Yanvarın 24-də Müasir İncəsənət Muzeyinin, Almaniyanın
Xarici Əlaqələr İnstitutunun (İFA) və Almaniyanın Azərbaycandakı
səfirliyinin birgə təşkilatçılığı ilə "Real məkan. Konseptual
məkan" – alman fotoqrafiyası 90-cı illərdə" adlı fotoşəkillərdən
ibarət sərgi açılıb.
Açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri
Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü
bildirib və paytaxtımızda belə bir sərginin açılmasını gənc
azərbaycanlı fotoqrafların yaradıcılıq imkanlarının artmasına təkan
verəcəyini söyləyib.
Sərginin əlaqələndiricisi Səbinə Şıxlinskaya bildirib ki,
"Müasir alman fotoqrafiyasının aspektləri" adlı tədbirlər
çərçivəsində keçirilən sərgidə 90-cı illərin alman fotoqrafiyasının
inciləri nümayiş etdirilir.
Sərgidə Susanna Brügger, Tomas Demand və Haydi Şpekerin üç
müxtəlif mövqeyi bir ictimai məkan daxilində birləşib. Bunu həm
Haydi Şpekerin "çəkilmiş" mücərrəd memarlıq şəkillərində, həm
Susanna Brüggerin şəhərə baxışından olan parçalarda, həm də Tomas
Demandın qurularaq inşa edilmiş məkanla bağlı şəkillərində çox
aydın görmək olar. Sərginin adında məkanın reallıq və təsvir kimi
ziddiyyəti anlayışlarla əlaqəli vurğulanması təsvir vasitəsilə
bağlı spesifik bir polemikanı göstərir.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri xanım
Haydrun Tempel belə sərgilərin açılmasının ölkələrimiz arasında
mövcud mədəni əlaqələrə öz müsbət təsirini göstərəcəyini
söyləyib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, professor Nərgiz Paşayevaya, "YARAT" Müasir
İncəsənət Məkanının rəhbəri Aida Mahmudovaya və Müasir İncəsənət
Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirən səfir hər kəsi
fevralın 28-dək davam edəcək sərgi ilə yaxından tanış olmağa
çağırıb.
Bakıda ilk dəfə olduğunu bildirən fotoqraf Haydi Şpeker diqqətə
çatdırıb ki, sərgidə təxminən otuz müxtəlif fotoşəkil təqdim
edilib.
Vurğulanıb ki, "Real məkan. Konseptual məkan" adlı sərgi 1998-ci
ildən etibarən dünyanın 50-dək müxtəlif ölkəsində nümayiş
etdirilib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən "YARAT"
Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova alman
fotoqraflarının əsərlərini yüksək qiymətləndirib.
Özünün yaradıcılıq axtarışlarından söz açan Aida Mahmudova
vurğulayıb ki, hazırda intensiv işləyir və müvafiq əsərlərini cari
ilin ortalarında başa çatdırmaq niyyətindədir. Bu ilin sonunda
xaricidə fərdi sərgisinin keçirilməsini də planlaşdırır.
Sərgi çərçivəsində yanvarın 25-də almaniyalı fotoqraf Haydi
Şpeker "YARAT" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında gənc
fotoqraflar üçün seminar keçirəcək. (AzərTac))