Bu günlərdə Nəqliyyat naziri
Ziya Məmmədov medianın barəsində ən çox yazdığı məmurlardan
biridir. Son olaraq bölgələrdəki görüşlərdən birində jurnalistlərə
"bəs deyirdiz ki, mən qaçmışam" deyə atmaca atan nazirə medianın
həmin vaxt adekvat suallar verə bilməməsi də müzakirə mövzusudur.
Amma Yeni Müsavat Z.Məmmədovla birbaşa ünsiyyət
yarada bilməsə də, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq
Həsənova bəzi suallar ünvanlayıb.
- Bildiyimiz qədər nazir Ziya Məmmədov artıq işə çıxır.
Nəqliyyat Nazirliyinin əlindən bəzi səlahiyyətlərinin alınması onun
iş qrafikinə necə təsir edib?
- İş yükü çoxalıb. Həddən artıq iş var. Təsəvvür edin ki, iş
qrafiki o qədər gərgindir ki, heç mən özüm də cənab nazirin
qəbuluna düşə bilmirəm. Ancaq telefonla danışırıq.
- Bəzi səlahiyyətlər nazirlikdən alınıbsa, iş yükü də
azalmalı deyilmi?
- Yox, təkcə səlahiyyət məsələsi deyil ki. Bilirsinizmi bizim nə
qədər işlərimiz var? Nazirliyin öz işləri, bütün şöbələrlə iş
aparmaq bir yana, Dövlət Avtomobil Nəqliyyatı, "Azəryol",
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Beynəlxalq Dəniz
Ticarət Limanı ilə bağlı o qədər işlər var ki... İnanın, bəzən
qəbullar olur, vətəndaşlarla bağlı, bölgələrdə qəbullar... Qrafik
həddən artıq gərgindir.
- Belə çıxır ki, hətta səlahiyyətlərdən bəzilərinin
alınmasına görə sevinmək də olar...
- Doğrudan da bizim səlahiyyətlərin bəzilərinin ASAN Xidmətə
verilməsi çox gözəl addım oldu. Mən nazirliyin adından da cənab
prezidentə öz təşəkkürümü bildirirəm ki, bizim işimiz xeyli
yüngülləşdi. Həm şəffaflıq artdı, həm işlərimiz azaldı. Ölkədə
gedən islahatların tərkib hissəsi kimi bu edildi və çox yaxşı
addımdır.
- Bəs Ziya Məmmədov özü bu səlahiyyətlərin alınması ilə
bağlı nə deyir?
- Mən elə sizə cənab nazirin fikirlərini çatdırıram. O deyir ki,
bu, çox yaxşı oldu ki, müəyyən səlahiyyətlər ASAN Xidmətə verildi.
Sürücülər tərəfindən müəyyən narazılıqlar vardı. O da cənab
prezidentin bu addımını dəstəkləyir.
- Bəs avtovağzaldakı sürüşmə, bunun mətbuatda geniş
ajiotaj yaratması... Bütün bunlar, sizcə, təsadüf idi?
- Mətbuat baş verənləri çox şişirtdi. O cümlədən də avtovağzalla
bağlı məsələni. Bu məsələyə də aydınlıq gətirim ki, orda artıq
sürüşmə prosesi dayanıb. Sadəcə olaraq, bizim nazir haqqında həddən
artıq yazılırdı deyə harada bir hərəkət, vağzal sözü vardısa,
gətirib onu cənab nazirin adına bağlayırdılar. Ona görə də bunu
ədalətsizlik, insafsızlıq olaraq qiymətləndirirəm. İndi bu sürüşmə
çox yerdə gedir. Azərbaycanın dağlıq rayonlarında, müəyyən
ərazilərdə sürüşmənin olması təbii hadisədir. Bakı Avtovağzalı
ərazisində də sürüşmə oldu, bunu böyütdülər. Çox yaxşı oldu ki, bu
sürüşmə prosesi də dayandı, mətbuatın bu mövzularda qeyri-dəqiq
informasiyaları yazması da. Mətbuata cənab nazir çox gözəl cavab
verdi ki, "bəs yazırdınız ki, qaçmışam?" Həqiqətən də yazırdılar.
Mən də deyirdim ki, bu yazan adam qoy bir dəfə zəng eləsin, məndən
soruşsun. Nazir burda yox idi, mən ölkədə idim axı, məndən
soruşaydılar ki, hardadır. Amma soruşmurdular və qeyri-peşəkar
yazılar artırdı mediada. Mən ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiriyəmsə, məndən "sənin nazirin hardadır" deyə bir soruşun. Bunu
etmirdilər, bu da istər-istəməz adamda qıcıq yaradırdı. Axı bu,
jurnalistika deyil, jurnalistikanın prinsiplərinə ziddir. Yaxşı
oldu ki, özü gəldi və mediaya da öz sözünü bir cümlə ilə dedi.
- Elə söhbət də ondan gedir ki, cəmi bir cümlə ilə
münasibət bildirdi. Ötən müsahibənizdə demişdiniz ki, nazir mətbuat
konfransı keçirə bilər. Gözlənilmirmi?
- Bəli, demişdim. Amma o barədə müzakirə apara bilməmişəm. Çünki
gələndən sonra nazirlikdə xeyli toplantılar oldu. Bu həftə də bir
böyük toplantımız oldu. Yəqin ki, bugünlərdə özü ilə danışacam.
- Ziya Məmmədovun qohumlarının işdən çıxarılması
məsələsi nə dərəcədə həqiqətə uyğundur?
- Müəyyən adamlar var ki, işdən uzaqlaşdırılıblar. Bizim nazirin
bir prinsipi var: kimliyindən asılı olmayaraq, kiminsə işində qüsur
varsa, sistemdən uzaqlaşdırılır. İstər qohum olsun, istər gözünün
işığı olsun, işində nöqsana yol verirsə, cənab nazir onun
kimliyinə, soyadına baxmır. Günlərin bir günü mən də səhvə yol
versəm, mən də çıxıb gedəcəm. Nazir səhvləri bağışlamır. Qohumların
hər biri də öz sahəsində bişmiş, təcrübəli adamlar idi. Amma cənab
nazir məsləhət görüb ki, onlar başqa sahədə çalışsınlar.
- Mətbuatda yayılan xəbərlərdən biri də Ziya Məmmədovun
hər ay Milli Təhlükəsizlik Nazirliyinə 1 milyon dollar məbləğində
xərac verməsidir...
- Bu, gülünc söhbətdir. Bunu yazan jurnalist pulu harda sayıb,
necə görüb? Ziya müəllim haqda yazılan yüz yalandan biri də
budur.
- General Akif Çovdarovu Nəqliyyat Nazirliyinin
binasında görmüsüzmü heç? Ora gəlib-gedənlərdən
olubmu?
- O adamın şəklini bu yaxınlarda mətbuatda görmüşəm. Onu da
görəndən sonra tanımışam. Şəkil bir az uzaqdan çəkildiyi üçün heç
üzü də aydın görünmür. Mən yenə də deyirəm, son proseslərdə bəzi
jurnalistlərin davranışı, qeyri-peşəkarlığı çox aydın göründü. Mən
o yazıları oxuyanda o qədər təəssüf hissi keçirdim ki. Bəli,
filankəsin işdən çıxarılması faktdır. Cənab prezident fərman verib
və işdən azad edib. Bunun haqqında yazmaq olar. Amma Ziya müəllimi
13 ildə 130 dəfə işdən çıxarıb, qoyublar.
- Sadəcə, məmurlar jurnalistlər üçün çatımlı deyillər.
Medianın birbaşa nazirlə ünsiyyət, dialoq, söz soruşmaq imkanı
olsa, onun özündən açıqlama almaq daha məqsədəuyğun
olar.
- Nazirlə əlaqə yarada bilmirlərsə, mən burdayam, oturmuşam.
Bax, məsələn, sizin qəzet mənə zəng vurub, mövqe soruşur, müsahibə
alır və mən də məmnuniyyətlə sualları cavablandırıram. Mənim sizə
ona görə hörmətim var ki, siz deyilənləri olduğu kimi yazırsız. O
biri saytlar da sizdən köçürüb, bu müsahibəni verirlər. Nəticədə
düzgün informasiya bütün mediaya yayılır.