Britaniyalı məruzəçi Robert Valterin hazırladığı "İşğal
olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması"
adlı məruzənin AŞPA siyasi komitəsinin büro iclasında səsə
qoyularaq qəbul olunmasından sonra Azərbaycan nümayəndə heyətinin
rəhbəri Səməd Seyidov Azərtac-a müsahibə verib.
Səməd Seyidov müzakirələrin çox gərgin keçdiyini, Ermənistan
nümayəndə heyətinin üzvlərinin Robert Valterə qarşı xoşagəlməz
ittihamları ilə başladığını qeyd edib. O, erməni deputatların
Valteri qeyri-obyektivlikdə suçladıqlarını, AŞPA-nın etik
qaydalarına sığmayan ittihamlar səsləndirdiklərini vurğuladı.
Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirdi ki, siyasi
büronun demək olar bütün üzvləri Valterin müdafiəsinə qalxdı. Çünki
burada söhbət təkcə məruzəçinin şəxsiyyətindən yox, eləcə də
AŞPA-nın məruzələrinin hazırlanması ilə bağlı qəbul olunmuş
standartlardan gedirdi. Ermənistan nümayəndə heyəti üzvləri bugünkü
hərəkətləri ilə AŞPA-da hazırlanmış, hazırlanacaq və bu gün
müzakirə olunan sənədlərin təqdim olunma prosedurunu kobud şəkildə
pozurdular.
Səməd Seyidov qeyd etdi ki, erməni deputatlar artıq hazır olan
bu məruzənin müzakirəyə çıxarılmasına hər vəchlə mane olmağa
çalışırdılar. Onlar "Valter bu məruzənin hazırlanmasında
qeyri-obyektiv yanaşmalara yol verib. Onun məruzəsi ləğv
olunmalıdır. Bu məruzə qəbul edilə bilməz. Biz Ermənistanı
dəstəkləyən məruzəçi tapmalıyıq. İstədiyimiz şəkildə məruzə
hazırlamalıyıq" kimi fikirlər səsləndirdilər.
Əlbəttə, bu gülünc və qeyri-obyektiv, həqiqətdən uzaq mövqe
siyasi komitədə dəstək tapa bilməzdi,-deyən Səməd Seyidov bu
mövqeyin tam iflasa uğraması üçün komitə sədrinin bu məsələni səs
verməyə çıxardığını qeyd etdi.
Azərbaycan nümayəndə heyətinin rəhbəri daha sonra dedi: "Biz
əmin idik ki, erməni deputatlar bu səs vermədə uduzacaqlar. Belə də
oldu. Komitənin üzvlərinin demək olar hamısı bu məruzənin
müzakirəyə çıxarılmasına səs verdilər. Komitə üzvləri məruzəçini və
məruzəni tam dəstəklədilər. Bu hadisə bugünkü iclasda birinci
nailiyyət idi. İkinci məsələ isə o idi ki, Ermənistan tərəfi və
nümayəndə heyəti Avropa Şurasının məruzəçisini Ermənistana və
Dağlıq Qarabağa buraxmadı və bununla da özünü çətin vəziyyətdə
qoydu. Faktiki olaraq, məruzəçiyə qarşı Avropa Şurasının qəbul
olunmuş standartları yenidən pozuldu. Bütün bunlar öz əksini
məruzədə tapdı. Biz çox sevinirik ki, Azərbaycan torpaqlarının
işğalı, xalqımıza qarşı törədilmiş etnik təmizləmələr aparılması,
Azərbaycanda qaçqın və məcburi köçkünlər məsələsi də məruzəyə daxil
edilib".
Çətin vəziyyətdə olmasına baxmayaraq Azərbaycan hökumətinin
imkan daxilində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin və
sosial məsələlərinin həlli ilə bağlı gördüyü tədbirlərin də
məruzədə öz əksini tapdığı qeyd olunub.
Səməd Seyidov qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin və
siyasi büronun üzvü kimi o, həmin məruzəyə üç əlavə təklif edib və
hər üç təklif komitə üzvləri tərəfindən dəstəklənərək qəbul
olunaraq məruzəyə daxil edilib:
- Ermənistan nümayəndə heyətinin konstruktivlikdın uzaq
davranışı və apardığı siyasətin pislənilməsi və bu siyasətə son
qoyulması;
- Azərbaycanın işğal olunmuş ərazilərindəki –Dağlıq Qarabağ və
onun ətrafındakı 7 rayonda vəziyyətlə bağlı məsələlərin
Ermənistanın birbaşa məsuliyyəti və onun törətdiyi işğalın nəticəsi
olması;
- Azərbaycanlıların Dağlıq Qarabağda qeyri–qanuni hökm əsasında
girov saxlanılması və onların dərhal azadlığa buraxılması
cümlələrinin məruzəyə əlavə edilməsi.
Bu gün müzakirə olunan məruzə siyasi komitənin demək olar bütün
üzvləri tərəfindən qəbul olunaraq Avropa Şurasının yanvar
sessiyasında açıq şəkildə müzakirəyə tövsiyə olunub.
"Bu, Azərbaycan nümayəndə heyətinin uğurudur. Ermənilərin
həqiqəti gizlətmək, ona mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq
Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsində həqiqət,
ədalət qalib gəlir və AŞPA–da deputatlar arasında Azərbaycanla
bağlı beynəlxalq qanunun normalarına riayət edilməsinə başlanılır.
Mən əminəm ki, bu məruzə yanvar sessiyasında açıq şəkildə müzakirə
olunacaq və dəstəklənəcək. Bu proses Minsk qrupu çərçivəsində
aparılan danışıqlara da öz töhfəsini verəcək", - deyə Səməd Seyidov
bildirib.