- Cənab Baş prokuror, son günlər kütləvi informasiya
vasitələrində "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında
qulluq keçmə haqqında" Qanunlara əlavə və və dəyişikliklər edilməsi
barədə qanun layihələrinin Azərbaycan Respublikasının Milli
Məclisinin müzakirəsinə verilməsi barədə informasiyalar geniş yer
almışdır. Əlavə və dəyişikliklərin mahiyyəti nədən
ibarədir?
- İlk öncə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Prezident
Administrasiyasından Milli Məclisə daxil olmuş hər iki qanun
layihəsi Azərbaycan Respublikaının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin faəliyyətinin
təkmilləşdirilməsi ilə bağlıdır. Son illər Dövlət başçısının siyasi
iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin
gücləndrilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, mühüm
qanunverici və praktiki tədbirlər həyata keçirilmişdir. Həm
inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma
endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən
Vətəndaşlara Xidmət və sosial innovasiyalar üzrə Dövlət
ağentliyinin və onun tərkibində "Asan xidmət" mərkəzlərinin
yaradılaraq bu şəbəkənin genişləndirilməsi, elektron xidmətlərin
sayının atrırılması, korrupsiya hüquqpozmaları barədə müraciətlərin
təxirəsalınmadan baxılmasının təmin edilməsi məqsədilə " 161nömrəli
qaynar xətt" əlaqə mərkəzinin yaradılması və bu kimi çoxsaylı
kompleks tədbirlər nəticəsində ölkəmiz korrupsiyaya qarşı
mübarizədə yüksək göstəricilərə nail olmuşdur.
Dövlət başçısının müvafiq Fərman və Sərəncamları, Nazirlər
Kabinetinə verdiyi tapşırıqların icrası qaydasında Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin prokurorluq
işçilərinin ümumi say tərkibi artırılmış, idarənin fəaliyyətinin
səmərəli təşkili məqsədilə maddi-texniki təminatının
yaxşılaşdırılması, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı zəruri tədbirlər görülmüş, dövlət orqanlarının məlumat
bazaları və informasiya sistemlərinə qoşulmanın təmin olunması ilə
bağlı işlərə başlanılmışdır. Əməliyyat–axtarış fəaliyyətinin həyata
keçirilməsi kimi mühüm funksiya ilə səlahiyyətlənmiş prokurorluq
orqanları qısa müddət ərzində korrupsiya cinayətlərinin təhlükəli
növlərindən olan və əksər hallarda latent xarakter daşıyan çoxsaylı
rüşvət cinayətlərini aşkar etmək və qarşısını almaqla uğurlu
nəticələr əldə etmişlər.
Təsadüfi deyil ki, qazanılan nailiyyətlər nüfuzlu beynəlxalq
təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Korrupsiyaya
qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq
qeyri-hökumət təşkilatlarından olan "Transparensy İnternational"ın
təqdim etdiyi 2013-cü ilin Korrupsiya qavranma indeksində
Azərbaycan əvvəlki illə müqayisədə xeyli, yəni 12 pillə irəliləmiş,
eyni zamanda ölkəmizin qiymətləndirmə balı 27-dən 28-ə
yüksəlmişdir. 23-25 sentyabr 2013-cü il tarixdə Paris şəhərində
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və
Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət
Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci İclasında
Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund
dəyərləndirilməsindəsini müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur.17
yanvar 2014-cü ildə Bakı şəhərində dəyərləndərmə raundunun birinci
mərhələsinin müvəffəqiyyətlə keçməsi ilə bağlı hesabatın təqdimetmə
mərasimində OECD təşkilatının rəsmiləri korrupsiyaya qarşı mübarizə
sahəsində ölkəmizdə güclü siyasi iradə oluğunu vurğulayaraq, bu
istiqamətdə görülən işləri yüksək qiymətləndirmişlər.
- Yeni dəyişikliklər idarənin strukturu və
səlahiyyətlərində necə əks olunacaqdır?
- Nəzərdə tutulan dəyişikliklərə əsasən yeni qurum Baş idarə
səlahiyyətli olmaqla, idarənin rəisi eyni zamanda korrupsiyaya
qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun yüksək statusuna
uyğun olaraq vəzifəsinə görə Baş prokurorun müavini
səlahiyyətlərini yerinə yetirəcəkdir. Eyni zamanda idarənin rəis
müavinləri və tərkibində yaradılacaq yeni idarələrin rəislərinin də
təsnifat dərəcəsinin yüksəldilməsi nəzərdə tutulur. Mövcud
dəyişikliklərdən sonra korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış prokurorluq funksiyasını yerinə yetirəcək Baş
idarənin əməliyyat işçiləri, o cümlədən prokuror, müstəntiq,
əməliyyatçı və texniki işçilərin sayında əhəmiyyətli dəyişikliklər
baş verəcəkdir ki, bütün bunlar qurumun korrupsiyaya qarşı mübarizə
sahəsində fəaliyyətinin daha səmərəli qurmasına şərait
yaradacaqdır.
- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının BMT-nin "Korrupsiya əleyhinə"
Konvensiyasına qoşulması ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə
müvafiq olaraq 2004-cü ildən yaradılan Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə İdarəsi fəaliyyətə başladığı andan
mütəşəkkil cinayətklarlığın ən təhlükəli təzahürlərindən bu sosial
hadisəyə qarşı kəskin və barışmaz mövqeyini nümayiş etdirməkdədir.
Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin
formalaşdırılması funksiyasını yerinə yetirən Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası ilə
fəaliyyətini uğurla əlaqələndirən Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsi fəaliyyətinin kəsərini ildən-ilə daha da
artırmış, qurumun göstəriciləri və potensialı yüksələn xətlə
inkişaf etmişdir. Korrupsiyaya məruz qalan sahələrin aşkar
edilməsi, xarakterik korrupsiya hüquqpozmalarının müəyyən
edilməsi,onları doğuran səbəb və şəraitinin aradan qaldlrlması və
belə pozuntuların baş verməməsi üçün konkret təklifləri özündə əks
etdirən çoxsaylı preventiv təkliflər hazırlanaraq aidiyyatı üzrə
təqdim edilmişdir. Korrupsiyaya qarşı mübarizədə vətəndaşlar üçün
ayrı-ayrı sahələr üzrə bələdçilər, maarifləndirmə nəşrləri
hazırlanmışdır. Eyni zamanda müxtəlif kateqoriyadan olan korrupsiya
cinayətlərinin istintaqına dair metodik tövsiyələr və müxtəlif
kitablar buraxılmış, ölkəmizdə korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilən uğurlu siayəsti və onun nəticələrini əks
etdirən və müxtəlif dillərdə hazırlanmış nəşrlərin beynəlxalq
tədbirlərdə yayılması təmin edilmişdir. İstintaq olunan və
tamamlanaraq məhkəməyə göndərilən işlərin sayı əhəmiyyətli dərəcədə
artmış, vurulmuş ziyanın ödəmə məbləğində əhəmiyyətli artım
müşaiyət olunmaqdadır. Artıq beynəlxalq təşkilatlar tərəfindən
korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun
Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim
olunur.
- Gözlənilən dəyişikliklərin zərurəti və Korrupsiyaya
qarşı Mübarizə İdarəsinin gələcək fəaliyyət hədəfləri barədə
fikirləriniz maraqlı olardı.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş
Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni
inzibati binasının açılışında, Azərbaycan Respublikası
Prezidentinin andiçmə mərasimində, Dünya Azərbaycanlılarının
Həmrəylik günü və yeni il münasibətilə Azərbaycan xalqına
təbrikində, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində
hüquq mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm
tapşırıqlar vermişdir. Cənab Prezident cəmiyyəti ən çox narahat
edən bu sosial bəla ilə işin 2013-cü ildə daha da böyük miqyasda
getdiyini, bu istiqamətdə siyasi iradə olduğunu bir daha qeyd
edərək həm inzibati, həm də qabaqlayıcı tədbirləri vacibliyini
vurğulamış, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində
korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bəyan
etmişdir.
Son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu
sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım
dinamikası formalaşmışdır. Dayanıqlı inkişafa yönlmiş yeni strateji
vəzifələrin həyata keçirildiyi respublikamızda korrupsiyaya qarşı
mübarizə üsullarının daha da təkmilləşdirilməsi zərurəti
yaranmışdır. Bu baxımdan korrupsiyaya qarşı mübarizənin kəsərinin
daha da artırılması barədə Dövlət başçısının tapşırıqlarının daha
müfəffəqiyyətlə icrası üçün korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış qurum olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin
statusu və səlahiyyətləri ilə bağlı dəyişikliklər zamanın
tələbidir.
Qarşıda duran vəzifələrin uğurla həyata keçrilməsi üçün cinayət
işlərinin istintaqının keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya
qarşı mübarizə sahəsində profilaktik işin, xüsusilə də qabaqlayıcı
tədbirlərin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyətinin daha
səmərəli həyata keçirilməsi, antikorrupsiya mühütinin daha da
yaxşılaşdırılması, vətəndaşlarda korrupsiyaya qarşı dözümsüzlük
iradəsinin formalaşdırılması idarənin əsas hədəfləri
sırasındadır.
Azərbaycan prokuroluğunun kollektivi göstərilən yüksək etimadı
uca tutaraq Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bundan
sonra da korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli mübarizə
tədbirlərinin təmin olunmasını təmin edəcəkdir.