Ana səhifə Gündəm |
Urmu gölü qış aylarındakı yağıntının umuduna qalarsa, gələn ilin yayına qədər göl deyil, çöl olacaq. İran bunun haqqında ciddi düşünsə, gölü yenidən canlandıra bilər. Amma bu rejim hakimiyyətdə olduğu müddətdə Urmu gölünün canlanması mümkün olmayacaq.
Bu sözləri Axar.az-a güneyli jurnalist Məsud Haray deyib.
O, Urmu görünün qurumasını ekoloji fəlakət adlandıraraq, güclü tufanın baş verəcəyi halda 8 milyard tondan çox duzun ətraf bölgələrə yayıla biləcəyini vurğulayıb:
“Bu isə təbiətə və insan səhhətinə ciddi zərər vuracaq. Mütəxəssislər duzun 500 km əraziyə yayılma riskinin olduğunu deyir. Urmu gölünün ətrafında yaşayan insanlar ciddi xəstəliklərdən də əziyyət çəkir. Dəri xəstəlikləri, xərçəng, qan təzyiqi və tənəffüs yolu çatışmazlıqları ilə bağlı insanlar son zamanlar daha çox şikayət edir. Havada duzla barəbər, zərərli maddələr də əmələ gəlir və bu da insan orqanizmi üçün problem yaradır. Belə davam edərsə, insanlar sağlamlıqlarından dolayı oranı tərk etməyə məcbur qalacaq”.
Onun sözlərinə görə, İran rejimi son 20 ildə addım-addım Urmu gölünü quraqlığa çevirmək layihəsini həyata keçirib:
“Zənbil dağını söküb gölün ortasından 11 km torpaq yol çəkdilər, gölə tökülən çayların qarşısını almaq üçün 72 bənd vuruldu. Bununla da gölün qurumasına rəvac verdilər. Səddin arxasında toplanan suyun isə heç bir faydası olmadı. Bunu özləri də dəfələrlə etiraf edib. Əkinçiliyi inkişaf etdirmək adı ilə 680 min hektar ərazi ayırdılar. Lakin əkinçilik üçün ayrılan ərazilərin yüz qatı və digər böyük sahələr quraqlığa çevrildi. Bunları qəsdən ediblər. Ekoloqların həyəcan çağırışına məhəl qoyulmadı. Bu barədə danışan insanları həbsə atdılar. Səbəbi isə bu fəlakət haqqında danışanları susdurmaq idi”.
Məsud Haray hesab edir ki, Urmu gölünün quruması rejimin düşünülmüş siyasətinin nəticəsidir:
“Rejimin əsas məqsədlərdən biri Güney Azərbaycanda yaşayan türkləri öz vətənlərindən didərgin salmaqdır. Urmu gölünün ətrafından 15 milyona yaxın insan köçmək məcburiyyətindədir. Buradan köçüb gedən insanlar fars bölgələrində yaşamalı, işləməlidir. O zaman assimilyasiya siyasəti daha rahat baş verəcək. Rejim görür ki, Azərbaycanda milli müqavimət hərəkatı formalaşıb. Ona görə də öz kimliklərinə sahib çıxmaq istəyən türkləri fars bölgələrinə yönəltmək siyasəti yürüdürlər. Bizim bölgədəki sərmayədarları, fabrik sahiblərini burdan qaçırmağa və qorxutmağa başladılar. İş adamlarının imkanlarını fars əyalətlərinə ötürüb, bizneslərini qurmaları üçün onlara hər cür şərait yaratdılar”.
Məsud Haray İranın Urmu gölünün çöllüyə çevrilməsi siyasətini belə izah edib:
“Millətin içində İrandan canını qurtarıb müstəqil Azərbaycan və Bütöv Azərbaycan qurmaq inamı vardır. Hətta Xameninin müşaviri (Əli Əkbər Vilayəti – red.) özü belə deyib ki, gec, ya tez, Azərbaycan İrandan ayrılacaq, bizim ora sərmayə yatırmağımız boş və əbəsdir. Elə o gündən bu günə kimi də bu siyasətlərinə sadiqdilər. Farslar bizə yaşıllıqla örtülmüş yer yox, qurumuş çöllərin qalmasın istəyirlər”.
O, həmçinin, İran rejiminin Urmu gölü ətrafında daha bir oyunundan söz açıb:
“Farslar Urmu gölünün ərazisində köçüb gedən türklərin yerinə kürdləri yerləşdirmək istəyir. Müxtəlif zamanlarda bunu iranlı məmurlar da etiraf ediblər. Necə ki, bir zamanlar ruslar Naxçıvan, Türkiyə və Azərbaycan arasında bir Ermənistan yaratdılar, eyni planı farslar həyata keçirmək istəyir. Quraqlıq yaranan kimi kürdləri bura yerləşdirəcəklər. Kürdlər birləşmək istəyən Güney və Quzey arasında bir divar rolunu oynayacaq. Bir yandan isə Türkiyədəki kürdləri müdafiə etmək və terrorizmi ayaqda tutmağa nail olacaqlar”.
Tarix
2023.02.10 / 08:30
|
Müəllif
Vüsalə İsgəndərova
|