Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr
İdarəsinin rəisi Arif Babayev son vaxtlar nazirlik haqqında yayılan
müxtəlif məlumatlarla bağlı APA-nın suallarını
cavablandırıb.
Axar.az həmin müsahibəni təqdim edir.
- Milli Təhlükəsizlik Nazirliyində bəzi əməkdaşların
işdən uzaqlaşdırılması, yenilərinin təyinatı ilə əlaqədar müxtəlif
informasiyalar yayılır. Bəzi məlumatlara görə coxlu sayda əməkdaş
işdən çıxarılıb. Bunlar nə qədər həqiqətə uyğundur?
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
möhtərəm İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin
fəaliyyətində əsaslı dönüş yaradılması, şəxsi heyətdə
nizam-intizamın daha da gücləndirilməsi və peşə keyfiyyətlərinin
yüksəldilməsi istiqamətində qarşıya ciddi vəzifələr qoyub. Bununla
əlaqədar, hazırda Milli Təhlükəsizlik Nazirliyində genişmiqyaslı,
məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Görülən
tədbirlər çərçivəsində, mövcud nöqsanların və çatışmazlıqların
aradan qaldırılması məqsədilə hərbi vəzifə və hərbi xidmət haqqında
qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozmuş, hərbi
qulluqçu kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə
yetirməyən, həmçinin əməliyyat-xidməti fəaliyyətdə ciddi qüsurlara
və intizamsızlığa yol vermiş bir sıra əməkdaşlar vəzifələrindən
uzaqlaşdırılıblar.
Bununla yanaşı, milli təhlükəsizlik nazirinin 1-ci müavini,
nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət
Quliyevin göstərişi ilə, vaxtilə milli təhlükəsizlik orqanlarında
uzun illər işləmiş, lakin müəyyən səbəblərlə xidmətdən
uzaqlaşdırılmış bir sıra əməkdaşların şəxsi işlərinə yenidən
baxılır. Artıq bir neçə peşəkar əməkdaş yenidən xidmətə qəbul
olunub və müvafiq vəzifələrə təyinatlar aparılıb.
- Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən son
hadisələrə dair KİV-də cürbəcür versiyalar sürülür, fikirlər təqdim
olunur. Yayılan məlumatlarla bağlı fikirlərinizi bilmək
istərdik.
- Baş vermiş son hadisələrə ictimaiyyətin maraq göstərməsi başa
düşüləndir. Lakin bəzi məsələlərin, o cümlədən xüsusi xidmət
orqanında kadr təyinatları ilə əlaqədar xəbərlərin doğru, yaxud
qeyri-səhihliyindən asılı olmayaraq, həmin məlumatların
yayılmasında ehtiyatlı olmaq lazımdır. Çünki Milli Təhlükəsizlik
Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada,
səlahiyyətləri çərçivəsində həyata keçirdiyi fəaliyyəti özünün
spesifikliyi, o cümlədən konspirasiya, aşkar və qeyri-aşkar üsul və
vasitərlərdən istifadə etməklə fərqlənir. Bu baxımdan və
ümumiyyətlə geniş mənada götürüləndə də aydın başa düşülməlidir ki,
milli təhlükəsizliyin təmin olunması işində - aidiyyəti orqanlarla
yanaşı bu məsuliyyəti bölüşməli olan, vəzifə borcunu düzgün
qiymətləndirən KİV-lər ölkənin milli mənafeləri və təhlükəsizliyi
ilə bağlı mövzuların işqlandırılması məsələlərinə həssas yanaşmalı
və diqqətli olmalıdırlar. Məsələn, son vaxtlar bəzi qəzetlərdə və
saytlarda "MTN işi", "MTN şəhidin qardaşının pulunu aldı" və ya
"MTN qalmaqalı" kimi absurd, heç bir məntiqə sığmayan qərəzli
başlıqlar və məlumatlar manşetlərə çıxarılır. Bu qəti
yolverilməzdir. MTN - Milli Təhülkəsizlik Nazirliyi deməkdir. Bu
dövlətin icra hakimiyyəti qoluna aid olan mərkəzi icra hakimiyyəti
orqanıdır. Dövlət orqanının adının bu cür müxtəlif mənfi çalarlarla
hallandırılması, təqdim olunması heç bir vəchlə dövlətçiliyə xidmət
etmir.
Bəli, ictimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik
Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə
səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun
pozuntuları faktları üzrə cinayət işi başlanıb, nazirliyin bir neçə
vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə
məhkəmənin qərarları ilə təqsirləndirilən şəxs qismində cəlb
olunublar.
Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin
rəhbərliyi tərəfindən hazırda əməliyyat-xidməti fəaliyyətdə mövcud
nöqsanların, pozuntuların və çatışmaqlıqların aradan qaldırılması
məqsədilə kəsərli tədbirlər görülür.
Lakin təqsirləndirilən şəxs qismində cəlb olunmuş bir qrup şəxsə
görə bütöv bir dövlət orqanının adının müxtəlif mənfi formada
hallandırılması qəbul ediləsi deyil. Unutmaq olmaz ki, Azərbaycanın
milli təhlükəsizlik orqanlarının tarixi Azərbaycan Xalq
Cümhüriyyətindən başlanır. Ümummilli lider Heydər Əliyev zəngin və
mənalı ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr edib. Ulu
öndərin azərbaycanlıq, vətənpərvərlik, dövlətçilik irsini layiqincə
mənimsəmiş bütöv bir nəsil yetişmişdir. Həmin xüsusi xidmət zabiti
korpusu bu məktəbin şanlı ənənələrini qoruyaraq indi də xidmətini
şərəflə davam etdirir. Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları
ölkəmizin müstəqilliyi uğrunda, torpaqlarımızın erməni
işğalçılarından qorunması və azad edilməsi yolunda canlarını qurban
veriblər. Bu gün MTN-in Heydər Əliyev adına Akademiyasında
gələcəyin təhlükəsizlik zabiti olacaq xeyli sayda gənc oğul və
qızlarımız kursant qismində təhsil alır. Əlbəttə ki, bu cür
düşünülməmiş məlumatların KİV-də yer alması xoş təsir
bağışlamır.
Bundan başqa, yaddan çıxarmamalıyıq ki, Azərbaycan müharibə
şəraitində olan ölkədir. Yaxın bölgələrdə baş verən qanlı
hadisələr, o cümlədən tüğyan edən beynəlxalq terrorçuluğun
doğurduğu təhlükələr fonunda milli KİV-imizdə Milli Təhlükəsizlik
Nazirliyinin bir dövlət orqanı kimi nüfuzunun aşağılanması düzgün
addım deyil.
- Hazırda milli təhlükəsizlik naziri vəzifəsinə təyinat
olmayıb. Bununla bağlı müxtəlif xəbərlər dolaşmaqdadır. Bu barədə
nə deyə bilərsiniz?
- Bununla bağlı onu deyə bilərəm ki, nazir vəzifəsinə təyinat
məsələsi yalnız möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin müstəsna səlahiyyətinə aiddir. Eyni
zamanda o da qeyd olunmalıdır ki, Milli Təhlükəsizlik nazirinin
1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab
Mədət Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin bütün əmr və göstərişləri Milli Təhlükəsizlik Nazirliyində
dərhal və vicdanla yerinə yetirilir.
Milli Təhlükəsizlik Nazirliyi ölkəmizdə sabitliyin və
təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müsbət fəaliyyətini
əzmlə davam etdirir. Ölkənin digər hüquq-mühafizə orqanları ilə
birlikdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycanın
milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının
alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata
keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur.