2014-cü ildə teraktlar nəticəsində ölənlərin sayı
2013-cü ilə nisbətən 80% çoxalıb və ümumilikdə 32.658 nəfərə
çatıb.
Axar.az xəbər verir ki, bu statistika Sülh və İqtisadiyyat
İnstitutunun hesabatında yer alıb.
2013-cü ildə 88 ölkədə törədilən teraktlar 2014-cü ildə 93
ölkədə həyata keçirilib.
İnstitut 2014-cü ildən dünyada törədilən teraktların 51%-nə görə
məsuliyyətin İŞİD və Boko Haramın üzərinə düşdüyünü bildirib. Yeni
hesabatda dünya ölkələrinin terror indeksi də açıqlanıb. Yeni
tərtib olunan siyahıya 162 ölkənin adı daxil edilib.
Reytinq cədvəlindəki ilk beşlikdə İraq, Suriya, Nigeriya,
Əfqanıstan və Pakistan qərarlaşıb. Növbəti təhlükəli ölkələr
sırasında Hindistan, Yəmən, Liviya, Somali və Tailand gəlir. İlk
onluğa daxil olan ölkələrin böyük bir qismi müxtəlif konfliktlərin
hökmran olduğu yerlərdir. Onlardan bəziləri isə sadəcə böyük terror
təşkilatlarının əsas fəaliyyət məkanı sayılır.
MDB
MDB məkanı ilə bağlı göstəricilər də ürəkaçan deyil. Hazırda bu
regionda ən gərgin vəziyyət Ukrayna və Rusiyaya aiddir. Ukrayna bu
siyahıda 12-ci, Rusiya isə 23-cü yeri tutur.
MDB ölkələri içərisində daha az təhlükəli bölgə Qafqazdır.
Azərbaycan bu siyahıda 93-cü, Gürcüstan 71-ci (keçən il 56-cı yerdə
idi – red.), Ermənistan isə 116-cı pillədədir. Azərbaycan üçün
terror təhlükəsi 10 ballıq maksimal nisbətlə müqayisədə 1,38 bal
səviyyəsində dəyərləndirilib.
Mərkəzi Asiyada da terror qorxusu keçən ilə nisbətən azalıb.
Siyahıda Qazaxıstan 83-cü, Tacikistan 84-cü, Qırğızıstana 86-cı,
Özbəkistan və Türkmənistan tam təhlükəsiz yerdə - sonuncu pillədə
göstərilir: hər iki ölkənin terror təhlükəsi şkalası sıfırdır.
Yaxın Şərq
Bölgənin ən təhlükəli nöqtələrinin burada olması region
dövlətləri üçün də vəziyyəti çətinləşdirib. Hazırda məhz bu
regiondakı üç dövlət (İraq, Yəmən və Suriya – red.) terakt
məkanları siyahısına liderlik edir. Livan 21-ci, İsrail 24-cü
yerdədir.
Yeni hesabatda Türkiyə də təhlükəli ölkələr sırasındadır - 27-ci
yerdə (2013-cü ildə 17-ci yeri tuturdu – red).
Cənub qonşumuz İran təhlükəli ölkələr siyahısında 39-cu pilləyə
qalxıb. Bəhreyn (31-ci yer) və Səudiyyə Ərəbistanının (43-cü yer)
vəziyyəti də yaxşı sayılmır.
Digər ərəb ölkələrində isə vəziyyət nisbətən normaldır. Suriya
böhranının əsas oyunçularından hesab edilən Qətər sonuncu
pillədədir. Birləşmiş Ərəb Əmirlikləri (101-ci yer), Küveyt (123-cü
yer) və Oman da (sonuncu yer) terrorun az ola biləcəyi yerlər
siyahısına aiddir.
Avropa və ABŞ
Paris teraktı Qərbin, xüsusilə Avropanın terrordan
sığortalanmadığını sübuta yetirdi. Hazırda Avropa Birliyi üçün ən
pis göstərici Böyük Britaniyaya aiddir. Avropada müsəlmanların ən
çox yaşadığı ölkələrdən sayılan Britaniya siyahıda 28-ci yeri
tutur. Britaniyadan sonrakı yer isə Yunanıstana aiddir. Avropaya
axın edən miqrantların birlik ərazisinə keçməsi üçün məhz bu
ölkədən istifadə etməsi Afinanın vəziyyətini ağırlaşdırıb.
Noyabrın 13-də terror qurbanı olan Fransa isə ötən ilin reytinq
cədvəlində 36-cı yerdə qərarlaşıb. Lakin Parisin göstəricilərinin
pisləşəcəyi və daha da önə keçəcəyi gözlənilir (bu siyahı 2014-cü
ilin nəticələri əsasında hazırlanıb).
Əsas hədəflər siyahısında yer alan Almaniya isə adı çəkilən
ölkələrə nisbətən yaxşı mövqedədir. Berlinin göstəriciləri 53-cü
yerə layiq görülüb. Almaniyadan sonrakı yeri isə İtaliya tutur.
Bir zaman 11 Sentyabr terroru ilə silkələnən ABŞ da ən
təhlükəlilər siyahısında Fransadan bir pillə öndə - 35-ci yerdə
qərarlaşıb.
Qeyd edək ki, 2013-cü ildə dünyada terror qurbanlarının sayı
18111 nəfər olub.