Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənovun 2015-ci ilin yekunları ilə
bağlı müsahibə verib.
Trend
müsahibəni təqdim edir:
- Başa çatmaqda olan 2015-ci ili necə xarakterizə
edərdiniz və bu il Azərbaycan üçün nə ilə əlamətdar
oldu?
- 2015-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında
duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət
məsələlərinin həlli baxımından mühüm il olmuşdur. Ölkə
iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial
proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat
layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial
rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş,
ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli
təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Prezident İlham
Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində
Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə
qorunmuş, itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını
davam etdirmişdir.
- Bu il Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər keçirildi. Necə düşünürsünüz, parlament seçkiləri ölkədə
ictimai fəallığı, demokratiya normalarını və vətəndaş məsuliyyətini
özündə adekvat əks etdirə bildimi?
- Milli Məclisə seçkilər 2015-ci ildə ölkəmizin ictimai-siyasi
həyatında ən mühüm hadisələrdən biri olmuşdur. Seçkilər tam
demokratik şəraitdə keçirilmiş və Azərbaycan xalqının iradəsini əks
etdirmişdir. Xalqın Azərbaycan Prezidentinə böyük etimadı və onun
həyata keçirdiyi siyasətə hərtərəfli dəstəyi seçki prosesinin
nəticəsinə təsir göstərən mühüm amil olmuşdur.
Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərdə iştirak etmək
üçün 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınmış, onlardan
767 namizəd seçkilərdə iştirak etmişdir. 500 nəfərdən artıq
müşahidəçini birləşdirən 40-dan çox xarici müşahidə missiyasının,
on minlərlə yerli müşahidəçinin, yerli və xarici medianın,
ekspertlərin rəylərinə əsasən seçkilər şəffaf, ədalətli şəkildə,
yüksək rəqabət şəraitində keçirilmişdir.
Kimin, hansı qurumun seçkilərə necə münasibət bəsləməsindən, onu
necə qiymətləndirməsindən asılı olmayaraq, parlament seçkilərinə
əsil qiyməti Azərbaycan vətəndaşları və seçiciləri verdilər. Yeni
Azərbaycan Partiyasının seçkilərdə inamlı qələbəsi də Azərbaycan
xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa
etimadının ifadəsi olmuşdur.
- 2015-ci il Azərbaycanın iqtisadi inkişafı və bu sahədə
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi baxımından uğurlu
il hesab oluna bilərmi?
- Dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə
aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafı
ilə bağlı 2015-ci ildə qarşıya qoyulmuş vəzifələrin uğurla icra
olunduğunu əminliklə söyləmək mümkündür. Statistikaya əsasən, bu
ilin sonuna Azərbaycanda iqtisadi artım 4%, ölkə üzrə ÜDM istehsalı
57,2 milyard manat təşkil edəcəkdir. Əlamətdar haldır ki, bu artım
əsasən qeyri-neft sektorunun hesabına əldə olunmuşdur. 2015-ci ildə
qeyri-neft iqtisadiyyatı 6 faizdən çox yüksəlmiş və onun
iqtisadiyyatda çəkisi 70 faizə çatmışdır. İl ərzində sənaye
istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox
artmışdır.
Bu il ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar
sərmayə qoyulmuş, onlardan 9 milyardı daxili, 7 milyardı xarici
sərmayə olmuşdur. Bu da onu göstərir ki, Azərbaycan xarici
investorlar üçün cəlbedici ölkə olaraq qalır.
Ölkədə 87 min yeni iş yeri yaradılmış, 2004-cü ildən bu günə
kimi açılmış yeni iş yerlərinin sayı 1.4 milyonu keçmişdir ki, onun
da böyük əksəriyyəti daimi iş yerləridir.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan
olunmuşdur. Aprelin 3-də təsdiqlənmiş Tədbirlər Planı 5 istiqamət
üzrə 50 tədbirin həyata keçirilməsini nəzərdə tutmuşdur. Strateji
hədəf ölkənin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək,
habelə Azərbaycan məhsullarının rəqabət qabiliyyyətini artıraraq
onların xarici bazara çıxarılmasına şərait yaratmaq olmuşdur.
Cari ilin 10 ayında kənd təsərrüfatı 6.7 faiz artmışdır.
Taxtakörpü və Şəmkirçay su anbarları on minlərlə hektar torpağa
suyun verilməsini təmin edəcəklər. Əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son
illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik
mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına,
ixrac potensialının artmasına səbəb olmuşdur.
Xatırladım ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə,
yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəlməsinə,
Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda ölkəmizin mühüm
irəliləyişlərinə görə Prezident İlham Əliyev 2015-ci il üzrə
BMT-nin "Cənub-Cənub" mükafatı ilə təltif olunmuşdur.
Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir
nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır.
Son illər yaradılmış müasir nəqliyyat infrastrukturu Azərbaycanın
"Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin mərkəzinə
çevrilməsində mühüm rol oynayır. Bu yaxınlarda Prezident İlham
Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan
ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında
sərəncam imzalamışdır. Həyata keçirilən tədbirlər Azərbaycanın
beynəlxalq yükdaşımalarda rolunu artıracaq, iqtisadiyyatın
şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir.
Prezident İlham Əliyevin
Gürcüstana və Çinə son səfərləri zamanı əsas müzakirə mövzularından
biri də nəqliyyat-tranzit dəhlizlərinin yaradılması istiqamətində
həyata keçirilən tədbirlərlə bağlı olmuşdur. Hesab edirəm ki, bu
ilin avqustunda Çindən ilk qatarın Azərbaycana çatması və bununla
da Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsinin işə düşməsi
tarixi hadisə və görülən işlərin məntiqi nəticəsidir.
2015-ci ildə "Şahdəniz II" layihəsinin həyata keçirilməsi və
"Cənub" qaz dəhlizinin yaradılması istiqamətində mühüm addımlar
atılmışdır. Fevralın 12-də Bakıda "Cənub" qaz dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin görüşü keçirilmişdir. Mart ayında
isə Qarsda TANAP layihəsinin təməli qoyulmuşdur. TAP layihəsi
"Şahdəniz II" qazının Türkiyə üzərindən Avropaya daşınması üçün
əlavə imkanlar yaradır. Bu layihələr Avropanın enerji mənbələrinin
şaxələndirilməsində və qitənin enerji təhlükəsizliyinin təmin
edilməsində mühüm rol oynayırlar.
Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları Azərbaycanın
sosial-iqtisadi sahədə əldə etdiyi uğurları yüksək
qiymətləndirirlər. Qlobal Rəqabət Qabiliyyəti hesabatında
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140
ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider
mövqeyini qorumuş, "G-20"yə üzv olan 8 ölkəni qabaqlamışdır. Dünya
Bankının hesabatına əsasən, son onillik ərzində Azərbaycan
yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi
istiqamətində inanılmaz irəliləyişə nail olmuşdur. Bankın
hesabatında qeyd edilir ki, Azərbaycan qlobal böhranın təsirinə ən
az məruz qalan dövlətlərdən olmuşdur.
- Bu il həm də neftin qiymətinin kəskin ucuzlaşması,
habelə Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi müşahidə
olundu. Sizin fikrinizcə bu, ölkədə əhalinin sosial durumuna mənfi
təsir göstərəcəkmi?
- Əksər beynəlxalq ekspertlərin fikrinə əsasən, enerji
resurslarının qiymətinin aşağı düşməsi süni şəkildə
stimullaşdırılan prosesdir. Bu siyasət dünyada mövcud beynəlxalq
münasibətlər, təhlükəsizlik sistemini və formalaşmış iqtisadi
əlaqələri ciddi şəkildə təhdid edir. Bir tərəfdən enerji
resurslarını ixrac edən ölkələrin milli gəliri azalır, digər
tərəfdən isə əksər ölkələrdə milli valyutaların dəyərdən düşməsi
müşahidə olunur.
Azərbaycan da dünyanın bir hissəsidir, qlobal iqtisadi
proseslərdən təcrid olunmamışdır və buna görə həmin proseslər
istər-istəməz ölkəmizə də öz təsirini göstərir.
Nəzərə alınmalıdır ki, manatın məzənnəsinin aşağı düşməsi
Azərbaycan iqtisadiyyatının idarə olunmasında hər hansı problemlə
bağlı deyil, dünyada gedən proseslərin ölkəyə mənfi təsiri ilə
əlaqədardır. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, hakimiyyət
neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan
iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. İlin yekunları da
göstərir ki, Azərbaycan bu sınaqdan çıxmağı bacarmış,
yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkə öz dinamik
inkişafını dayandırmamışdır.
Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi
və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır.
Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə
olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafına yönəldilməsəydi, vəziyyət həqiqətən də acınacaqlı ola
bilərdi.
Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən
prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi
qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi
tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir
ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Sosial istiqamət həmişə prioritet olmuş, dünyada yaşanan
iqtisadi təbəddülatların Azərbaycan əhalisinin rifahına ciddi təsir
etməməsi üçün lazımi önləyici addımlar atılmışdır.
Məhz buna görə də, il ərzində sosial proqramların icrasında
ləngimə olmamışdır. Bu il əhalinin pul gəlirləri 5,8 faiz
artmışdır. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait
hesabına ölkədə 34 məktəb, 26 uşaq bağçası tikilmiş və ya əsaslı
şəkildə təmir edilmişdir. Son illər ərzində ölkə üzrə müasir
standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb
müəssisələrinin sayı 500-ü keçmişdir. Əhalinin içməli su ilə
təminatının yaxşılaşdırılması üçün irimiqyaslı layihələr davam
etdirilmişdir.
Bu gün ölkədə 114 min ailə və ya 500 minə yaxın insan ünvanlı
sosial yardım alır. Hər ailəyə dövlət tərəfindən orta hesabla ayda
153 manat yardım göstərilir.
Qeyd edilməlidir ki, devalvasiya sosial baxımdan mənfi haldır və
təbii olaraq vətəndaşların maddi durumuna öz neqativ təsirini
göstərir. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bu prosesi öz
axarına buraxmamış və əhalinin sosial müdafiəsinin gücləndirilməsi
üçün zəruri tədbirlər həyata keçirmişdir, bu məqsədlə müvafiq
tənzimləyici mexanizmlərdən istifadə etmişdir. Daxili istehsalın
stimullaşdırılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi
hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların
fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud
situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının
alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə
götürməsi s. tədbirlər məqsədyönlü şəkildə davam etdirilir.
- Bu il həm də Bakı şəhəri tarixdə ilk dəfə olaraq
keçirilən Birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Bu tədbirin
əhəmiyyətini necə qiymətləndirərdiniz?
- Hesab edirəm ki, l Avropa Oyunlarının uğurla keçirilməsi
dövlətimiz və cəmiyyətimiz qarşısında duran ən böyük sınaqlardan
biri olmuşdur. Düzdür, Azərbaycan regionun siyasi, iqtisadi və
humanitar mərkəzi kimi artıq uzun illərdir çoxsaylı beynəlxalq
tədbirlərə ev sahibliyi edir və bu sahədə kifayət böyük təcrübə
qazanmışdır. Ancaq öz miqyasına, tələb olunan resurslara,
təşkilatçılıq işlərinin həcminə və digər göstəricilərə görə onların
heç biri yay Olimpiya oyunları səviyyəsini tələb edən l Avropa
Oyunları ilə müqayisə oluna bilməz.
Əminliklə demək olar ki, Azərbaycan I Avropa Oyunlarını uğurla
keçirməklə dünya idman tarixində yeni bir səhifə açdı. Avropa
Olimpiya Komitəsinin I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qəbul etdiyi qərardan sonra Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın rəhbərliyi ilə I Avropa Oyunlarının Təşkilat
Komitəsi bu tədbirin yüksək səviyyədə təşkil olunması üçün geniş
hazırlıq işləri başladı. Adətən Olimpiya səviyyəli oyunların
təşkili üçün 7-8 il hazırlıq tələb olunurdusa, Azərbaycan bu işin
öhdəsindən 27 aya gələ bildi. Qısa müddətdə yeni idman obyektləri
inşa olundu, bəzi obyektlər isə müasir formada yenidən quruldu.
Paytaxtın nəqliyyat infrastrukturu təkmilləşdirildi, müvafiq
təhlükəsizlik tədbirləri görüldü, qonaqların, idmançıların
yerləşdirilməsi, məşqlərin keçirilməsi və digər məsələlər həll
olundu. Beləliklə, ölkəmiz hələ oyunlar başlamazdan əvvəl
özünəməxsus rekorda imza atdı və ev sahibi kimi öhdəsinə düşən
vəzifəni layiqincə yerinə yetirdi. Avropa Olimpiya Komitəsinin
rəhbəri Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması
mərasimində bildirdi ki, belə qısa müddət ərzində görülmüş bu qədər
işləri hətta ən çılğın arzularda təsəvvür etmək mümkün deyildi.
Bu yarışlarda Azərbaycan da daxil olmaqla Avropanın 50
ölkəsindən 6 mindən artıq atlet idmanın 20 növündə, o cümlədən 16
olimpiya növündə mübarizə apardı. Avropa Oyunları Bakıda 21 idman
obyektində keçirildi. 17 gün davam edən Oyunlarda 291 idmançı ilə
təmsil olunan komandamız 12 idman növündə 56 medal qazandı ki,
bunların da 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür. Bununla da
komanda hesabında ikinci yer tutan Azərbaycan sadəcə yüksək
səviyyəli təşkilatçı kimi deyil, idman ənənələri güclü olan bir
ölkə kimi özünü təqdim etməyi bacardı.
Yerli və xarici KİV-lərdə verilən materiallar, çoxsaylı ekspert
təhlilləri və rəyləri təsdiq etdi ki, Azərbaycana gələn qonaqlar və
idmançılar ölkəmizdəki qonaqpərvərliyə, Bakının gözəlliyinə, zəngin
tarixinə və müasir inkişafına, qısa dövr ərzində əldə edilmiş
uğurlara heyran olmuşlar.
Artıq Bakı 2017-ci ildə İslam Həmrəylik Oyunlarını qəbul etməyə
hazırlaşır. Bu, Azərbaycanın dünyada necə nadir bir missiya
daşımasının əyani ifadəsidir: Azərbaycan artıq mədəniyyətlərin,
dinlərin, fərqli geosiyasi qütblərin əməkdaşlıq məkanı kimi qəbul
olunur.
- Başa çatmaqda olan 2015-ci ildə Azərbaycan digər mühüm
beynəlxalq tədbirlərə də ev sahibliyi etmiş, eyni zamanda ölkəmiz
müstəqillik tarixində ilk dəfə olaraq "Böyük İyirmiliyin" sammitinə
dəvət olunmuşdur. Bu tədbirlərin əhəmiyyətini necə xarakterizə
etmək olar?
- Bu ilin mayında Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu
keçirilmiş, yüzdən artıq dövlətin nümayəndəsi - fəaliyyətdə olan və
sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi
xadimlər, müxtəlif sahələrin aparıcı ekspertləri mədəniyyətlərarası
dialoq sahəsində aktual məsələləri fəal şəkildə müzakirə etmişlər.
Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini Liderlərinin Zirvə
Görüşü kimi mühüm tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənəvi
xarakter almışdır. Bununla yanaşı, 2015-ci ilin mayında Asiya
İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının,
noyabrda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş
Konfransının XII sessiyasının və digər mühüm tədbirlərin
keçirilməsi Bakı şəhərinin artıq dünya ictimaiyyətinin diqqət
mərkəzində olan məsələlərin müzakirə edildiyi qlobal mərkəzə
çevrildiyini göstərir.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri qeyd
etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
əldə etdiyi inkişaf bütün İslam aləminə nümunə ola bilər. Çünki
Azərbaycan öz tarixi dəyərlərinə əsaslanaraq sülh şəraitində
birgəyaşayışı təşviq edir, sosial sülhün və ədalətin təmin
olunmasında uğurlar qazanır.
Ölkəmizin "Böyük İyirmiliyin" Antalyada keçirilən sammitə dəvət
olunmasına gəlincə, qeyd etmək istərdim ki, bu, Azərbaycanın
regionda və beynəlxalq arenada oynadığı rola, dünyada sülh və
təhlükəsizliyin möhkəmlənməsinə, mühüm iqtisadi məsələlərin həlli
sahəsində gördüyü işlərə verilən layiqli qiymətdir. "Böyük
İyirmiliy"in Antalya Sammitində aparılan müzakirələr və qəbul
edilən qərarlar bir çox qlobal məsələlərə dair ümumi strategiyanın
formalaşdırılması, hazırda müşahidə olunan problemlərin həlli ilə
bağlı real və təsirli tədbirlərin həyata keçirilməsi baxımından
əhəmiyyətli olmuşdur. Azərbaycan nümayəndə heyətinin "G 20"
çərçivəsində keçirilmiş tədbirlərdə iştirakı, Prezident İlham
Əliyevin Antaliya Sammitinə xüsusi qonaq qismində qatılması və
qlobal xarakterli məsələlər barədə Azərbaycanın mövqeyini
səsləndirməsi, bir sıra dəyərli təşəbbüslərlə çıxış etməsi ölkəmiz
üçün böyük əhəmiyyətə malik hadisədir. Cənab Prezident öz nitqində
müstəqil Azərbaycanın milli inkişaf strategiyası və inkişaf
modelini "G 20" üzvlərinin diqqətinə təqdim etmişdir. Həmçinin
sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu
münaqişənin həllinə dair danışıqlar prosesinin gedişi dünyanın ən
mühüm 20 dövlətinin rəhbərinin nəzərinə çatdırılmışdır.
- 2015-ci ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli baxımından necə qiymətləndirmək olar? ATƏT-in
Minsk Qrupunun builki fəaliyyətini və münaqişənin həllinə dair
hazırkı durumu necə dəyərləndirirsiniz?
- Təəssüf ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş müşahidə
olunmamışdır. Bunun da başlıca səbəbləri bir tərəfdən Ermənistanın
destruktiv mövqeyi, mövcud status-kvonu qoruyub saxlamaq cəhdləri
ilə bağlıdırsa, digər tərəfdən də bilavasitə münaqişənin həlli ilə
məşğul olan ATƏT Minsk qrupu həmsədrlərinin qətiyyətsiz mövqeyi ilə
əlaqəlidir. Sirr deyil ki, hazırda beynəlxalq birlik, aparıcı
dövlətlər dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar
münaqişələrə tam fərqli mövqe nümayiş etdirirlər. Bu da hazırkı
dövrdə dünya siyasətində ikili standartların bariz nümunəsi kimi
xarakterizə oluna bilər. Onu da qeyd edək ki, bu gün ATƏT-in Minsk
qrupunda təmsil olunan dövlətlər həm də BMT Təhlükəsizlik Şurasının
daimi üzvləridir və vaxtilə həmin qurumun Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə səs
vermişlər. Hazırda həmin qətnamələrin icrası ilə bağlı heç bir
təsirli tədbirin görülməməsi elə həmin dövlətlərin vaxtı ilə səs
verdikləri qətnamələrə qarşı hörmətsizliyi kimi xarakterizə oluna
bilər.
Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti hesab edir ki,
biz öz gücümüzə qüvənməliyik, iqtisadiyyatımızı, hərbi
qüvvələrimizi daha da gücləndirməliyik. Bu, 2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin
həyata keçirdiyi siyasi kursun mühüm tərkib hissəsi olmuşdur.
Hazırda istər sosial-iqtisadi, istərsə də hərbi sahədə
Azərbaycanın potensial imkanları kifayət qədər böyükdür. Hesab
edirəm ki, iqtisadiyyatı iflic vəziyyətində olan, sosial fəlakət
içində yaşayan, əhalisi baş götürüb qaçan Ermənistan uzun müddət bu
duruma tab gətirə bilməyəcək.
Qeyd edim ki, bu ilin dekabrında İsveçrədə Azərbaycan və
Ermənistan prezidentlərinin növbəti görüşü keçirilmişdir. Görüşün
nəticələri ilə bağlı verilən bəyanata əsasən demək olar ki,
danışıqlar bəslənilən ümidləri doğrultmamışdır. Buna görə də
Azərbaycan Ermənistanı ədalətli sülhə məcbur etmək üçün diplomatik
səylərini, iqtisadi təcridetmə siyasətini davam etdirəcək. Bununla
yanaşı Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyin digər
yollarını da heç zaman istisna etməmişdir.
- Əli müəllim, ABŞ-ın Helsinki Komissiyasının sədri,
konqresmen Kristofer Smitin Konqresə Azərbaycana qarşı bəzi
sanksiyaların tətbiq olunması ilə bağlı təqdim etdiyi "qanun
layihəsi"ni və Avropa Şurasının Baş katibi Torbörn Yaqlandın
Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə
yetirməsi üzrə rəsmi araşdırmaya başlanacağı haqda son bəyanatını
necə izah edərdiniz?
- Görünür, Azərbaycanın milli mənafelərə xidmət edən müstəqil
siyasəti bəzi xarici dairələri, xüsusilə erməni lobbisinin
nəzarətində olan anti-Azərbaycan qrupları ciddi narahat edir.
Azərbaycan dünyada gərginliyin artdığı indiki mərhələdə olduqca
rasional təşəbbüslərlə çıxış edir. Azərbaycan Prezidenti
islamofobiyanı və digər bu kimi mənfi təzahürləri, dünyada
sabitliyi və təhlükəsizliyi pozmaq cəhdlərini, Avropada qaçqınlara
olan pis münasibəti tənqid edir, öz ədalətli səsini ucaltmaqdan
çəkinmir. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun inkişafına, dünyada sülh və təhlükəsizliyin təmin
olunmasına dəyərli töhfələr verir.
Ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji və
nəqliyyat layihələri regionun inkişafına, Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsinə əməli töhfə verir. Azərbaycan öz
geosiyasi potensialını xalqlar və dövlətlər arasında etimad
mühitinin inkişafna yönəldir. Təsadüfi deyil ki, Türkiyənin Baş
naziri Əhməd Davudoğlu ilə görüşü zamanı Prezident İlham Əliyev
Rusiya və Türkiyə arasında artan gərginliyin azaldımasında vasitəçi
rolunu təklif etmişdir. Azərbaycan bəzi qonşu dövlətlərdən fərqli
olaraq həm Avropa İttifaqına, həm də Avrasiya İttifaqına eyni
məsafədə dayanır, ikitərəfli əməkdaşlıq formatlarına üstünlük
verir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan geosiyasi
qütblərin toqquşma deyil, əməkdaşlıq məkanıdır.
Bir zamanlar qonşu İrana qarşı sanksiyalar tətbiq ediləndə də,
bu il Rusiya sanksiyalarla üzləşəndə də Azərbaycan "embarqoçu
kolasiyalara" qoşulmadı. Çünki biz çoxəsrlik qonşuluq
münasibətlərini cari-situativ maraqlardan üstün tutduq.
Təbii ki, hadisələrin bu məcrada davam etməsi, beynəlxalq
məsələlərin həllində Azərbaycanın rolunun artması erməni lobbisini
və onun əlində oyuncaq olan Qərbin ermənipərəst dairələrini narahat
edir. ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit
artıq erməni təəssübkeşi kimi çoxdan ad qazanmışdır. Onun irəli
sürdüyü "təşəbbüs" bütövlükdə ABŞ-Azərbaycan əlaqələrini təhdid
edir və birbaşa Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmişdir.
Eləcə də T.Yaqlandın Azərbaycanda insan haqlarının vəziyyəti ilə
bağlı iddiaları heç bir əsası olmayan subyektiv mülahizələrdən
başqa bir şey deyildir. Bir məqamı qeyd edək ki, AŞPA-nın qış
sessiyasında Azərbaycanın təşəbbüsü ilə iki mühüm sənəd müzakirəyə
çıxarılacaq. Onlardan biri Dağlıq Qarabağ münaqişəsinin həlli
məsələləri, digəri isə Ermənistanın işğalı altında olan Sərsəng su
anbarı ilə əlaqəlidir. Həmin sənədlərdə Ermənistan işğalçı dövlət
kimi göstərilmiş və üstəlik, Dağlıq Qarabağ və ətrafındakı 7
rayonun ermənilər tərəfindən işğal edildiyi vurğulanmışdır.
Görünür, K.Smit və T.Yaqland kimiləri belə təxribatçı addımılar
atmaqla Ermənistanı mümkün mənfi ssenarilərdən sığortalamağa
çalışırlar. Hesab edirik ki, K. Smitin "təşəbbüsü" ABŞ rəsmiləri
tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin
həyata keçməyən növbəti arzularından birinə çevriləcək.
Azərbaycan bütün ölkələrlə, o cümlədən ABŞ-la ikitərəfli və
bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıdır, ayrı-ayrı
çağırışların bu əlaqələrə xələl gətirməsinə imkan verməməyə
çalışır. Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə
dəstək verərsə, ermənipərəst qüvvələrin "oyunu"na gedərsə, o zaman
Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç
kəsin şübhəsi olmasın.
- Bu il Azərbaycan Milli
Mətbuatının 140 illiyi dövlət səviyyəsində qeyd edildi. Siz
Azərbaycan KİV-lərinin inkişaf səviyyəsini necə xarakterizə
edərdiniz və media sahəsində mövcud problemlər barədə nə deyə
bilərsiniz?
- Qeyd edim ki, Azərbaycan Milli Mətbuatının yubileylərinin
dövlət səviyyəsində keçirilməsi artıq ənənə halını almışdır və bu
baxımdan milli mətbuatımızın 140 illiyi də istisna təşkil
etməmişdir. Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq
ölkənin regionlarında və Bakıda təntənəli tədbirlər keçirilmiş,
milli mətbuatımızın keçdiyi şərəfli inkişaf yolu təhlil edilmiş və
qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Mətbuatın
inkişafında rolu olan jurnalistlərlə bağlı daxil olmuş 800-dən çox
təqdimat araşdırılmış və dövlət başçısının müvafiq sərəncamları ilə
180 şəxs dövlət mükafatları ilə təltif edilmiş və fəxri ad
almışlar.
Hesab edirəm ki, bu gün Azərbaycanda peşəkar, ictimai rəyə təsir
imkanlarına malik, güclü media mövcuddur. İnternetin açdığı
imkanlar Azərbaycan mediasının beynəlxalq informasiya məkanına
çıxışına şərait yaratmış və bu gün KİV-lərimiz bu və ya digər
məsələlərlə bağlı Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyini
dünya ictimaiyyətinin diqqətinə çatdırmaq iqtidarındadır.
Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də
Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi
istiqamətində səylərini davam etdirəcəkdir. Lakin KİV-lər də
yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol
verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan
cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli
töhfələr verməlidirlər.
- Əli müəllim, 2015-ci il həm də bir sıra xoşagəlməz
hallarla yadda qaldı. Milli Təhlükəsizlik və Rabitə və Yüksək
Texnologiyalar nazirlikləri ətrafında baş verən hadisələr, yüksək
vəzifəli şəxslərin həbsi, Nardaran hadisələri, "Günəşli" yatağında
baş verən faciə cəmiyyətdə geniş müzakirə olundu.
- Cənab Prezident Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının
sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında bəzi dövlət strukturları tərəfindən sahibkarlara
problemlər yaradıldığını bildirmiş və bu problemin aradan
qaldırılması ilə bağlı son xəbərdarlığını etmişdir. Bundan sonra
qəbul edilmiş qərarlar və atılan addımlar göstərdi ki, Azərbaycan
Prezidenti ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin
təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq
və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və
belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər
görüləcəkdir.
MTN-nin bir sıra əməkdaşları səlahiyyətlərini aşaraq müxtəlif
texniki vasitələrlə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını
dinləmiş və bundan öz məqsədləri üçün istifadə etmişlər. MTN-in
sabiq rəhbərliyi hüquqa zidd əməllərinə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyini də cəlb etmişdir. Nəticədə vətəndaşlara
və dövlətə külli miqdarda ziyan dəymişdir.
Ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük
siyasi iradə nümayiş etdirir. Bundan sonra da Azərbaycan
qanunlarına hörmətsizlik göstərən hər kəsin aqibəti MTN və RİTN-in
sabiq rəhbərlərinin və onların qanunsuz əməllərinə şərik olanların
aqibətindən fərqlənməyəcək.
Azərbaycan hüquqi, demokratik, dinamik inkişaf edən dövlətdir,
ölkədə bütün məsələlər Konstitusiya və mövcud qanunvericilik
əsasında tənzimlənir. Əlbəttə, uzun illərdir Bakının ətrafında
yerləşən Nardaran qəsəbəsinin bəzi cinayətkar ünsürlərin, din
pərdəsi altında gizlənmiş terrorçuların, xarici agentlərin
məskəninə çevrilməsi, bu qəsəbədə ölkə qanunlarının işləməməsi,
dövlət orqanlarının, bələdiyyənin fəaliyyət göstərməməsi artıq
dözülməz hal almışdı. Qəsəbədə mövcud ab-hava Azərbaycan reallığını
tam inkar edərək daha çox dini-teokratik cəmiyyəti xatırladırdı.
Noyabrın 16-da silahlı dəstə tərəfindən iki polis əməkdaşının qətlə
yetirilməsi qəsəbədəki özbaşınalığın son həddi oldu və bu ərazidə
konstitusion quruluşun bərpa edilməsi üçün müvafiq tədbirlərin
həyata keçirilməsini zəruri etdi. Dekabrın 1-dən etibarən hüquq
mühafizə orqanlarının Nardaranda birgə xüsusi əməliyyat keçirməsi
də bu məqsədi daşıyırdı. Həyata keçirilən əməliyyat nəticəsində
qəsəbə terror qruplaşmasından təmizlənmiş, öz dinc həyatına,
ümumazərbaycan mühitinə qaytarılmışdır. Bundan sonrakı dövrdə
Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi,
təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları
radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən
sərt şəkildə alınacaqdır.
Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi,
mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının
yaxşılaşdırılması istiqamətində də addımlar atılır. Cənab
Prezidentin göstərişinə əsasən Nardaranın abadlaşdırılması,
qəsəbədəki infrastrukturun yenilənməsi, sakinlərin sosial
problemlərinin həlli məqsədilə ilkin olaraq 12 milyon manat
məbləğində vəsait ayrılmışdır.
Dekabrın əvvəlində "Günəşli" yatağında baş vermiş faciə
proqnozlaşdırılması mümkün olmayan təbii fəlakətin yaratdığı
texnogen qəza idi. Baş verən hadisə zamanı istər SOCAR, istərsə də
Fövqəladə Hallar Nazirliyi koordinasiyalı şəkildə fəaliyyət
göstərərək şəraitin imkan verdiyi xilasetmə tədbirləri həyata
keçirmişlər. Təəssüf ki, təbii fəlakətin miqyası bütün gözlənti və
ehtimallardan qat-qat böyük olduğundan görülən tədbirlər lazımi
effekt vermədi.
Təbii ki, bu qəzadan müəyyən nəticələr çıxarılacaq. Qəza haqda
xəbərlər dəqiqləşəndən dərhal sonra Azərbaycan Prezidentinin
müvafiq sərəncamları ilə ölkə ərazisində birgünlük rəsmi matəm elan
olunmuş, qəzanın səbəblərin öyrənilməsi və nəticələrinin aradan
qaldırılması üçün müvafiq komissiya yaradılmışdır. Dənizdə
qəhrəmancasına həlak olan neftçilərimizin ailələrinə
kompensasiyalar verilmiş, müvafiq qanunvericiliyə uyğun şəkildə
ailə üzvləri üçün yüksək həcmdə təqaüdlər müəyyən edilmiş, yaralı
neftçilərin müalicəsinə hər cür şərait yardılmışdır, həlak
olanların dəfnini dövlət öz üzərinə götürmüşdür. Qəzanın
fəsadlarının aradan qaldırılması üçün digər zəruri tədbirlər davam
etdirilir.
- Əli müəllim, 2016-cı ildə qarşıda duran vəzifələr və
onların yerinə yetirilməsi ilə bağlı nə deyə
bilərsiniz?
- Hesab edirəm ki, həm 2016-cı ildə, həm də sonrakı dövrdə
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz müstəqil
siyasətini davam etdirəcək, milli inkişaf strategiyasının
reallaşdırılması, iqtisadiyyatın daha da inkişaf etdirilməsi,
əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq
nüfuzunun artırılması, milli təhlükəsizliyin və sabitliyin təmin
olunması istiqamətində tədbirlər ardıcıl şəkildə həyata
keçiriləcək. Ümummilli problem olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və
prinsipləri çərçivəsində həlli qarşıda duran ən başlıca vəzifədir.
Xalqla iqtidar arasında birlik, ən əsası vətəndaşların Prezident
İlham Əliyevə olan böyük etimadı qarşımızda duran bütün
problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Azərbaycan
müstəqillik, inkişaf və rifah yolu ilə gedir və bu yolda yeni
zəfərlər qazanmaqda davam edəcək.