Yuxarı

Dünya gücləri İranı işğal edərsə... – Yədulla Nəminli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslən Ərdəbilin Nəmin şəhərindən olan Yədulla Kənani İran Tudə Partiyasının əyalət şöbəsində fəaliyyət göstərib. Tudə Partiyası ilə Azərbaycan Demokrat Firqəsi ayrıldıqdan sonra firqənin üzvü kimi fəaliyyətini davam etdirib. 1983-cü ildə İranda siyasi fəallara qarşı başladılan repressiyalardan sonra Ərdəbildə müəllim işləyən Kənani Azərbaycana gəlib. Siyasi qaçqın kimi Minsk şəhərinə gedən mühacir 1991-ci ildə yenidən Azərbaycana qayıdıb.

Yədulla Nəminli imzası ilə tanınan güneyli fəalın Axar.az-a müsahibəsini təqdim edirik:

- İranda nə baş verir?

- 1979-cu il fevral inqilabı ilə monarxiya və ya klassik şah idarə üsulu devrildi. Lakin bu inqilab İranda kök salmış şah idarə üsulunu aradan qaldırmadı. Bir neçə ildən sonra yenə də şah rejimi din pərdəsi altında baş qaldırdı: Bütün mütərəqqi və demokratik siyasi qüvvələrin üzvləri yeni yaranmış rejim tərəfindən məhv edildi. İnqilab vasitəsi ilə ölkədə aparılan iqtisadi, siyasi və mədəni islahatlar yenidən donduruldu. Hazırda onillərlə yaranan durğunluq dövrünün ölkədə yaratdığı yeni böhranı izləyirik. Bu hərtərəfli böhran nəticəsində ölkədə etiraz dalğaları başladı. Son etirazlar hicab bəhanəsilə başlasa da, kökündə illərin yığılıb qalan hirsi durur.

- İran hökuməti baş verənlərdə xarici amillər axtarır. Etirazlarda Qərbin rolu ilə bağlı iddialar nə dərəcədə doğrudur?

- Əlbəttə, bu iddia müəyyən dərəcə doğrudur. Çünki uzun müddət Amerika və Qərbin qoyduğu sanksiyalar təsirini ölkənin bütün iqtisadi, ictimai və mədəni sahələrində göstərib. Məsələn, rejimi militarizmə yuvarladan ABŞ-ın təhdidləri olub. Corc Buş İranı “şər ölkəsi” adlandıraraq, region siyasəti üçün “Yaxın Şərq” layihəsini yürütdü. Layihənin məqsədi ona istiqamətlənmişdi ki, Tehran rejimi özünü parçalanmadan qorumaq naminə həm silahlansın, həm də ölkədə diktaturanı hakim etsin. Ona görə də düşünürəm ki, İranın apardığı xarici siyasət beynəlxalq şəraitdən çox asılıdır. 200 il boyunca İran tarixində xarici amil böyük rol oynayıb, indi də oynayır.

- Hazırda İranda baş verən etiraz aksiyaları hansısa əsaslı dəyişikliyə gətirib çıxara bilərmi?

- Bu aksiyalar vətəndaşların haqlı etiraz səsləridir. Yəni, bu etirazlar uzun müddətdir yığılıb qalan, həll olunmayan problemlərin fonunda baş qaldırıb. Bu etiraz nə ilk, nə son səs olacaq. Rejim onlara dirənsə, təbii ki, bu etirazların dalğası yüksələcək, qarşıdurmalar şiddətlənəcək. Məncə, Tehran rejiminin strateji mərkəzləri bu böhranın dərinliyini bilirlər. Lakin rejim daxilində bu məsələyə yanaşmada iki müxtəlif fikir mövcuddur: birincilər bu haqlı səsləri eşidib, o problemləri islahat yolu ilə həll etmək istəyir, ikincilər isə bu aksiyaları şiddətlə yatırmağı düşünür. Bu düşüncə tək rejimin deyil, bəlkə ölkənin fəlakəti deməkdir. Əlbəttə, hicabla bağlı məsələ həllini taparsa, rejimin birinci qanadı yenidən hakimiyyətə gəlib, islahatlar aparmağa çalışacaq. Son yanaşmalar da bunu deməyə əsas verir ki, İran islahatlara maraqlıdır. Vaxt çoxdan gəlib çatıb. İran büsbütün dəyişiklər astanasındadır. Bu ya inqilab, ya da islahat yolu ilə olacaq.

- 21 Azər Hərəkatının ildönümü yaxınlaşır. Hazırda İranda yaşayan azərbaycanlılar arasında Milli Hökumətə münasibət, o dəyərlərə yiyələnmək nə səviyyədədir?

- Bu sualın bir neçə il əvvəlki cavabı “çox zəif” olacaqdı. Ötən illər ərzində isə Azərbaycanda Milli Hərəkat çox güclənib. Yeni nəsil artıq meydanlarda Milli Hökuməti yaratmaqla bağlı şüarlar səsləndirir. 21 Azər Hərəkatının yaratdığı inqilabi izlər ilbəil xalqımız arasında güclənməkdədir. Bu gün artıq daxildə - Azərbaycanda tanınmış şəxsiyyətlərimiz öz istəklərini topluma bəyan edirlər. Bir neçə gün əvvəl Təbriz mərkəzli Azərbaycan demokratiya tərəfdarları 9 maddədən ibarət bir bəyanat yayıb. Bəyanatı 166 tanınmış şəxs imzalayaraq, Azərbaycan və İran cəmiyyətinə müraciət edib. Hazırda da imza kampaniyası aparılır.

- İranda baş verə biləcək hansısa dəyişiklikdə Milli Hökumət azərbaycanlılar üçün hüquqi və tarixi baza rolunu oynaya bilər?

- Çox mürəkkəb dövr yaşayırıq. Dünyada gedən qütbləşmə müharibəsi çox güman bizim ölkədən də yan keçməyəcək. Burada iki məsələ ortaya çıxa bilər: Birincisi, İran dünya gücləri tərəfindən işğal edilərsə, millətlərin istiqlaliyyəti üçün şiddətli mübarizəyə başlaması ehtimalı qüvvətlənir. Təbii ki, işğal olunan məntəqələr oranı işğal edən dövlətin himayəsi altında öz hökumətini quracaq. Millətlərin taleyi vəziyyət sabitləşəndən sonra bilinəcək. İkinci halda, İran sabit bir ölkə kimi öz həyatına davam edərsə, rejim ya islahat, ya da inqilab yolu ilə dəyişib demokratiyaya doğru gedərsə, millətlər məsələsi bir qədər ləngiyəcək. Bu halda mədəni mübarizənin bir qədər aktivləşməsi məsələsi gündəmə gəlir. Azərbaycanlılara gəldikdə... Düşünürəm, türklərin sayca çoxluğu onların müqəddəratını Tehranda müəyyənləşdirəcək. Hətta demək olar ki, İran mədəni cəhətdən türklərin dil haqqını ölkə səviyyəsində həyata keçirə bilər. Niyə? İranın parçalanmasının qarşısını almaq üçün. Əhmədinejadın hakimiyyəti dövründə xarici işlər naziri olmuş Salehi belə bir ifadə işlətmişdi: İran əhalisinin 40 faizi türklərdir. Bu, rejimin strateji mərkəzlərində yəqin ki, mübahisə mövzusudur.

- İranda Azərbaycan dilinin istifadəsindən danışardınız... Sizcə, ölkə vətəndaşlarının neçə faizi bu dildə danışır?

- Əgər Azərbaycan əyalətini götürsək, əyalətin mütləq əksəriyyəti şifahi şəkildə Azərbaycan türkcəsində danışır. Burda azərbaycanca müxtəlif nəşrlər çap olunur. Amma İranın başqa yerlərində yaşayan Azərbaycan türklərinin əksəriyyəti təəssüf ki, fars dilində danışırlar. Yəni ana dilində danışanların faiz dərəcəsi çox azdır. Bu, təəssüf ki, onların assimiliyasiyasına gətirib çıxarmaqdadır.

Tarix
2022.12.09 / 12:52
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla