Nardaran hadisələri ilə bağlı həmin qəsəbənin də daxil
olduğu 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar
Quliyev hafta.az saytına müsahibə verib.
- Hadisələrdən sonra mediada sizin Nardaranda
olmadığınız, hadisə yerinə bir dəfə də olsun getmədiyiniz qeyd
olunur. Doğrudanmı noyabrın 26-dan bu yana Nardarana baş
çəkməmisiniz? Halbuki camaatla danışıqlarda siz öndə olmalı idiniz.
Barrikadaların sökülməsində insanları evlərinə dağılışmağa sövq
etmək sizin də işiniz idi...
- Mətbuat hər nə gəldi yazır. Noyabrın 30-da ora boşaldılarkən
mən Nardaranda olmuşam. İcra başçısı Adillə birgə danışıb,
barrikadaları sökdürmüşük. Jurnalistlər bunu bilmirlər axı. Biz
məgər elan etməliyik ki, bu işləri görmüşük?! Sonra da camaatla
danışdıq ki, çıxın gedin evinizə, onlar da dağılışdılar. Səhər də
oraya polislər getdilər ki, yenidən qarşıdurma yaşanmasın. Ayın
birindən də Nardaranda fövqəladə vəziyyət elan edilib. İlk növbədə
bəzi sakinlərdə olan silahların yığılması prosesi başlayıb. 20-25
ildir o kənddə həmişə qarşıdurma olur. İndi də dövlətimiz istəyir
ki, bu məsələlər kökündən həll edilsin, bir də qarşıdurmalar
yaşanmasın. Nardaranlıların da, bizim də istədiyimiz odur ki, bütün
bu məsələlər aradan qaldırılsın. Xəbərlər yayılır ki, guya mən
yerimdə olmuram. Bizim orada qərargahımız var. Gedin baxın,
qərargahımız bağlı olsa, mən oranı dağıdaram. Həftənin yeddi günü
oradakı ofisimiz açıq olur. Həmin jurnalistə dedim ki, gəlib bizim
ofisimizə girmisiniz, bağlı olub? Deyir, yox, mənə elə deyiblər.
Adama deyərlər sən kimsən mənim qabağımda, mən elmlər doktoruyam.
Mənim kitablarım Çikaqoda, Hannoverdə çap olunub. Mənim haqqımda
yazan jurnalistin şəkillərini internetdən çıxarmışam. Materialı da
götürüb Baş Prokurorluğa təqdim etmişəm. Adama deyərlər,
nardaranlılarla mənim arama niyə girirsən? Biz ata-babadan görmüşük
ki, odun üstünə benzin yox, su tökərlər. Biz də çalışırıq ki, orada
baş verənlər sakitliklə həll edilsin. O da kimliyindən asılı
olmayaraq, bizim vətəndaşımızdır. Hər bazar günü mən ofisimdə
oluram. Ofisimiz Maştağada yerləşir. Biz onu elə yerdə tikdik ki,
həmin kəndlərin mərkəzində olsun. Maştağadan da, Nardarandan da
mənim qəbuluma gəlirlər. Digər altı günü isə bizə Milli Məclis
tərəfindən təyin olunmuş köməkçim orada oturur. Ofisdə hər gün 3-4
nəfər səlahiyyətli nümayəndəm oturub, camaatı qəbul edir. Deyirlər
ki, biz orada olmuruq. Oradakı parkı kim tikdirib? Adama deyərlər,
qeydiyyat şöbəsini kim inşa etdirib? Oradakı poliklinikanı kim
tikdirib? Abidəni, hazırda tikilən yeni mədəniyyət evini, kim inşa
etdirir? Xahiş edirəm gedin oradakı məscidə, soruşun ki, məscidin
yenidən qurulması kimin işidir? Nardarana 67 ədəd transformatoru da
mən qoydurmuşam. Nardaranın yollarını kim asfaltladıb, o kəndə kim
su çəkdirib?! Nardaranda 187 nömrəli məktəbin dam örtüyünü də mən
təmin etdirmişəm. Azərbaycanda mənim qədər iş görən, üstəlik
camaatla da görüşən deputat yoxdur. Təkcə, Qurban bayramında
Nardaran, Bilgəh, Zabrat, Maştağa camaatına beş ton ət
paylamışam.
- Nardaranla bağlı sizdə olan məlumatlar nədir? Hazırda
orada vəziyyət nə yerdədir?
- Dünən daxili işlər naziri orada görüş keçirdi. Nardaranlılarla
söhbətləşdi. Qəsəbə camaatından kimin nə sualı vardısa, nazirə
ünvanlayıblar. Hal-hazırda istintaq gedir. 32 nəfər də artıq həbs
olunub. Bu, hələlik ilkin istintaqdır. Ölənlər, yaralananlar olub,
hələ ki, araşdırmalar davam edir. Hazırda Nardaranda fövqəladə
vəziyyət elan olunub. Bununla əlaqədar qanuna müvafiq olaraq heç
kimin ora müdaxilə etmək ixtiyarı yoxdur. Hazırda Nardaranda olmaq
daxili işlər nazirinin, daxili qoşunların komandirinin vəzifəsidir.
Həmin şəxslər də qəsəbədə olublar. Daxili Qoşunların komandanı
hazırda da oradadır. Bu səhər Nardarandan mənə zəng gəldi,
danışdım. Yəni hazırda mənim orada olmağıma elə bir zərurət yoxdur.
Sakinləri çağıranda gedib izahatlarını verirlər. Taleh Bağırov
haqqında məlumatlar toplanılır. Onun Nardarana necə gəldiyi,
ətrafındakı insanların onun başına necə yığışdığı, nardaranlı
olmayan kənar şəxslərin bura necə gəldiyi soruşulur. Çünki təkcə
Taleh gəlməyib. Onunla Nardarana gələrək xeyli adam cəmləşib. Yəni
o, öz adamlarını da yığıb Nardarana gətirib. Əvvəl heç hökumət də
bilmirdi ki, bunlar haradan gəlib. Əməliyyatdan sonra bütün bunlar
aydın oldu.
- Dünən, ya bu gün olmusunuzmu Nardaranda? Belə məqamda
sizin üzərinizə bir deputat olaraq hər hansısa vəzifələr
qoyulubmu?
- Nə dünən, nə bu gün Nardaranda olmamışam. 29-30 dekabrda orada
olub, insanlarla danışıb, meydanı boşaltdırmışıq. Saat on birə
qədər də ağsaqqallarla danışıb, məsələni yoluna qoymuşuq. Hazırda
da fövqəladə vəziyyətlə əlaqədar olaraq heç kəs Nardarana
buraxılmır. Hökumət tərəfindən tapşırıq verilib bu barədə. Biz
gedib nə edəsiyik ki, ancaq orada həbçilər var. Mənim deputat
toxunulmazlığım olsa da, məsələyə dəxli yoxdur. Fövqəladə vəziyyət
tətbiq edilibsə, oraya girmək olmaz. Mən qanunla danışıram, bunlar
qanunda var. Fransada, Türkiyə də də terror əməliyyatları
keçirildi, orada əməliyyat vaxtı deputat var idi?! Dünyanın heç bir
yerində belə şey yoxdur. Biz deputatlar sonradan danışıqlar
aparırıq, sonradan məsələyə qarışırıq. Belə bir vəziyyətdə orada
ancaq güc strukturları olmalıdır, başqa adam girib-çıxa bilməz.
Yalnız dövlət tərəfindən tapşırıq olsa, biz gedə bilərik.
- Yaxın günlərdə Nardarana gedəcəksinizmi? Yoxsa aranın
tamamilə sakitləşməsini, fövqəladə vəziyyətin götürülməsini
gözləyirsiniz?
- Artıq 11 ildir hər bazar günü nəyin baş verməsində asılı
olmayaraq, qərargahımda oturub, sakinləri qəbul edirəm. Bu bazar
günü Maştağadakı qərargahımda olacağam. Öz əhalimizlə görüşəcəyəm.
Maştağada da qərargahın qabağında polislər var. Onlar da qərargaha
girib-çıxan adamları bir-bir yoxlayırlar. Bütün maşınlar
saxlanılır. Amma Nardarana getməyəcəyəm. Çünki hazırda orada
fövqəladə vəziyyətdir. Adama deyərlər ki, sən gəlib burada nə
edəcəksən? Polis orada lazım olan vəziyyəti elan edib. Fövqəladə
vəziyyətin əsas məğzi də odur ki, oradakı ünsürlər təmizlənsin və
silahlar yığılsın. Hər dəfə oradan silah səsi gəlir. Bunlar
toplanmalıdır.
- Bir millət vəkili olaraq, hadisədən əvvəl yəqin ki, bu
kənddə radikallıq elementlərini hiss etmişdiniz. Bununla bağlı
həmin ekstremistlərlə, onlara qoşulan bəzi kənd cavanları ilə
görüşüb, söhbət etmişdinizmi? Yaxud bundan sonra maarifləndirmə
işləri aparacaqsınızmı?
- Yarım saat bundan qabaq oranın ağsaqqalı olan Mehman adlı
şəxslə telefonla danışırdım. Ona bildirdim ki, vaxtında mən sizə
xəbərdarlıq etmişdim ki, radikallığı yığışdırın. Deyirdilər ki, heç
nə etmirik. Bildirdim ki, Taleh Bağırovun orada nə işi vardı?!
Taleh kimilər hansısa dövlətə işləyir də. Şeyxin müavini Hacı
Məhəmmədə də dedim ki, sən də bunlarla söhbət elə, başa sal ki,
belə olmaz. O da dedi ki, bunların içərisində bir–iki nəfər var.
Həm də mənə bildirdi ki, bunların əli başqa dövlətin bayrağındadır.
Yəni bu barədə maarifləndirici söhbətlər aparmışam. Talehin başında
bir-iki nardaranlı vardı, onlar da həbs olunublar. Onlar üç dəfə
mənə səs verib. Hər şey qaydasına düşəndən sonra yenə bir yerdə
olacağıq. O kəndlərdə bir dənə də xeyir-şər bizsiz olmur.
Nardaranlıların bütün məclislərində iştirak edirəm. Çünki mən
oranın yerli sakiniyəm, oradan çıxmışam, Maştağadanam.
- Hadisədən sonra Nardaranın Ağsaqqallar Şurası yaranmış
vəziyyəti aradan qaldırmaq üçün dövlətin onlarla danışığa getməsini
bəyan etmişdi. Siz bu günlərdə millət vəkilləri olaraq Nardaran
ağsaqqalları ilə bu və ya digər şəkildə əlaqə saxlamısınızmı? Yaxud
onlar sizə hər hansı bir müraciət ünvanlayıblarmı?
- Nardaranın Ağsaqqallar Şurasında bircə Namiq kişi var. Başqa
adam yoxdur. O da tez–tez mənə zəng edir. Namiq kişi də öz işində,
gücündədir. Orada başqa hörmətli ağsaqqallar da var. Amma
Ağsaqqallar Şurası adı ilə tanınan qurumda Namiqdən başqa heç kim
yoxdur.
- Nardaranda elektrik enerjisi və istehlak edilən mavi
yanacağın pulları ödənilmir və kifayət qədər də yüksək bir
məbləğdir. Əvvəllər bu borcların qaytarılması ilə bağlı insanlarla
heç görüşüb, danışmısınızmı?
- Hakimiyyət həmişə bunlara hörmət edib. Hansı dövlətdə var ki,
işıq, qaz pulsuz olsun. Neçə dəfə camaatı yığıb demişik ki,
işlətdiyiniz işığın, qazın pulunu ödəyin, 1-2 faizlə olmur.
Nardaranın borcları olduqca çoxdur. Elə vaxt olub ki, getmişəm
Nardarana, yağışın altında islana-islana Baba Rzayevin yanına üz
tutmuşuq. Xahiş etmişik ki, bunların işığını, ya qazını bərpa edin.
Onlar da sözümüzü yerə salmayıb, bərpa ediblər. Deyiblər ki, amma
pullarını ödəməlidirlər. Son dövrlər cənab prezident tərəfindən
güzəşt edildi, Nardaranın işıq-qaz pulları silindi. Hazırda
yığılanlar isə təzə borclardır. Allah Taleh Bağırovun başına daş
salsın ki, 31 yaşı var, bu cür oyunlardan çıxır. Arzu edirəm ki,
günahsızlar həbs olunmasın. Kimin günahı da var, gedib, qanun
qarşısında cəzasını çəksin.