Ana səhifə Gündəm |
Fransa və Almaniya hüquq-mühafizə orqanları əməkdaşlarının Ermənistana müşahidəçi qismində gəlməsi həm missiyanın mahiyyəti, həm də Avropa Birliyinin Ermənistanda və bütövlükdə regionda möhkəmlənmək baxımından uzunmüddətli niyyətləri ilə bağlıdır.
Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq, təhlükəsizlik üzrə ekspert David Arutyunov deyib.
Arutyunovun sözlərinə görə, missiya formal olaraq mülki xarakter daşısa da, hərbi sferada olan tapşırıqları yerinə yetirəcək:
“Təmas xəttində və yaxud sərhəddə monitorinq, atəşin qeydə alınması, situasiyanın qiymətləndirilməsi – bütün bunlar hərbi biliyi və təcrübəsi olmadan çox çətindir.
Başqa variantlar da mümkündür, çünki avropalıların gələcək planlarından, bu missiyadan sonra nə baş verə biləcəyindən xəbərimiz yoxdur. İlk missiya kifayət qədər kiçik idi, lakin sonra müşahidəçilərin sayı xeyli artdı. Gələcəkdə mövcudluğun genişlənəcəyini və güc komponentinin daha qabarıq olacağını istisna edə bilmərik. Bu baxımdan indiki missiya “müqəddimə” də ola, AB-nin regionumuzda güc komponenti üzərində daha genişmiqyaslı iştirakına zəmin yarada bilər”.
O bildirib ki, AB-nin regionda daha böyük mövcudluğa hazır olub-olmadığını zaman göstərəcək:
“Bu, daha çox iki ildən sonra – yeni missiyanın müddətinin başa çatdığı vaxt regional balansdan asılı olacaq. Hər halda, enerji resursları problemini nəzərə alsaq, Cənubi Qafqaza maraq indi ciddidir”.
Niyə məhz indi hüquq-mühafizə orqanı əməkdaşlarının göndərilməsinə gəlincə, ekspert deyib ki, Rusiya və Azərbaycan amili nəzərə alınmalıdır və vəziyyətin özü də AB üçün kifayət qədər yenidir:
“Son vaxtlara qədər ehtimal edilirdi ki, regionda güc və hərbi məsələlər Rusiyanın səlahiyyətindədir, AB daha çox iqtisadi, sosial-siyasi layihələrdə iştirak edirdi. İndi isə avropalılar müəyyən mənada Cənubi Qafqazda Rusiyaya meydan oxuyurlar, buna baxmayaraq, kəskin addımlar atmırlar – təhlükəsizlik qüvvələrini ehtiyatla cəlb etmələrinin səbəbi budur.
AB-nin öz hüdudlarından kənarda hərbçi yerləşdirmə imkanları kifayət qədər məhduddur. Əlbəttə ki, onlar bu imkanların yaradılması üzərində işləyirlər, lakin bütün bunlar ilkin mərhələdədir”.
Arutyunovun fikrincə, AB-nin Ermənistanda mövcudluğu uzun müddət “hibrid” ola bilər - mülki və təhlükəsizlik elementlərini özündə birləşdirməklə; lakin hərbi-siyasi mövcudluğun gücləndirilməsi tendensiyaları birmənalıdır:
“Bu missiyanın effektivliyini sual altında qoyan zəif cəhəti isə iş alqoritmidir: maraqlıdır, onlar pozuntu qeydə alıandan sonra nə baş verəcək, pozuntu faktına görə ölkə necə məsuliyyət daşıyacaq? Bu sualların cavabı yoxdur”.
Qeyd edək ki, Ermənistana yeni AB monitorinq missiyasının göndərilməsi barədə qərar bu il yanvarın 23-də AB Şurası tərəfindən qəbul edilib. Brüssel rəsmilərinin sözlərinə görə, ikiillik missiya Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək və İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına şərait yaratmaq üçün nəzərdə tutulub.
Missiyanın tərkibinə Almaniyanın 15 polisi, Fransanın 8 jandarması daxil edilib. Digər dövlətlərin bu missiya üçün kimləri görəvləndirdiyi bildirilməsə də, onların da istefada olan hərbçilər olacağı göslənilir.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu missiyanın mülki olması ilə bağlı Rusiya lideri Putinə əmin etmişdi.
Tarix
2023.02.17 / 09:00
|
Müəllif
Axar.az
|