Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi
müsahibəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət
başçıları səviyyəsində Akvil, Muskoka, Dövil, Los-Kabos və
Enniskilendə verdikləri bəyanatlarını və ATƏT-in Helsinki Yekun
Aktının prinsiplərinin mahiyyətini təhrif edir, öz xalqını və
beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərir. Bu, həmçinin
Ermənistan XİN-in beynəlxalq sənədləri dərk etmə səviyyəsinin
dayazlığını göstərən növbəti faktdır.
APA-nın
məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri
Edvard Nalbandyanın müsahibəsinə cavab olaraq deyib.
Onun sözlərinə görə, 1975-ci il Helsinki Yekun Aktında öz təsbitini
tapmış prinsiplərin bir-biri ilə bağlı olduğu, onların bərabər və
ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, ilk növbədə
bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi
suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək
hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd olunur. "Eləcə
də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü
prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə
edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər,
dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən
istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul
edilməməsinə dair dövlətlərin öhdəliyi var. Həmçinin xalqların öz
müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin
ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin
həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz.
Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: "İştirakçı dövlətlər
xalqların bərabər hüquqları və öz müqəddaratını təyin etmək
hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və
prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də
dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcək".
Həmsədr ölkələrin prezidentlərinin qeyd olunan bəyanatında Helsinki
Yekun Aktına uyğun olaraq, münaqişənin həllinə dair prinsiplər bu
ardıcıllıqla verilib: güc tətbiq etməmək və ya güc tətbiq edərək
hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyin
etmə".
H. Hacıyev qeyd edib ki, güc tətbiq etmək və ya güc tətbiq edərək
hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi hələ də
anlamır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi
məsuliyyəti də bilavasitə ona aiddir. "Hərbi güc tətbiq edərək,
Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır.
Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent
saxlayaraq, hədə doğuran tərəf də məhz Ermənistandır. İndi
Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc
tətbiq edərək ərazilərin işğalı və törədilmiş etnik təmizləmənin
nəticələrini "öz müqəddəratını təyin etmə" kimi təqdim etməyə cəhd
göstərir. Bu sadəcə olaraq, Ermənistanın Azərbaycana qarşı işğalını
uğursuz formada pərdələmək cəhdindən başqa bir şey deyil.
Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin ərazi bütövlüyünə və
suverenliyinə xələl gətirmədən, Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin Azərbaycan və erməni icmalarının müvafiq muxtariyyət
statusu əsasında bu hüquqdan istifadə edə bilərlər.
Qeyd olunanlarla bərabər, münaqişənin həllinin hüquqi-siyasi
əsasları xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul
edilmiş 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı
qətnamələrində müəyyən olunub. Qətnamələr Azərbaycanın ərazilərinin
işğal edilməsini qınayıb, Azərbaycanın suverenliyi və ərazi
bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan
sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Eləcə də
Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın
tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün
işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar
mövqe nümayiş etdiriblər", - deyə o vurğulayıb.
H. Hacıyev bildirib ki, Ermənistan beynəlxalq ictimaiyyətin
mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul
olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün
qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş
ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və
yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma
yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq
hüququnu rədd edərək hazırkı "status-kvo"nun möhkəmlənməsinə
yönəlmiş səylər göstərməyə davam edir. O qeyd edib ki, yaranmış
vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə
düşür.