Bu, dəhşətli faktlardır.
Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük
ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli
sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən
alınıb.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri
noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının
açılış mərasimindəki nitqində bildirib.
Dövlət başçısı qeyd edib ki, sahibkarlardan külli miqdarda
rüşvət alınıb: "Bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də
demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir,
işi asanlıqla getsin deyə rüşvət verir.
Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak,
vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər.
Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət
verməlidir".
Ölkə başçısının sözlərinə görə, heç bir cəmiyyət kamil deyil:
"Hər bir ölkədə pozuntular var. Misal üçün inkişaf etmiş ölkələrdə
gizli həbsxanalar yaradılıb.
Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala
çevrilib. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan
ölkələr bax, bu işlərlə məşğuldurlar.
İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda
saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə,
yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi
fəaliyyətə görə həbs edilir, saxlanılır".
Prezident vurğulayıb ki, bəzi hallarda onları neçə il girov kimi
saxlayırlar: "Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız,
ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu
varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.
Yəni bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda
olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun.
Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu
istəyir.
Ona görə də məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır.
Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlar
və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir.
Ancaq hələ görüləsi işlər çoxdur".