
keçirildiyini qeyd edib. Bildirilib ki, 2015-ci ilin 9 ayında
dövlət büdcəsinə daxil olmuş vəsaitin 600 milyon manatını vergi
nəzarəti tədbirləri nəticəsində toplanmış vəsait təşkil edir. Əldə
olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının
fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan
F.Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış
məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin
gücləndirilnməsinin vacibliyini vurğulanıb. Vergilər naziri
korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən
əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində
korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə
intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri
barədə tapşırıq verib.
Vergi ödəyicilərinə xidmət sahəsində fəaliyyətin
fəallaşdırılmasının zəruriliyini qeyd edən F.Məmmədov biznes
mühitinin yaxşılaşdırılması, vergilərin ödənilməsi sahəsində
sahibkarların qarşılaşdığı bütün problemlərin aradan qaldırılması
üçün vergi ödəyiciləri ilə əməkdaşlığın aktivləşdirilməsi, kiçik və
orta biznesə göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi,
vergi ödəyicilərinin vaxtında məlumatlandırılması, xüsusilə
regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə
yetirilməsində hüquqi, texniki və əməli köməkliklərin göstərilməsi,
partnyorluq münasibətlərinin dərinləşdirilməsi, bu işlərə "vergi
dostları"nın daha geniş cəlb edilməsi barədə xidmət strukturlarına
müvafiq göstərişlər verib.
Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının,
xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinın vergi
orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu
xatırladan nazir kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə
münasibətdə vergi xidmətinin nəzarətedici orqan kimi yox, daha çox
tərəfdaş kimi çıxış etməli olduğunu, sahibkarlara bir addım daha
yaxın olmağı, kiçik məbləğli cərimələrin tətbiqinə yol açan
halların aradan qaldırılıması üçün ilk növbədə vergi orqanlarının
xidmət strukturlarının daha fəal işləməli olduğunu vurğulanıb.
Dövlətdən sosial yardım alan vətəndaşların bəyannamə təqdim
etməməsi kimi hallara görə cərimələnməsinin yolverilməz olduğunu
bildirən nazir bəyannamələrin vaxtında təqdim olunmasına köməklik
göstərilməsi yolu ilə xidmət rəhbərlərindən belə halların tamamilə
aradan qaldırılmasını tələb edib.
Ölkə regionlarının inkişafı ilə bağlı iki dövlət proqramının
uğurla yerinə yetirildiyini xatırladan vergilər naziri regionların
iqtisadi inkişafda artan roluna diqqət çəkərək, regionlarda
sahibkarlığının inkişafı üçün vergi orqanlarının səlahiyyətləri
çərçivəsində onlara hərtərəfli köməklik göstərilməsinin və
regionların vergi daxilolmalarının artımında iştirak payının
yüksəldilməsinin vacibliyini vurğulanıb.
F.Məmmədov ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə
bağlı iradlarına toxunaraq bildirib ki, iş yerlərinin bağlanması
səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş
yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən
bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən işçilərin
müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi,
vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə
azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər
görülməlidir.
F.Məmmədov bildirmişdir ki, vergi orqanları üçün gələn ilin
büdcə sənədlərində müəyyənləşdirilmiş proqnozların icrası ən vacib
hədəfdir və ölkə iqtisadiyyatının mövcud vəziyyəti, onun stabil və
dayanıqlı olması büdcənin cari xərclərinin tamamilə ödənilməsində
Vergilər Nazirliyinin payının artırılmasına nail olmağa imkan
verir. Bu məqsədlə vergi orqanları öz səylərini daha da artırmalı,
gücləndirilmiş iş rejimində çalışmalıdır.
Kollegiya iclasında Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi
inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında
verilmiş tapşırıqların və 2016-cı ilin dövlət büdcəsinin icrası
məqsədilə Tədbirlər Planın hazırlanması barədə qərar qəbul
edilib.