İtaliyanın "Notizie Geopolitiche" xəbər portalı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyevin müsahibəsini yayıb. Müsahibəsində XİN-in sözçüsü
Azərbaycan-İtaliya münasibətlərindən, ölkəmizin beynəlxalq
arenadakı mövqeyindən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən danışıb.
Report xəbər verir ki, H.Hacıyev İtaliya ilə
əlaqələrimizin qədim tarixə malik olduğunu, xüsusilə bu əlaqələrin
siyasi, iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf etdiyini
bildirib. Qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələr
çərçivəsində İtaliyanı mühüm tərəfdaşı hesab edir. Ölkəmizin
birinci ticarət tərəfdaşı olan İtaliya ilə əməkdaşlıq əlaqələri
genişlənməkdədir. Hazırda müxtəlif istiqamətlərdə, xüsusilə enerji
sektorunda münasibətlərimiz yüksələn xətlə inkişaf edir. TAP
layihəsinin reallaşması ilə bir sıra Avropa ölkələri, o cümlədən
İtaliya ilə əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq.
Ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin uzun illərdən bəri həllini tapmadığını
diqqətə çatdıran H.Hacıyev vurğulayıb ki, İtaliya hər zaman
münaqişənin tənzimlənməsi istiqamətində aparılan danışıqlar
prosesinə fəal dəstək verib. "İtaliyanın Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləməsi və qondarma "Dağlıq Qarabağ
Respublikası"nı suveren dövlət kimi tanımaması faktlarını yüksək
qiymətləndiririk. Bununla belə, Azərbaycan müvafiq məsələnin
həllində Avropa İttifaqından, habelə İtaliyadan daha böyük səylər
gözləyir. Ümid edirik ki, İtaliya BMT TŞ-nin problemin
nizamlanmasına dair dörd qətnaməsinin icra olunmasında öz yardımını
əsirgəməyəcək", – deyə o əlavə edib.
Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın, o cümlədən
bütünlüklə Avropanın stabilliyi üçün böyük təhlükə mənbəyi olduğunu
deyən H.Hacıyev BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı
qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına
dair dörd qətnaməsini bir daha xatırladıb. Bildirib ki, bu münaqişə
nəticəsində ölkəmizin 20 faiz torpaqları işğal olunub, bir
milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib.
Regional səviyyədə təhlil etsək, bu münaqişənin təkcə Azərbaycan
üçün deyil, Ermənistan, eyni zamanda, bütün Dağlıq Qarabağ regionu
üçün həm də ciddi sosial-iqtisadi problem olduğunu görərik.
XİN-in sözçüsü Azərbaycan-Gürcüstan əlaqələrini misal gətirərək
deyib ki, ölkələrimiz sıx iqtisadi əməkdaşlıqdan faydalanır. Bu,
bölgənin ümumi inkişafına müsbət təsir göstərir. Lakin təəssüflər
olsun ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi
regionun hərtərəfli tərəqqisinə əngəl törədir. O deyib: "Heç kim
Avropa üçün strateji önəm kəsb edən Cənubi Qafqaz regionunda
münaqişənin alovlanmasını istəməz. Bu hal Azərbaycanın tərəfdaşı
olan Avropa ölkələri, habelə İtaliya üçün mənfi nəticələr yarada
bilər. Bizim istədiyimiz ədalətin bərpa olunmasıdır. Azərbaycan
Avropa İttifaqının dəstəyini yüksək qiymətləndirir, lakin bu
dəstəyin təkcə sözdə deyil, əməldə də sübut olmasını istərdik.
Avropa İttifaqının, o cümlədən İtaliyanın Ermənistanın Azərbaycan
ərazilərini işğalı faktı ilə bağlı qəti mövqe nümayiş etdirmələrini
ümid edirik. Azərbaycan problemin sülh yolu ilə həllində
maraqlıdır".
Azərbaycan-Rusiya əlaqələri ilə bağlı sualı cavablandıran XİN-in
mətbuat xidmətinin rəhbəri ölkələrimiz arasında müxtəlif sahələrdə
yüksək səviyyəli əlaqələrin olduğunu, xüsusilə iqtisadi
tərəfdaşlığımızın genişləndiyini vurğulayıb. Rusiyanın ATƏT-in
Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu xatırladan
H.Hacıyev bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində səylərini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki,
hərbi sahədə əlaqələrimiz bölgənin təhlükəsizliyinin təmin
olunmasına yönəlib və bu istiqamətdə birgə layihələr həyata
keçirilir.
H.Hacıyev İran ilə əlaqələrimizə də toxunub və bu ölkənin
Azərbaycan ilə tarixi, dini və mədəni bağlarının olduğunu
xatırladıb. Qeyd edib ki, ölkəmiz bütün dövlətlərlə, o cümlədən
İran ilə əlaqələrini bərabərlik, qarşılıqlı hörmət əsasında qurur.
Yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətlərin
genişlənməsinə töhfə verir.
Xəzəryanı ölkələr arasında münasibətlərə aydınlıq gətirən XİN-in
sözçüsü son illər əməkdaşlığın inkişafı istiqamətində keçirilmiş
görüşləri təhlil edib. Bildirib ki, zəngin hidrokarbon
ehtiyatlarına malik Xəzər dənizinin hüquqi statusunun
müəyyənləşdirilməsi, eyni zamanda, bölgədə sülhün hökm sürməsi
qonşu dövlətlərin diqqət mərkəzindədir. Bu baxımdan ötən ilin
sentyabrında Həştərxanda keçirilmiş Xəzəryanı ölkələrin dövlət
başçılarının IV Sammitinin nəticələrini xüsusi qeyd etmək olar.