Son günlər bəzi mətbuat
orqanlarında Azərbaycan Bayrağı ordenli İbad Hüseynova qarşı
qaralama, linc etmə kampaniyasına qarşı çıxanlardan biri də
"Əsgər"filiminin rejissoru Etibar Məmmədovdur.
Axar.az E.Məmmədovun Vətəninfo.az-a mövzu ilə bağlı müsahibəsini
təqdim edir:
- Son günlər İbad Hüseynovun həyatı və döyüş yolundan
bəhs edən "Əsgər" sənədli filmi haqqında müxtəlif məlumatlar
yayılıb. İddiaya görə, keçmiş nazir Eldar Mahmudov bu filmin
çəkilməsində maraqlı imiş...
- Tamamilə yalandır. MTN-nin "Əsgər" filminin sponsorluğuna
qətiyyən aidiyyəti yoxdur. Bunu tam məsuliyyətlə, filmin rejissoru
olan bir şəxs kimi deyirəm. Bu filmi vətənpərvər bir insan
maliyyələşdirib, ancaq adının çəkilməməsini istəyib. İkincisi, bu
filmin keçmiş nazir Eldar Mahmudovla da heç bir əlaqəsi yoxdur.
Sadəcə, filmdə 1993-cü il hadisələrinin canlı şahidi olmuş bir
nəfərin müsahibə verməsi üçün MTN-ə rəsmi müraciət etdik. İcazə
məhdudiyyətli idi, ona görə ki, o zaman əməliyyatçı olmuş həmin
şəxs film çəkilən zaman da məxfi statusunda idi. Üzünü bağlamaqla
və mövzuya aid cəmi iki sual vermək şərti ilə müsahibəyə icazə
verildi. Çəkiliş bu şərtlərlə aparıldı. Buna görə filmin sonunda
yaradıcı heyət Milli Təhlükəsizlik Nazirliyinə təşəkkürünü
bildirdi. Vəssalam. Sponsorluq və digər ortaya atılan məsələlər ağ
yalandır.
- Belə çıxır ki, belə məlumatları yayanlar filmlə tanış
deyillər?
- Bəli. Birincisi, son günlərin yalan və iftiralarını yayanlar
bir dəfə də olsun "Əsgər" filminə baxmayıblar. Baxsaydılar,
"MTN-nin sponsorluğu ilə" ifadəsini yazmazdılar. Filmə baxmadan,
məsələnin mahiyyətindən tam xəbərsiz ola-ola belə yalan uydurmaq
ondan xəbər verir ki, burada söhbət qara piardan gedir. Birinci
yalan, avtomatik olaraq, ikincini doğurur. İkinci yalan ondan
ibarətdir ki, guya filmdə Monte Melkonyanın məhv olunması
əməliyyatının MTN tərəfindən planlaşdırıldığı, İbad Hüseynov
tərəfindən həyata keçirildiyi deyilir. Bu da iftiradır. Filmə
baxsanız, görərsiniz ki, orada təqdim olunan sənədlər Müdafiə
Nazirliyinin arxivindəndir, respondentlər isə Müdafiə Nazirliyinin
keçmiş hərbçiləridir.
- İbad Hüseynovun Monte Melkonyanı öldürməsini təsdiq
edən başqa mənbələr varmı?
- Əlbəttə, var. Çox mötəbər elm adamları, xarici ölkələrin
strateji mərkəzləri, hətta ötən əsrin 90-cı illərinin əvvəllərində
respublikada gedən proseslərdən xəbəri olan insanlar öz əsərlərində
yazırlar ki, Monte Melkonyanı İbad Hüseynov öldürüb. Onlar bunu
etməyə də bilərdilər. Bu məlumatı dəfələrlə yoxlayıb sonra
kitablarına, məruzələrinə daxil ediblər. Ancaq təəssüflər olsun ki,
Azərbaycanda yoxlanmamış, sifariş xarakterli yalanlar yazılır. Bu,
təəccüb və təəssüf doğurur. Belələri aranı qarışdırmaq istəyən
sifarişçilərin əmrini icra edənlərdir: mənəviyyat, mərdlik, həqiqət
kimi dəyərlərdən bixəbərdirlər. Bu yalanı yayanlardan birini çox
yaxın keçmişdə hamı vətən xaini adlandırırdı. Həmin xain iddia
edirdi ki, guya Xocalını ermənilər yox, azərbaycanlılar törədib.
Həmin xain öz əməllərinə görə həbsə alınmışdı. İndi nə baş verdi
ki, vaxtilə ermənilərin dəyirmanına su tökən xainin sözlərinə
inandılar? Heç nə baş vermədi. Sadəcə, ucuz, cılız və ən əsası,
yoxlanılmamış sensasiyanı dərc etmək istəyi bütün digər tələbləri
üstələdi.
- İbad Hüseynov və Monte Melkonyan adları həmişə
yan-yana çəkilir və həmişə belə qalmaqallar baş
verir...
- Doğrudur. Ancaq mən sizə deyim ki, Melkonyan İbad Hüseynovun
döyüş yolunun heç 1 faizi də deyil. Sadəcə, o zaman film çəkmək
ideyası yarananda bu əhvalatın üzərində dayandıq, çünki Avo
(Montenin ləqəbi) ASALA beynəlxalq erməni terror təşkilatının
rəhbərlərindən biri idi. İbad Hüseynovun Azərbaycanın ərazi
bütövlüyü uğrunda iştirak etdiyi daha genişmiqyaslı döyüşləri olub.
Həmin döyüşlərdən biri ekranlaşdırılacaq. Mən istisna etmirəm ki,
onda da bəzi ağzıgöyçəklər çıxıb nəsə danışmaq istəyəcəklər. Ancaq
tam əminəm ki, indiki kimi onda da onların çığırtıları yalnız
özlərinə qalacaq.