Axar.az Dünya Azərbaycanlıları Konqresinin (DAK)
həmsədri, xalq şairi Sabir Rüstəmxanlının son günlərdə Rusiya və
İranın Suriyada həyata keçirdikləri hərbi əməliyyatlar nəticəsində
türkmanların üzləşdikləri vəziyyət, Türkiyə-Rusiya gərginliyi və s.
məsələlərlə bağlı DAK mətbuat xidmətinə müsahibəsini təqdim
edir:
- Rusiya və İran Suriya ərazisində İŞİD terror
qruplaşmasına qarşı antiterror əməliyyatı apardığını iddia etsə də,
Türkiyə bunun əksini bəyan edir. Hətta Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan açıq şəkildə bildirdi ki, Rusiya İŞİD
terrorçularının nəzarəti altında olan əraziləri deyil, türkmanların
yaşadığı bölgəni bombalayır. Sizcə, Rusiya və İranın hədəfi İŞİD-lə
mübarizədir, yoxsa?..
- Mən bu məsələdə birmənalı şəkildə Türkiyəni müdafiə edirəm.
Baxmayaraq ki, Türkiyənin bu regionda gedən proseslərdə passiv
müşahidəçi mövqeyində olması məni həmişə narahat edib. Məsələn,
Kərkük türkmanları terrorla qarşı-qarşıya qalanda Türkiyə
təəssüflər olsun ki, istənilən reaksiyanı vermədi. Əslində, mənim
şəxsi düşüncəmə görə, ABŞ İraqa girəndə Türkiyə də belə bir addım
atmalıydı. Çünki Lozanna müqaviləsində yanlışlıqla, təsadüfən və
bir qədər də dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin
ədalətsizliyi ucbatından Mosul, Ərbil və ətraf ərazilər Türkiyədən
qoparıldı. Amma bununla belə, həmin bölgələr Türkiyənin zəmanəti
altında olduğundan, rəsmi Ankara bu ərazilərə girməyə və əhalini
qorumağa borclu idi. İndi buna bənzər hadisə Suriyanın şimalında,
türkmanların yaşadığı ərazidə baş verir. Əslində, həmin ərazi
indiki Türkiyənin bölgəsidir.
İŞİD terror qruplaşmasını yaradanlar bəllidir. Bu cür terror
qruplaşmalarını əvvəl yaradırlar, daha sonra ona qarşı mübarizə
aparırlar. Əslində, bunun arxasında bu bölgəni param-parça etmək,
bu bölgədə "Böyük Orta Doğu projesi" deyilən bir layihəni həyata
keçirmək dayanır. Vaxtilə Rəcəb Tayyib Ərdoğan özünü "Böyük Orta
Doğu projesi"nin müəlliflərindən biri kimi təqdim eləmişdi. Mən bu
fikri hansı mənada səsləndirdiyini bilmirəm. Ancaq hər halda dövlət
başçısı təkcə öz adından danışmır. Türkiyə xalqı bir neçə müddətdir
Suriyada soydaşlarının yaşadığını və onların müdafiə olunmasının
zəruriliyini bəyan edir. Rusiya sərhədlərindən uzaqda və Türkiyənin
qonşuluğunda yerləşən bir dövlətə - Bəşər Əsəd rejiminə dəstək
verir, guya terrorla mübarizə aparır. Amma burada eyni zamanda
Türkiyənin də maraqları var. Gərək Rusiya bu addımı atanda
Suriyanın qonşusu olan Türkiyə ilə də məsələləri razılaşdıraydı.
Çünki Türkiyə onsuz da qaçqın axınına məruz qalıb və bu axın da
davam edir. İndi Türkiyədə 3 milyondan artıq Suriyadan gəlmiş
qaçqın var. Bunları yerləşdirmək çox çətindir. Bir neçə yüz min
qaçqın Avropaya üz tutub, indi Avropa çox çətin vəziyyətdədir,
onlara qəbul etmək istəmir və həmin qaçqınlara heç bir insani
münasibət göstərilmir. Hətta bu məsələni xristian-müsəlman
müstəvisinə qaldıraraq, onlara insanlığa yaraşmayan davranış
nümayiş etdirməyə başlayıblar. Ancaq Türkiyə neçə müddətdir səbirlə
qaçqınları yerləşdirir, onlar üçün çadır şəhərləri tikir, onlara
tibbi yardım edir… Rusiyanın apardığı müharibə isə qaçqınların
sayını bir az da artırır. Üstəlik, türkmanlar da axıb gəlir. Həmin
qaçqınların tərk etdiyi ərazilərdə terrorçu təşkilatların
yerləşdiyini və yeni dövlət quruculuğu layihəsini həyata keçirməyə
cəhd göstərdiklərini nəzərə alsaq, Türkiyənin bu məsələyə səssiz
qalması mümkün deyil. Yəni bütün bunlar nəzərə alınmalıdır.
- Sabir bəy, Rusiya nə üçün türkmanları hədəfə alıb?
Rusiyanın bunda siyasi marağı nədir?
- Rusiya mətbuatı bunu belə izah edir ki, guya türkmənlər
yaşayan bölgələr Türkiyənin yanacaq təminatına yardım göstərirmiş,
guya Türkiyə Suriyanın neftindən istifadə edirmiş və s. Əslində,
Rusiya təyyarəsinin Türkiyənin sərhədlərinə daxil olması, dəfələrlə
edilən xəbərdarlığa məhəl qoymaması Kremlin həmin bölgədə apardığı
siyasətin iç üzünü göstərir. Yəni Xəzər dənizi akvatoriyasından
Suriyaya raketlərini atmaqla silahlarını sınaqdan keçirir, Aralıq
dənizinə hərbi gəmilərini göndərərək Suriyadakı əraziləri
bombalayır, Türkiyənin sərhədindəki kəndlər dağılır. Türkiyə bir
dövlət olaraq da buna səssiz qala bilməz. Bu bölgənin taleyi təkcə
Rusiyanı deyil, həm də Türkiyəni düşündürür. Açıq-aşkar görünür ki,
Putinin siyasəti Rusiyanı təzədən bir dünya dövlətinə çevirərək,
dünyanın təkbaşlı olmadığını, Amerika ilə yanaşı, Rusiyanın da
gücünün olduğunu sübut etmək, Orta Şərq, Cənubi Qafqaz və Yaxın
Şərq bölgəsinə Kremlin nəzarətini gücləndirməkdir. Hesab edirəm ki,
bu məsələ Rusiya, NATO və ABŞ-ın öz aralarında həll etməli olduğu
bir məsələdir. Burda ayrı-ayrı dövlətlərin və xalqların taleyi
sınaq meydanına çevrilə bilməz. Yəni Rusiya yeni silahlarını Suriya
xalqının və türkmanların üzərində sınamamalıdır, təyyarələri Aralıq
dənizi üzərində necə gəldi cövlan etməməlidir. Bu bölgə xalqlarını
yenidən müharibəyə sövq etməkdir və çox yanlış addımdır. Ona görə
də dünyanın bir çox ölkələri tərəfindən Rusiyaya adekvat cavab
verilib.
- Ümumiyyətlə, belə fikirlər də səslənir ki, türkmanları
hədəfə almaqla Türkiyəni müharibəyə təhrik edirlər...
- Məhz "Böyük Orta Doğu projesi"ni yerinə yetirmək üçün İraq,
Suriya, Misir və digər ərəb dövlətlərindən sonra sırada İran və
Türkiyə də var və bu dövlətləri də savaşa cəlb etmək istəyirlər.
Hətta ABŞ-ın Rusiya və Türkiyənin zəifləməsində maraqlı olduğu
bildirilir. Ona görə də bu münaqişənin savaşa çevriləcəyini ehtimal
edənlər var. Ancaq hesab edirəm ki, Türkiyə NATO-nun üzvüdürsə və
uzun illərdir bu təşkilatın əsas güclərindən biridirsə, onda Alyans
gərginliyin savaş səviyyəsinədək böyüməməsində maraqlı olmalıdır.
Əks təqdirdə, müharibə NATO ilə Rusiya arasında sürər. Türkiyə
təklənəcəyi təqdirdə isə NATO dağılar, Alyansa bütövlükdə yer
üzündə inam itər və qüvvələr nisbəti dəyişər. Onda da Türkiyə öz
mövqeyini yenidən nəzərdən keçirməli olar.
- Bəs Suriyada vətəndaş müharibəsi başlanandan bəri
Bəşər Əsəd rejiminə dəstək verən İran nə üçün türkmanlara qarşı
əməliyyat aparır? İranın türkmanlara olan münasibətinin kökündə nə
dayanır?
- İran türk düşməni olan bir dövlətdir. İran Güney Azərbaycana
necə münasibət bəsləyirsə, Kərkük türkmanlarına, həmçinin Suriyanın
şimalındakı türkmanlara da o cür münasibət bəsləyir. Bu gün İranı
ticari-iqtisadi maraqlar Rusiyaya bağlayır. Bildiyiniz kimi, Rusiya
İranı S-300 zenit-raket kompleksi ilə təmin etdi, iki ölkə arasında
müxtəlif razılaşmalar, iqtisadi-ticari əlaqələr mövcuddur. Bir növ
İran Rusiya üçün bazar rolunu oynayır. İki ölkənin maraqları xeyli
vaxtdır üst-üstə düşür. Əslində, Azərbaycanın taleyi da bu iki
dövlətin maraqlarına görə son dərəcə ağır vəziyyətdədir, demək olar
ki, taleyimiz iki əsrdir qara yazılıb. Hazırda da bu siyasəti davam
etdirirlər. Əslində, azərbaycanlıların dirçəlməsi, dövlət qurması,
Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması,
Güney Azərbaycanla əlaqələrin artması bu dövlətləri o qədər də
maraqlandırmır. Görünür, Aralıq dənizinə İraqın şimalından dəhlizin
açılması İranın da maraqlarına xidmət edir. İraqın bugünkü
hakimiyyəti də faktiki olaraq İranın təsiri altındadır. Əslində,
Rusiya İranla yaxınlaşmaqla həm də İraqa təsirini artırır. Eyni
zamanda, Suriya uğrunda gedən mübarizədə Rusiya bütün variantlarda
məğlubiyyətə uğrasa da belə, Bəşər Əsədin gedişindən sonra
hakimiyyətə Kremlin təsiri ilə kim gəlsə, yenə də Rusiyapərəst bir
qüvvə olacaq. Beləliklə, bu bölgədə İran, İraq, Suriya, Aralıq
dənizinədək Rusiyameyilli dövlətlər və güclər yaranacaq. Əslində,
bu, Azərbaycanın da, Türkiyənin də çevrəsinin bütövlükdə düşmənlər,
yaxud türklərin inkişafını istəməyən qüvvələrlə mühasirəyə alınması
demək olar.
- Suriya türkmanlarının öz tarixi torpaqlarından
çıxarılması, yəni həmin ərazilərin türkmansızlaşdırılması ilə
"Böyük Kürdüstan" dövlətinin yaradılmasına zəmin hazırlandığı
bildirilir...
- Bəli, "Böyük Orta Doğu projesi"nə görə, həmin dəhliz tamamilə
təmizlənməlidir. Ona görə də Türkiyədə də vaxtilə Kobanidə baş
verənlərə görə ölkənin canfəşanlıq etdiyi halda, hökumət
türkmanların öldürülməsinə göz yumduğundan dolayı tənqid edilirdi.
Bu baxımdan Türkiyə də belə bir addımı atmalıydı. Nə qədər
səmimidir, deyə bilmərəm. Hər halda, "Böyük Orta Doğu projesi"ni
həyata keçirmək üçün tərtib olunan xəritələrin bəziləri yayılıb.
Həmin xəritələrdə bir ucu Naxçıvandan başlamaqla digər ucu da
Aralıq dənizinədək "Böyük Kürdüstan" dövlətinin qurulması planının
olduğunu görürük. "Böyük Ermənistan" xülyasından birtəhər yaxamızı
qurtarmışıq, indi də "Böyük Kürdüstan" dövlətinin yaradılması
planını ortaya atıblar. Azərbaycanın da bir çox ərazisi, İraq və
Suriyanın şimalındakı bütün türkman torpaqları "Böyük Kürdüstan"ın
tərkibinə daxil edilir. Bu, bir sıra ölkələrin, o cümlədən İsrailin
də maraqlarına xidmət edir. Ola bilsin, ABŞ-da da İsrailin təsiri
altında olan bir çox qüvvələr bunda maraqlıdır.
- Sabir bəy, Suriyada yaşayan türkmanların əslən
Azərbaycan türkləri olduğu bildirilir. Türkmanların sayı, imkanları
necədir?
- Bildiyiniz kimi, bir neçə ay bundan əvvəl DAK-ın Suriya
türkmanları ilə bağlı tədbiri olmuşdu. Həmin tədbirdə Suriyadan
Azərbaycana gəlmiş qonaqlar da iştirak edirdilər. Biz Suriyada 3
milyon türkmanın yaşadığını bilirdik. Bəziləri isə onların sayının
1 milyon olduğunu deyir. Ancaq həmin qonaqlar Suriya ərazisində
ümumilikdə 5 milyon türkmanın yaşadığını və onların da öz
torpaqlarını, hüquqlarını müdafiə etmək əzmində olduğunu bəyan
etdilər. Əslində, hər şey də indi göz qabağındadır. Türkman Dağında
türkmanlar ciddi müqavimət göstərirlər. Düzdür, orada təkcə
türkmanlar deyil, Bəşər Əsəd rejiminə qarşı olan başqa qüvvələr də
var.
- Türkmanlar Azərbaycan türküdürsə, Azərbaycan dövləti
bu məsələlərə reaksiya verməli deyilmi?
- Azərbaycan dövlətinin çoxlu problemləri var və bəzi
məsələlərdə bu səbəbdən haqlı səsini ucalda bilmir. Dağlıq Qarabağ
münaqişəsi ölkəni asılı vəziyyətdə saxlayıb. Lakin Azərbaycan xalqı
öz sözünü dedi, Rusiya səfirliyinin qarşısında piketlər keçirildi,
mətbuat kifayət qədər məsələyə həssaslıqla yanaşır. Məncə,
Azərbaycan dövləti də diplomatik xətlə Suriyadakı humanitar faciəyə
münasibət bildirə bilər. Fərqi yoxdur, istər Suriyada, istər Şimali
Qafqazda, istər Rusiya ərazisində, istərsə də başqa region və
ölkələrdə olsun, insanların haqsız yerə öldürülmələrinə bir dövlət
olaraq səsimizi qaldırmalıyıq.
- Bəs Türkiyənin sərhədlərini pozan Rusiyanın hərbi
təyyarəsini vurmasını necə dəyərləndirirsiniz? Bəziləri bunu siyasi
səhvi kimi qiymətləndirərək, hətta Türkiyənin Rusiyadan üzr
istəməsini dilə gətiriblər.
- Yanlış fikirdir. Dövlətin dövlətdən üzr istəməyi xırda iş
deyil. Türkiyə tərəfi məsələyə kifayət qədər konstruktiv yanaşır.
Davudoğlu son hadisə ilə bağlı çıxışında bildirdi ki, biz dost
ölkəyik və bu baş verənlər münasibətlərimizə təsir edə bilməz.
Rusiyalı siyasətçilərin də açıqlamalarına qulaq asdım. Son dərəcə
sərt, qəzəbli mövqedən çıxış etdilər. Sanki dünyanın taleyi
bunların əlindədir. Bu Rusiyanın köhnə vərdişidir. Elə ki, ölkə
daxilində əhalinin iqtisadi vəziyyəti çətinləşir, hakimiyyət
dairələrindən narazılıq artır, hökmən belə münaqişələri ortaya
atıb, insanların vətənpərvərlik duyğuları ilə oynayırlar. Bu
yanlışdır. Rusiyanın belə qəzəbli olmağa haqqı yoxdur. Soruşarlar
ki, sənin Suriyada nə işin var? Türkiyənin orada vətəndaşları
ola-ola ora müdaxilə etmir. Siz nə üçün gecə-gündüz
bombalayırsınız? Tək terrorçular deyil, dinc əhali də vurulur.
Güman edirəm ki, bu hirs, qəzəb tezliklə keçib gedər və
münasibətlər yenidən normallaşar.
- Belə fikirlər də səsləndirilir ki, bu hadisə ilə
Türkiyə Rusiya kimi güclü bir müttəfiqini itirdi, bununda da xarici
siyasətdə bir az da təkləndi...
- Güman etmirəm ki, bu münaqişə münasibətlərin tamam pozulmasına
səbəb olsun. Soyuqluq yaranacaq, amma bir müddət sonra bərpa
olunacaq. Türkiyənin Rusiyaya ehtiyacı olduğu kimi, Rusiyanın da
Türkiyəyə ehtiyacı var.
- İki ölkə arasındakı gərginliyin Azərbaycana nə kimi
təsirləri ola bilər?
- Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması Azərbaycanın
maraqlarına xidmət edir, bizim xeyrimizədir. Ona görə biz də öz
xəttimizlə çalışmalıyıq ki, münasibətlər pozulmasın.