İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün
Pakayin ANS-ə
eksklüziv müsahibə verib.
Səfir İran və Azərbaycanın
arasındakı münasibətlərdən, Xəzər dənizinin statusundan və son
günlər Cənubi Azərbaycanda baş verən etiraz aksiyalarına münasibət
bildirib.
Möhsün Pakayin iki ölkə arasında əlaqələrin çox yaxşı inkişaf
etdiyini vurğulayıb və buna sübut kimi dekabr ayında iki ölkənin
müştərək iqtisadi komissiyasının iştirakı ilə iclasın
keçiriləcəyini bildirib:
"Biz iki ölkə arasındakı müştərək iqtisadi komissiyanın 10-cu
iclasını keçirməyə hazırlaşırıq. Dekabrın üçüncü ongünlüyündə iki
ölkənin iqtisadiyyat rəsmilərinin iştirakı ilə Tehranda konfrans
baş tutacaq. Bir çox sahələr üzrə, o cümlədən bank, energetika,
tranzit ticarət, turizm, əkinçilik, baytarlıq, gigiyena sahələri
üzrə müzakirələr aparılacaq. Bəzi sahələrdə sənədlərin imzalancağı
gözlənilir. Nəzərə alsaq ki, bu iclas İrana qarşı sanksiyaların
ləğvi ilə eyni vaxta düşür, mənim fikrimcə, iki ölkə arasında bu,
müsbət bir addım olacaq".
İran səfiri həmçinin Xəzər dənizində də iki ölkənin əlaqələrini
yüksək qiymətləndirib. Onun sözlərinə görə, dənizin hüquqi statusu
üzrə İran və Azərbaycanın baxışları eynidir. Xəzərin təhlükəsizlik,
ekologiya, gəmiçilik, balıqçılıq, xüsusilə də enerjidən istifadə
sahəsində əməkdaşlıq mövcuddur:
"Bakı ilə Tehran arasında müəyyən yataqların işlənməsi barədə
danışıqlar gedir. Hər iki ölkənin mütəxəsisləri əməkdaşlığın
səviyyəsini araşdırır və ümid edirik ki, müsbət nəticə əldə
olunacaq. Sizə mühüm xəbərim 20 noyabr tarixində OPEK-in qaz
ixracatı üzrə iclas keçiriləcəyi ilə bağlıdır. 24 noyabrda isə
dövlət rəsmiləri burada olacaq. 7 ölkənin dövlət başçısı iştirakını
təsdiqləyib. Rusiya, Türkmənistan, Boliviya, İraq, Qvineya,
Venesuela prezidentlərinin iştirak edəcəyi toplantıda Azərbaycan
rəsmilərinin də qatılacağına ümidvarıq".
Möhsün Pakayin Azərbaycan və İran arasında olan nəqliyyat
infrastrukturu mövzusuna toxunaraq Rəşt-Qəzvin-Astara dəmiryolunun
təkmilləşdirilməsini qeyd edib. Səfir İran tərəfinin 2017-ci ilə
qədər işin başa çatdırılmasını planlaşdırdığını söyləyib. O deyib
ki, Azərbaycan da öz tərəfində 7 km-i və İran tərəfində olan 2 km-i
2016-cı ilə qədər tikib başa çatdıracaq. "Hazırda bu dəmiryolunun
maliyyə tərəfinin həlli üçün Çin və Rusiya şirktələri ilə
danışıqlar aparılır. Çin artıq öz razılığını bildirib. İran və
Azərbaycan da sərmayə qoyacaq. Yəni artıq iş başlayıb", - deyə
səfir bildirib.
Son günlər Cənubi Azərbaycanda vəziyyətin gərginləşməsinə səbəb
olan "Fitiləha" televiziya proqramı ilə əlaqədar ANS-ə danışan
səfir bu proqramın İranda artıq 10 ildir ki, nümayiş olunduğunu və
çoxları tərəfindən sevildiyini deyib:
"Təəssüflər olsun, ki, son proqramda azərbaycanlılara toxunan
bir yumordan istifadə olunub. Proqramda istifadə olunan sözlər
etiraza səbəb olub. Mən özüm də farsdilli olaraq bu proqramdan razı
deyiləm və bu hadisədən narahatlıq keçirdim. Orda istifadə olunan
sözlər uşaqlar üçün münasib deyil. Təkcə İran azərbaycanlıları
deyil, fars xalqı da bunu tənqid edir. Həqiqət bundan ibarətdir ki,
bu bilərəkdən baş verməyib. Proqramın aparıcısı da azərbaycanlıdır
və proqramın sonunda üzrxahlıq edib. İran televiziya proqramları
şəbəkəsi azərbaycanlılardan üzr istəyib və proqram dayandırıb.
Sadəcə müəyyən yanlışlıq olub və bu, hər yerdə ola bilər".
Onun sözlərinə görə, bu hər bir ölkədə baş verə biləcək
hadisədir. "Bəzi millətçi və separatçı qruplar xarici ölkələrdən
dəstək alaraq bundan istifadə etdilər. İranı ittiham etdilər və
ittiham edərək ölkənin daxili işinə qarışdılar. Bu İranın daxili
işidir və heç bir ölkəyə bunun dəxli yoxdur. Biz sevinirik ki,
Azərbaycanın dövlət rəsmiləri düzgün və ədalətli mövqe nümayiş
etdirdi. İki ölkənin əlaqələrinə mənfi təsir edəcək hadisələrin
təkrarlanmamasına ümid edirik."