Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 1-də Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında
iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada da
alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm
layihələr həyata keçirilir. Belə layihələrdən biri də Babək
rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə
başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu
üçün 35 hektar torpaq sahəsi ayrılıb.
Qeyd edildi ki, 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan
Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika
Krallığının "Soltech" şirkəti arasında bağlanmış müqavilə əsasında
həyata keçirilir. Stansiyada 78 min 684 ədəd ən müasir "şüşə-şüşə"
tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik
yarımstansiyası quraşdırılıb. Panellərlə transformator
yarımstansiyaları, transformator yarımstansiyaları ilə birləşdirici
məntəqə arasında kabel və yüksək gərginlikli elektrik ötürücü,
həmçinin yaxınlıqdakı "Xal-xal" yarımstansiyasına qədər 35
kilovoltluq kabel xətləri çəkilib. Tikinti-quraşdırma işlərinin
vaxtında başa çatdırılması üçün əraziyə 30-dan çox müxtəlif
təyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunub. Stansiyanın
5 ayrı-ayrı ərazilərdə yerləşən qurğuları hasara alınıb, burada
siqnalizasiya və videomüşahidə qurğuları quraşdırılıb. Naxçıvan
Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan
çox elektrik enerjisi istehsal olunacaq.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət
Energetika Agentliyinin əməkdaşları və Belçikanın "Soltech"
şirkətinin nümayəndəsi ilə görüşdü.
Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi
gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar
hesabına ödənilməsində mühüm rol oynayacaq.
Dövlətimizin başçısı muxtar respublikanın energetika
kompleksinin daha da inkişafı, eləcə də, bərpa olunan və alternativ
enerji mənbələrindən geniş istifadə ilə əlaqədar tapşırıqlarını
verdi.
Prezident İlham Əliyev stansiyanın açılışını bildirən düyməni
basdı.