Azərbaycanda yaşayan britaniyalı yazar Mik Ormsbi
"Jurnalist cindarla qarşılaşanda nə baş verir?" adlı məqalə yazıb.
Həmin məqaləni "Azadlıq.org"a istinadən təqdim edirik:
Postumun başlığı zarafat kimi səslənə bilər, amma Azərbaycanda
baş verən son hadisələr kontekstində bu, aktual və ciddi sualdır.
Mən bu suala üç yöndən cavab verəcəm. Əvvəlcə Afrika haqda bəhs
edən bir qorxunc hekayətdən başlamaq istərdim.
2002-ci ildə mən Konqo Demokratik Respublikasında (KQR) yerli
jurnalistlərə təlim keçirdim. O zaman Kilanda adlı bir oğlanla
tanış oldum. Onu qara magiya ilə məşğul olmaqda ittiham edirdilər
və "cinini çıxararkən" bədənini yandırıb dəhşətli hala
salmışdılar.
Katolik rahibələr yaralarını sarısa da, Kilanda elə aqoniyada
idi ki, danışa da bilmirdi.
Sonra öyrəndim ki, qəddarcasına cin çıxarmaq halları Konqoda
tez-tez baş verir. Bunun çox səbəbi var. Amma uşaqlar ən çox
kimlərinsə gündəlik işlərinin nəhs gətirməsində "günahkar olan"
cadugərlər kimi hədəfə alınırlar.
Medianın bu zorakılığa reaksiyası birmənalı deyil. Kilandanın
başına gələnlər haqqında ətraflı məlumat yayılmalı hadisə olsa da,
yerli televiziya və radiolar bir çox hallarda buna ya ümumiyyətlə
əhəmiyyət verməyib, ya da bu barədə xəbərlər yerli qəzetlərin xırda
ölçülü reklamları arasında it-bat olub.
Ən pisi isə o idi ki, belə hadisələr haqda xəbər yaymalı
jurnalistlər uşaqları ittiham edir, onlara xətər yetirən böyüklərin
"dini" və "mənəvi" cəhətdən narahatlıqlarını qabardırdılar. Sanki
gənc "cadugərlər"in gücü haqda deyilənlər kimlərinsə təxəyyülünün
məhsulu deyil, gerçək həyat faktı idi. Konqo boyu keçdiyim
təlimlərdə mən öz yerli həmkarlarımı az tərəfkeşlik etməyə, mümkün
qədər obyektiv olmağa, Kilanda kimi zəif varlıqlara qarşı
zorakılıqları araşdırmağa, bu barədə xəbər yaymağa çağırırdım.
Bəzi jurnalistlərin reaksiyası düzgün idi. Bəziləri mızıldanırdı
ki, "bizim ənənələri anlamırsınız". Bəziləri isə yəqin düşünürdü
ki, mən də cadugərəm.
Mən cin çıxarmaqla məşğul olan bir neçə "ruhani" ilə görüşdüm və
onlar məni "şeytanla söhbət etməyə" dəvət etdilər. Deməliyəm ki,
Şeytanın ciy-ciy səsi var. O ki qaldı məni Şeytanla görüşdürən
"ruhani"yə, ciddi davranışı inandırıcı olsa da, cındırından cin
hürkən köynəyi əsl həqiqətin nədən ibarət olduğunun göstəricisi
idi: müharibənin viran qoyduğu Konqoda əməlli-başlı iş yerinə sahib
olmaq az qala mələklərin lütfü sayılır. Cadugərlik bir növ bunun
alternatividir, özü də gəlirli işdir.
Beş aydan sonra mən insanları yolundan sapdıran belə şəxslərin
nüfuzunun artmasından narahat halda KDR-i tərk etdim. Amma həm də
bu nəhəng ölkəni gəzən zaman qarşılaşdığım vicdanlı şəxslərlə bağlı
xoş xatirələrim vardı. Bir də, gördüklərim mənə yeni roman üçün
ideya vermişdi (bu barədə irəlidə danışacağam).
Burada Bakıda baş verən hadisələr mənim sualıma ikinci cavabı
tapmağa kömək etdi. "Jurnalist cindarla qarşılaşanda nə baş verir"
sualına. Yaxud jurnalist cinli olduğu deyilən qızla qarşılaşanda nə
baş verir? Bu halda jurnalist biganə qalmır: düşünür ki, bunu
mətbuata çıxarmaq yaxşı olardı, qızı TV-dəki tok-şouya dəvət edir.
Bir neçə "ekspert"lə birgə.
Şou başlayır, qız əvvəlcə passiv şəkildə tamaşaçılar arasında
yer alır, yanında da qardaşı. O qardaş ki, hövsələsi daralaraq
jurnalistlə əlaqə saxlayıb. Aradabir qız gözünü, studiyaya
çağrılmış ekspertlərdən birinə zilləyir, onun üstünə qışqırır.
Həmin ekspert də mistik, fokus-mokus tipli jestlərlə ona cavab
verir, sanki onu hipnoz edir. Qız təngnəfəs olur, qıvrılır və sanki
"cinliymiş" kimi yerə sərilir. Prodüserlər şouya dramatik musiqi
əlavə edirlər və tamaşaçılar ağızları açıq halda bu səhnəyə
baxırlar. Teleyayım melodramatik tondadır və mən özümü 19-cu əsrin
xaoslu, qarmaqarışıq ikipərdəli amerikan vodevillərini seyr edən
kimi hiss edirdim. Amma şoudan sonrakı günlərdə baş verən bəzi
hadisələr daha maraqlı oldu.
Əvvəlcə, Azərbaycanın Milli Tele-Radio Şurası ANS televiziyasını
"uşaqların fiziki və mənəvi inkişafına zərər vurmaqda və
ictimaiyyəti hiddətləndirən qəddarlığa meydan verməkdə" ittiham
edir.
Daha sonra, bir nəfər həmin gənc qızla əlaqə saxlayıb görüş
təyin edir və təkbətək görüşdə ona kömək edəcəyini deyir. Kimsə bu
görüşü lentə alır və Youtube-a qoyur. Həmin videoya bir neçə gündə
140 min adam baxır.
Həvəskar çəkiliş həmin qızı sanki trans halında divanda oturub
gözünü, ona kömək etmək istəyən kişiyə zilləyib pişik kimi
fısıldayan halda göstərir. O da qızın üstünə qışqırır, ucadan
Qurandan nəsə oxuyur, onun çiyninə zərbə vurur, yanan kibritləri
onun alnına və boynuna vurur. Bu, narahatlıq doğuran, amma
baxılmaması mümkün olmayan bir səhnədir. Bir film səhnəsi kimi.
Fərq bundadır ki, bu, real həyatda baş verir, baş verdiyi yer
hansısa evdir və bir yaşlı qadın gözə dəyib üzünü kameradan
gizlədir, sanki kimliyinin bilinməsindən ehtiyat edir.
Aydın görünür ki, bu hadisələr Azərbaycanda qalmaqal yaradıb və
BBC-nin yerli müxbirinin məlumatına görə, gənc qız indi bir kişinin
evində qalır, deyir ki, "naxoşdur", cindar ona kömək edib və hətta
həmin cindara onu təpədən-dırnağacan yandırmağa icazə verməkdən də
məmnun olardı.
BBC-nin müxbiri prokurorluqla əlaqə saxlayıb, ona deyiblər ki,
gənc qız şikayət etməsə, kimsə "cindar"a qarşı ittiham irəli sürə
bilməz. Bu da çətin baş verə. Çünki belə görünür, qızın vəziyyəti
yaxşıdır. Buna ümid edək.
Konqodan saysız nümunələr gətirmək olar ki, gənclər "cinli"
olmaları ilə razılaşır, onları "xilas edənlərlə" eyni oyunu
oynayır, amma bəzən bunun axırı faciəvi olur.
Konqoda uşaqlara "cinli" deyib onları suçlayan, yaxud zorakılığa
məruz qoyan böyüklər üç ilədək həbs cəzası ala bilərlər. Əgər belə
bir qanunun varlığından daha çox konqolu xəbərdar olsa və onu
həyata keçirməyə iradəsi çatsa, yəqin həmin qanun belə zorakı
şəxslərin ipini çəkmək üçün effektiv vasitə ola bilər.
Azərbaycanda isə cin çıxaranların qəddarlığını önləmək üçün
qanun varmı? Yaxud belə qəddarlığın TV-də göstərilməsinin qarşısını
almaq üçün? Mənim cavab verəcəyim sual deyil, amma yəqin kimsə bu
suala cavab verə bilər. Böyüklərin "cinli" uşaqları "xilas etdiyi"
videolar Youtube-u başına almamış bunu etmək yaxşı olardı.
Yekun üçün, mən "Jurnalist cindarla qarşılaşanda nə baş verir"
sualına üçüncü cavabımı deyirəm: Məsələn, mən roman yazdım. Həmin
romanı yazıb çap etdirmək 10 il çəkdi. Əsər 2013-cü ilin dekabrında
işıq üzü gördü. Romanda konqolu küçə uşağı sığınacaq axtarır və
xarici jurnalist ona kömək etmək istəyir: Şeytansa təfərrüatda
gizlənib. Süjet haqda yalnız bunu deyə bilərəm.
Əsər mənim Konqoda gördüklərimə əsaslanır. Mənə ilham verənsə
əvvəldə haqqında danışdığım, ağır xəsarət almış Kilanda olub.
Əsərin birinci hissəsi"Child Witch Kinshasa" dekabrda nəşr olunub,
ikinci hissəsi "Child Witch London" isə martda işıq üzü
görəcək.
Mənim romanım "Afrikanın ən qaranlıq guşələri" haqda ittihamnamə
deyil. Əsərdə deylir ki, günahı yalnız başqalarında axtarma və
vətəndaş müharibəsi kimi mürəkkəb situasiyalarda biz hamımız mənəvi
dəyərlərdən uzaq düşə bilərik, hətta uzaq, dinc və yaşıllığı bol
Londonda da.
Britaniya da "cinli" uşaqlara dəhşətli işgəncələr verilməsinin,
hətta onların öldürülməsi ayininin şahidi olub. Hərçənd son illərdə
mən belə müdhiş qətl barədə yazmamışam. Mənim romanımın bəzi
yerləri hətta komediyadır və mən ümid edirəm ki, bu xırda detallar
getdikcə daha da qəlizləşən böyük və mürəkkəb mövzuya işıq tutmağa
kömək edir.
Uşaqların rifah halı üçün çalışan QHT-lər deyirlər ki, "cinli"
uşaqlara qarşı zorakılıq dünya böyü artıb yayılmaqdadır.
Cin çıxarma bəlkə də qalmaqallı televiziyanın reklamına xidmət
edir. Amma bu, zarafat mövzu deyil.