"Belə çirkin üsullla nə Şuranın, nə də Azay Quliyevin
ictimai nüfuzuna xələl gətirmək mümkündür".
Axar.az Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru Fərasət
Qurbanovun mətbuata müsahibəsini təqdim edir.
- Fərasət müəllim, noyabrın 26-da Şura QHT-lərin
Ümumrespublika toplantısını keçirməyi planlaşdırır. Bu tədbirin
məqsədi və müzakirə olunan məsələlər haqqında məlumat verməyinizi
xahiş edirəm
- Bəli, 26 noyabr, saat 11:00-da Hilton hotelinin "Sevda"
zalında Şura QHT-lərin Ümumrespublika Toplantısını keçirəcəkdir.
Toplantının əsas məqsədi 2016-cı il üçün elan edəcəyimiz maliyyə
müsabiqəsinin mövzularını QHT-lərlə müzakirə etmək və bu barədə
onların istək və təkliflərini öyrənməkdir. Bilirsiniz ki, Şura hər
il qrant müsabiqəsi elanından öncə QHT-lərlə ictimai dinləmə təşkil
edir və QHT sektorunun vacib və prioritet hesab etdiyi mövzuları
müsabiqənin əsas mövzuları sırasına daxil edir. Noyabrın 26-da
keçirəcəyimiz tədbirdə də QHT-lərlə məsləhətləşmə aparılacaq və
onların rəy və təklifləri nəzərə alınacaq.
- Toplantıya kimlər dəvət olunub?
- Fəaliyyət göstərən bütün QHT-lər, o cümlədən region QHT-ləri
toplantıya dəvətlidir. Təxminən 500 QHT-nin iştirakı gözlənilir.
Ona görə də biz tədbiri QHT-lərin Ümumrespublika toplantısı
adlandırırıq.
- Fərasət müəllim, Siz Şuranın icraçı direktoru kimi
QHT-lərin həyata keçirtdikləri layihələrə birbaşa cavabdehlik
daşıyan və bu işə nəzarət edən şəxs olaraq onların icra vəziyyəti
barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, QHT-lər öz müqavilə
öhdəliklərini necə yerinə yetirirlər?
- Suala görə təşəkkür edirəm. Mən bu haqda istər QHT-lərlə
keçirdiyim görüşlərdə, istərsə də mətbuatda öz fikirlərimi daim
açıq şəkildə bildirirəm. Ümumiyyətlə, layihələrin icra vəziyyəti
qənaətbəxşdir. QHT-lərə ayrılan qrantlar hesabına həm ölkə
daxilində, həm də xaricdə çoxlu sayda ictimai əhəmiyyət kəsb edən
və milli maraqlarımıza xidmət edən layihələr icra olunubdur. Bu
haqda biz hər il QHT-lərin və mətbuatın iştirakı ilə hesabat verir
və layihələrin icrasına həsr olunmuş ayrıca kitab çap edirik.
Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, Şura hər il fəaliyyəti
və gördüyü işlər haqqında cənab Prezidentə rəsmi hesabat təqdim
edir. Yeri gəlmişkən təvözakarlıqdan uzaq olsa da ayrıca vurğulamaq
istərdim ki, Şura ölkədə fəaliyyət göstərən yerli və xarici
donorlar içərisində yeganə təşkilatdır ki, həm qrant layihələrinin
qiymətləndirilməsi və maliyyələşdirilməsi, həm də hesabatlılıq
baxımından şəffaflıq və aşkarlıq prinsiplərinə tam riayət edir.
Təsadüfi deyil ki, biz hər il maliyyələşən mövzuları dediyim kimi
ictimai müzakirələrdən sonra müəyyənləşdirir, layihələri obyektiv
şəkildə 3 mərhələdə qiymətləndirir və görülən işlərələ bağlı
ictimaiyyətə yazılı və şifahi hesabatlar təqdim edirik. Bizim
hesabatlar və layihələrin icrasına həsr olunmuş kitabın elektron
variantı ilə Şuranın rəsmi saytına daxil olub indi də tanış ola
bilərsiniz. Sevinirəm ki, bütün çətinliklərə və maneələrə
baxmayaraq Şura şəffaflıq və aşkarlıq ənənəsini, hətta deyərdim
mədəniyyətini Azərbaycanda milli donor səviyyəsində tətbiq edə
bildi. Əlbəttə, layihələrin icrası zamanı QHT-lərin yol verdiyi
qüsur və nöqsanlar da az deyil və bunun qarşısını almaq üçün ən
sərt tədbirlərə əl atılır. Şuranın katibliyi layihələrin icrasına
tam nəzarət edir və onların müqavilə öhdəliyi çərçivəsində həyata
keçirilməsini təmin edir. Fürsətdən istifadə edib bir daha
bildirmək istərdim ki, Katibliyin əməkdaşları QHT-lərə layihələrin
icrası zamanı hər cür köməkliyi etməkdə bundan sonra da davam
edəcək və eyni zamanda qüsurlara və pozuntulara yol vermiş QHT-lərə
qarşı da güzəştsiz olacaqdır.
- Fərasət müəllim, qərar qəbulu haqqında danışdınız,
ümumiyyətlə, Şurada qərarlar necə qəbul olunur və bu qurumda kimlər
təmsil olunur?
- Bildiyiniz kimi, Şura kollegial qurumdur və qərarların qəbulu
qurumun 11 üzvü tərəfindən həyata keçirilir. Şuranın 11 üzvündən
3-ü dövlət qurumlarının, 8-i isə QHT təmsilçilərinin
nümayəndələridir. Dövlət qurumlarını Preziden Administrasiyasının
İctimai siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov,
o eyni zamanda Şuranın sədr müavinidir, Maliyyə nazirliyinin sosial
sahələrin maliyələşməsi idarəsinin rəisi müavini Vüqar Məcidli, o
eyni zamanda Şuranın katibidir və Ədliyyə nazirliyinin Notariat və
Qeydiyyat Baş idarəsinin rəisi İlqar Məmmədov təmsil edirlər. QHT-
nüamyəndələri də kifayət qədər tanınmış və təcrübəli şəxslərdir.
Hamımızın yaxşı tanıdığı, QHT sektorunun və vətəndaş cəmiyyətinin
inkişafında böyük xidmətləri olan Azay Quliyev Şuranın sədri,
"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev,
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib
Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Şahin İsmayılov, "Mülk" İctimai Assosiasiyasının sədri Dilarə
Vəliyeva, Gender və İnsan Hüququnun Araşdırması İctimai Birliyinin
sədri Rəna Mirzəzadə, Hemofeliya Xəstələrinin Respublika
Assosiasiyasının sədri Gülnarə Hüseynova və Azərbaycan Qaçqın və
Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov ictimai
sektorun nümayəndələri olaraq Şuranın üzvləridirlər. Qeyd etdiyim
kimi, QHT layihələrinin maliyyələşdirilməsi və Şuranın
fəaliyyətininin təşkili Şuranın 11-üzvü tərəfindən kollegial
qaydada həyata keçirilir və qərarların qəbulunda hər kəs, xüsusilə
dövlət qurumlarının nümayəndələri yaxından iştirak edir. Hesab
edirəm ki, aidiyyatı dövlət qurumlarının nümayəndələrindən və QHT
sektorunun təcrübəli təmsilçilərindən ibarət bu tərkib Prezident
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinin düzgün
qurulmasının və əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir.
Bunu təkcə yerli ekspertlər yox, həmçinin xarici ekspertlər də
dəfələrlə qeyd ediblər. 2011-ci ildə Avropa İttifaqının Budapeştdə
təşkil etdiyi beynəlxalq tədbirdə Şuranın QHT-hökumət əməkdaşlığı
baxımından Avropa üçün ən yaxşı və qabaqcıl təcrübə kimi təqdim
olunması dediyimə əyani sübutdur.
- Şuranın üzvüləri əmək haqqı alırmı? Şura üzvlərinin
sayı haqqında dediniz və əgər sirr deyilsə Katibliyin neçə nəfər
işçisi var və onların işə qəbulu proseduru necədir?
- Xeyir, nə Şuranın rəhbərliyi, nə də üzvləri şuradan əmək haqqı
alırlar. Ümumiyyətlə, üzvlər üçün Şura daimi iş yeri sayılmır.
Şuranın cari işi katiblik tərəfindən həyata keçirilir və katibliyin
əməkdaşları daimi işçi statusuna malikdirlər. Hal–hazırda
Katiblikdə 14 ştat və 11 ştatdan kənar əməkdaş fəaliyyət göstərir.
Onların işə qəbulu və işdən azad olunması isə Katibliyin icraçı
direktorunun səlaiyyətlərinə daxildir. İşə qəbul isə müsabiqə
əsasında həyata keçirilir.
- Fərasət müəllim, Şuranın son illər QHT sektorunun
inkişafı və vətəndaş cəmiyyətinin güclənməsi istiqamətində gördüyü
işlər hamı tərəfindən təqdir olunur. Lakin bəzən Şuraya və onun
sədri Azay Quliyevə qarşı reket mətbuatda sifarişli yazılara və
qarayaxma kampaniyasına da rast gəlirik. Bunun haradan
qaynaqlanması haqqında nə deyə bilərsiniz?
- Açığı deyim ki, biz bunu Azay müəllimlə bir neçə dəfə müzakirə
etmişik və hər dəfə də onun fikri belə olub ki, bu kimi hərəkətlərə
əhəmiyyət verməyək. Zatən hər kəs də bizə adları üzərində olan
reket "jurnalistlər"ə fikir verməməyi məsləhət görür. İnsanlar başa
düşür ki, yazılanların hamısı ağ yalandır və bu kampaniyanı
aparanların əsas məqsədi isə özlərinin əhəmiyyətsiz personalarına
diqqəti cəlb etmək, çirkli niyyətlərinin və qanunsuz tələblərinin
həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Əgər kimsə zərrə
qədər də olsun dediklərimə şübhə edirsə, mən çəkinmədən bildiriəm
ki, istənilən şəxsin və jurnalistin iştirakı ilə istənilən
məsələnin araşdırılmasına və Şuranın fəaliyyətinin təftiş
olunmasına şərait yaratmağa hazıram.
Ancaq məsələ burasındadır ki, bu adamlar eyni yalanı və böhtanı
dəfələrlə təkrarlamaqdan yorulmurlar və bununla da özlərini daha
gülünc və eybəcər vəziyyətə salırlar. Yeri gəlmişkən bu yazıların
eyni stildə yazılmasını, eyni qələmdən çıxmasını və hətta kim
tərəfindən təşkil olunmasını da demək olar ki, bilirik. Lakin bu
kimi reketlər (şübhə etmirəm ki, özləri də oxuyur) bilməlidirlər
ki, onların qanunsuz istəklərinin həyata keçməsinə heç vaxt yol
verilməyib və bundan sonra da yol verilməyəcək.
Yalnız Şuranın sədrinin hədəf seçilməsinə gəlincə isə, bax, bu
çox maraqlı sualdı. Niyə məhz Azay Quliyev hədəf seçilir? Axı,
Şuranın maliyyələşdirdiyi layihələrin icrasına nəzarəti və maliyyə
üzərində sərəncamı Katiblik həyata keçirdir. Məntiqlə kimsə nəyisə
tənqid etmək istəsə ilk növbədə bu işə bilavasitə məsul olan
Şuranın Katibliyini və onun rəhbəri kimi məni tənqid etməlidir. Və
yaxud Şura adından qərarlar onun yuxarıda adlarını sadaladığım 11
üzvü tərəfindən səs çoxluğu ilə qəbul edilir. Azay Quliyevin də
digərləri kimi yalnız bir səsi var və sədr olaraq hər hansı bir
həlledici səs hüququna malik deyil. Bu baxımdan da gərək Şuranın
bütün üzvləri də ən azından müəyyən ölçüdə bu qarayaxma
kampaniyasının necə deyərlər "qurbanı" olsunlar. Amma gördüyünüz
kimi yalnız Azay Quliyevə bu cür əsassız hücumlar təşkil
edilir.
- Onda niyə məhz Azay Quliyev?
- Məncə, Azay Quliyevin belə bir şər və böhtan kampaniyasına
məruz qalmasının əsas səbəbləri sırasına reket "jurnalistləri"nin
nəsə qopartmaq istəyi ilə yanaşı onun geniş ictimai siyasi
fəaliyyətini, Milli Məclisin deputatı kimi gördüyü müsbət işləri,
ATƏT PA-da yüksək vəzifə tutmasını və ən vacibi isə xalqa, dövlətə
və Prezidentə sədaqətlə xidmət etməsini də əlavə etmək lazımdır.
Görünür, həm daxildə, həm də xaricdə Azay Quliyevin rəhbərliyi ilə
Şuranın dövlətçiliyimizin güclənməsi və milli maraqlarımızın
qorunması istiqamətində həyata keçirdiyi işlər kimlərisə ciddi
şəkildə narahat edir və onlar da öz "ağılları" ilə şantaj və
böhtandan istifadə etməklə nəyəsə nail olmağa ümid edrilər. Son
zamanlar 5-ci kalonun dağıdıcı fəaliyyətinin zərərsizləşdirilməsini
də diqqətdən qaçırmamalıyıq. Ancaq yenə də deyirəm ki, biz belə
qarayaxmalara və sifarişli yazılara fikir vermirik. Qoy onlar
özlərini nahaq yerə yormasınlar, onsuz da belə çirkin üsullla nə
Şuranın, nə də Azay Quliyevin ictimai nüfuzuna xələl gətirmək
mümkün deyil. Əsas məsələ odur ki, xalqımız və dövlətimiz kimin kim
olduğunu çox gözəl bilir və bizə də lazım olan elə budur.