Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın
23-də Tehranda keçirilən Qaz İxrac edən Ölkələr Forumuna (Gas
Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət
başçılarının 3-cü sammitində iştirak edib.
Report-un məlumatına görə, Tehranda keçirilən
3-ü sammitdə dünya enerji daşıyıcı bazarındakı vəziyyət müzakirə
edilib.
3-cü Qaz sammitinin nəticəsi kimi imzalanan "Tehran
Bəyannaməsi"ndə Azərbaycanın Forumda müşahidəçi statusu aldığı qeyd
olunur.
GECF-in Baş katibi vəzifəsinə növbəti iki il müddətinə İranın
nümayəndəsi - Hosseyn Adeli seçilib.
Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları
üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst
planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və
effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz
hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və
gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər
qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas
istiqamətlərini təşkil edir.
Azərbaycanın da Qaz İxrac edən Ölkələr Forumuna qoşulması
tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz
hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin
bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin
enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların
tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət
daşıyır.
Qaz İxrac edən Ölkələr Forumu 2001-ci ildə Tehran şəhərində
yaradılıb, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis
edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı
Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya,
Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya,
Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 6 müşahidəçi (Qazaxıstan,
Hollandiya, Norveç, İraq, Oman və Peru) üzvü var. Foruma üzv
ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizini, boru kəmərləri
ilə ticarətin 35 faizini, LNG istehsalının 85 faizini cəmləşir. Qaz
İxrac edən Ölkələr Forumunun ilk sammiti 2011-ci ildə Qətərdə,
ikincisi isə 2013-cü ildə Moskvada keçirilib.