Milli Məclisdə komitə sədri, YAP icra katibinin müavini
Siyavuş Novruzov Publika.az saytının ÜZ-ÜZƏ layihəsinin qonağı
olub.
Axar.az müsahibəni ixtisarla təqdim edir:
- Bəzən mətbuatda sizin də yüksək vəzifəyə təyin
olunacağınız barədə məlumatlar yayılır. Bu cür yazılara
münasibətiniz necədir?
- Mən bu cür yazılara adi reaksiya verirəm. Belə yazılar bəzən
ara qızışdırmaq məqsədilə tirajlanır. Əgər diqqət yetirsəniz
görərsiniz ki, hər bir sahə bölünüb. Misal üçün, YAP-ın rəhbər
şəxsləri qanunvericilik, hökumət, dövlət və digər sahələrdə təmsil
olunurlar. Milli Məclisdə təmsilçilik də vacib şərtlərdən biridir.
Hazırda YAP-ın 71 üzvü Milli Məclisin deputatı qismində təmsil
olunur. Partiyanın siyasi xətti var. Ona görə də partiya aparatında
rəhbər şəxslərdən ən azı bir nəfər Milli Məclisdə bu işləri həyata
keçirməlidir. Milli Məclisin komitə sədri olmaq nazir statusuna
bərabər vəzifədir. Komitə sədrinin əmək haqqı ilə nazirin əmək
haqqı və digər göstəriciləri də eynidir. Bu baxımdan da mənim üçün
vəzifənin heç fərqi yoxdur. Əsas odur ki, dövlətin və prezidentin
siyasətinə düzgün xidmət edəsən.
- Necə düşünürsünüz, dövlət başçısının məmurlara son
xəbərdarlığı müsbət nəticələr veribmi?
- Cənab Prezident hökumətin yığıncaqlarında və digər
toplantılarda hər zaman məmurlara xəbərdarlıq edirdi. Vaxtilə, ulu
öndər Heydər Əliyev də məmurları sadə və təmkinli olmağa çağırırdı.
Vəzifəyə təyin etdiyi adamlara tapşırırdı ki, gedib əhali ilə
yaxından əlaqə yaratsınlar, insanları narazı salmasınlar.
Bilirsiniz, heç kəs deyə bilməz ki, hər hansı cəmiyyətdə problem
yoxdur. İnsan varsa, cəmiyyət, cəmiyyət varsa, problem də var.
Bəzən icra başçılarını da qınamaq olmur. Çünki rayonlarda
insanların hamısının gözü icra hakimiyyətinin binasına dikilir.
Evdə dalaşan da, qonşusu ilə yola getməyən də, qoyunu itən də gəlib
İcra Hakimiyyətinə müraciət edir. Ancaq istənilən halda icra
başçısı hər hansı rayona təyin olunursa, o, bu etimadı
doğrultmalıdır. Hətta cənab Prezident son müşavirədə də qeyd edib
ki, vəzifəsində nöqsanlara yol verən məmurlar həm işdən
çıxarılacaq, həm də cəzalandırılacaq. Biz bu gün bunları reallıqda
da görürük. Artıq bu proses gedir. Bilirsiniz, yüksək dövlət
vəzifəsi hər bir adama nəsib olmur. Vəzifəyə təyin olunan məmur da
bu vəzifəni ədalətlə, vicdanla yerinə yetirməlidir. Əgər bundan
sonra da kim bu vəzifəni ləyaqətlə yerinə yetirməyəcəksə, onlar da
cəzalandırılacaq.
- MTN-dəki son islahatlarla bağlı nə deyə
bilərsiniz?
- Ümumiyyətlə, dünya sistemində də bu cürdür. Dünya ölkələrinin
bir sıra dövlət strukturlarında bu cür islahatlar aparılır. Hesab
edirəm ki, bu cür islahatlar mütəmadi olaraq aparılmalıdır.
Post-sovet ölkələrinin əksəriyyətində də xüsusi xidmət orqanları
var. İndiyədək Azərbaycanda bu qurum nazirlik idi, ancaq bundan
sonra xidmət gedəcək. Əslində, bu təklif əvvəlcədən var idi. İndi
də yeni təkliflər verilir ki, digər qurumlar da ləğv edilsin və
yerində yeniləri yaradılsın. Vaxtilə elə qurumlar var idi ki,
onlara böyük ehtiyac var idi. Ancaq indi həmin qurumlara ehtiyac
qalmayıb. Bu istiqamətdə islahatlar mütəmadi olaraq həyata
keçirilir. Bilirsiniz, idarəetmə sadələşdirilməlidir.
- Digər nazirliklərdə də oxşar dəyişikliklər
gözlənilir?
- Belə dəyişikliklər olur. Vaxtilə Rabitə və Yüksək
Texnologiyaları, İqtisadiyyat və Sənaye nazirliklərində
dəyişikliklər edilib. Burada təkcə ad dəyişməyib, eyni zamanda
həmin qurumlar fəaliyyət dairələrində də dəyişiklik edilib.
Gələcəkdə də bu dəyişikliklərin edilməsi gözləniləndir.
- Sadaladığınız islahatlar arasında YAP-ın təklifləri
olubmu?
- Bu cür məsələlər YAP-ın İdarə Heyətində müzakirə olunur və
zəruri təkliflər də partiya sədri, cənab Prezident İlham Əliyevə
çatdırılır. Bu cür məsələlərə digər strukturlarda da baxılır və
real olan məsələlər öz həllini tapır.
- Nardaran hadisələrindən sonra dövlət bu ərazidə bir
sıra təmizləmə tədbirləri həyata keçirdi. Hətta, bu yaxınlarda
dövlət başçısı Nardaranda abadlıq işlərinin görülməsi üçün 12
milyon pul ayırdı. Bundan sonra qəti demək olarmı ki, artıq
Nardaranda qarşıdurma olmayacaq?
- Artıq Nardaranda bütün qara bayraqlar yığışdırılıb. Biz qanun
da qəbul etmişik ki, həmin bayraqlar yalnız ziyarətgah və
məscidlərin içərisində asıla bilər. Qanunda da göstərilir ki,
Azərbaycanın dövlət bayrağından və rəsmi protokol qaydalarına
əsasən, hər hansı xarici ölkənin dövlət başçısının səfəri zamanı
asılan dövlət bayrağından başqa, hər hansı dini konvensiyanın və ya
təşkilatın bayrağı küçələrdə asıla bilməz. Dini bayraqlar yalnız və
yalnız məscidlərdə, pirlərdə, ziyarətgahlarda içəridə asıla bilər.
Bundan əlavə, avtomobillərdə də dini şüarlar yazıla və ya bayraqlar
asıla bilməz. Əgər bütün bunlardan hər hansı biri olarsa, o zaman
bunun ilkin olaraq cəzası cərimələr və məsuliyyətə cəlb olunmalar
olacaq.
Onu da qeyd edim ki, hazırda Nardaranda tam sakitlik hökm sürür.
Hər bir təşkilat və orqan öz işini normal şəkildə həyata keçirir,
ərazidə elektrik enerjisi və təbii qaz verilişi üçün sayğaclar
quraşdırılır. Bu yaxınlarda cənab Prezident tərəfindən də
Nardaranda abadlıq işlərinin görülməsi üçün 12 milyon vəsait
ayrılıb. Bütövlükdə, hər bir əraziyə olduğu kimi, Nardarana da hər
zaman dövlətin diqqəti olub. İndiyədək Nardaranda məktəb,
mədəniyyət evi, xəstəxana da inşa edilib, digər sahələrə də böyük
diqqət yetirilib. Bu proses bundan sonra da davam etdiriləcək.
Nardaranda olan bəzi insanlar da başa düşdü ki, dövlətlə
dövlətçilik etmək olmaz. Qanun hamı üçün eynidir. Bir qrup insanın
Nardaran kənd camaatını uzun müddət öz təsiri altında saxlaması
mümkün olan məsələ deyildi. Nəzərə alsaq ki, onlara kənardan da
müdaxilələr olurdu. Hətta, saxlanılan adamların əksəriyyəti
Nardaran sakini deyil. Onlar Nardaranı özləri üçün fəaliyyət yeri
kimi seçib, inanclı insanları öz təsir dairələrinə cəlb etmişdilər.
Artıq Nardaran camaatı da səhvini başa düşüb və silahı olanlar
könüllü şəkildə silahları təhvil veriblər. Çünki dövlət tərəfindən
elan olunub ki, silahları könüllü qaytaranlar məsuliyyətə cəlb
olunmayacaq. Tam əminəm ki, hər şey tezliklə öz axarına
düşəcək.
- Nardaran hadisələri mətbuatda və cəmiyyətdə birmənalı
qarşılanmadı. Bu hadisəni MTN işi ilə də əlaqələndirənlər oldu. Siz
necə düşünürsünüz, Nardaran hadisələrinin sabiq nazir Eldar
Mahmudovla nə qədər əlaqəsi var?
- Nardaranla bağlı hazırda istintaq araşdırmaları gedir,
hüquq-mühafizə orqanları araşdırma aparırlar. Bundan sonra nə
olacaqsa, artıq bu istintaqın ortaya çıxaracağı nəticələr olacaq.
Nardaran hadisələrində kimin əlinin olub-olmayacağını ancaq
istintaq ortaya çıxara bilər. Ümumiyyətlə, kimlərin bu cür
hadisələrin baş verməsinə tərəfdar olmasını istintaq müəyyən edə
bilər. Bu, sırf istintaqın işidir.
- "Günəşli" yatağında baş verən faciəni də xaricdən
edilən təxribat kimi qiymətləndirirlər…
- Bu bir faciədir. Çox təəssüf ki, bəzi şəxslər bu faciəni də
başqa yerlərə yozurlar. Allah faciə nəticəsində ölənlərə rəhmət
etsin. Sağ qalanlara da Allahdan şəfa diləyirəm. Dövlət tərəfindən
nə qədər addım atılsa da, bu böyük bir faciədir. Faciə zamanı həlak
olan insanları geri qaytarmaq mümkün deyil. Onların arasında ailə
başçıları da var idi ki, onların yetkinlik yaşına çatmayan
övladları qalır. "Günəşli" yatağında baş verən bir qəza, təbii
fəlakət idi. İndi mütəxəssislər də araşdırır. Araşdırmalardan sonra
bilinəcək ki, orada partlayış necə baş verib. Amma bütün
mütəxəssislərin ilkin rəyi ondan ibarətdir ki, güclü küləyin
təsirindən borularda sızma yaranıb və yanğın olub.
Əslində, platformada insanlar üçün hər cür şərait hazırlanmışdı.
Amma nə etmək olar, təbii fəlakət belə nəticələrə yol açdı. Ən
yüksək və müasir texnologiyalara malik olan Yaponiyada sunami
qalxdı və 30 mindən çox insanın həyatına son qoydu, şəhərləri
dağıldı. Yəni, gözlənilmədən baş verən təbii fəlakətin qarşısını
heç kəs öncədən ala bilməyib. Hesab edirəm ki, bu cür təbii
fəlakətlər nəticəsində meydana gəlmiş faciələrdən heç kəs
sui-istifadə etməməlidir. Radikal müxalifət baş verən hər bir
hadisədən hökumətə qarşı istifadə etməyə çalışır. Təsəvvür edin,
yolda getdiyin yerdə bir ağac aşırsa, müxalifət deyir ki, bunu
iqtidar edib.
Yanan bina zamanı da müxalifət bu faciədən hökumətə qarşı
istifadə etməyə çalışırdı. Yanan bina Müsavat Partiyasının
qərargahı yaxınlığında yerləşirdi, partiya rəhbərləri əraziyə
getmək əvəzinə dərhal bəyanatlar hazırlayıb yaydılar. Gedəydilər
də, bəlkə 2 nəfərə yardım edə bilərdilər. Bunlar ancaq bəyanat
verməyə öyrəniblər. Bunların deməyindən belə çıxır ki, iqtidar
qəsdən bu faciələri yaradıb. Birincisi, müxalifət Azərbaycan
xalqını bizdən çox istəyə bilməz. Biz faciə zamanı bir nəfərin belə
barmağının qanamasını istəmərik. İqtidarın və müxalifətin atdığı
addımlara baxın. İnsanı geri qaytarmaq olmaz. Digər atılan bütün
addımlara baxsanız, görərsiniz ki, iqtidar xalq üçün necə çalışır.
Faciə zamanı zərərçəkənlərin hər birinin ailəsinə dövlət tərəfindən
bütün yardımlar edildi. Bu siyasət bundan sonra da davam
etdiriləcək.
Ancaq müxalifət nə edir? Bunlar mütəxəssis olmaya-olmaya iclas
toplayıb, özlərindən rəylər verirlər. Biri deyir ki, qayıq köhnə
idi, o biri deyir ki, hava pis idi, niyə getmişdilər və sairə.
Bilirsiniz, neftçilərin öz iş proqramları var, onlar neçə il idi
ki, dənizdə işləyirlər. Kim bilirdi ki, orada yanğın baş verəcək?
Əgər yanğın baş verməsəydi, külək yatacaqdı və neftçilər də sağ
qalacaqdı. Yenə deyirəm, fəlakətdən, faciədən sui-istifadə etmək
olmaz. Bəlkə də ona görə də Azərbaycan xalqı müxalifətin bu cür
hərəkətlərini görüb onlara səs vermir.
İndi dünyada neftin qiyməti düşüb, buna görə müxalifətin
sevincinin həddi-hüdudu yoxdur. Bu adamlar düşünmürlər ki, neftdən
gələn gəlirə məktəb tikilirdi, sosial problemlər həll olunurdu,
park salınırdı, xəstəxanalar inşa edilirdi, insanlar dövlət
tərəfindən ildə 2 dəfə pulsuz müayinədən keçirdi. Bu insanların
içərisində cəbhəçisi, müsavatçısı və digərləri də var. Tikilən
məktəblərdə təkcə iqtidardakı insanların uşaqları oxumur. Orada
hamının uşağı təhsil alır.
Bu gün Azərbaycanda xeyli sayda elektrik stansiyaları inşa
edilib. Azərbaycan artıq elektrik enerjisini xaricə də ixrac edir.
Halbuki, vaxt var idi, ölkədə gün ərzində 2 saat işıq yanmırdı.
Azərbaycan neftdən gələn gəliri daha çox sosial problemlərin
həllinə yönəltdi, yollar, körpülər və təhsil müəssisələri açıldı.
Bununla ölkədə yeni iş yerləri açıldı. Digər tərəfdən isə pul insan
kapitalına çevrildi və qeyri-neft sektoru inkişaf etdirildi. İndi
müxalifətə sual olunur ki, neftin qiyməti aşağı düşəndə nə
qazanacaqsan? Bu cür düşünən insanlar utanmazcasına hələ
Azərbaycana rəhbərlik etmək istəyirlər. Bu cür düşüncə ilə
Azərbaycana rəhbərlik etmək olar? Bunlar üçün əsas şərt odur ki, nə
qədər Azərbaycan pis olsa, bizim üçün yaxşı olacaq. Əksər ölkələrdə
taleyüklü məsələlərdə iqtidarla müxalifət bir olur. Amma çox
təəssüf ki, Azərbaycan müxalifətinin bir hissəsi öz ağılı ilə
hərəkət etmir. Onlar, xaricdən aldıqları tapşırıq əsasında
fəaliyyət göstərirlər.
- Neftin qiyməti gündən-günə aşağı düşür. Bunun
Azərbaycana təsirləri necə olacaq?
- Dünyada neftin qiymətinin aşağı düşməsi iqtisadi məsələ deyil,
bu da siyasi məsələdir. Vaxtilə bu üsuldan istifadə olunub.
Keçmişdə Sovet İttifaqını da dağıtmaq üçün neftin qiymətini 8
dollara endirdilər. Bundan az sonra Sovet İttifaqı dağıldı. Çünki
Sovet İttifaqı öz iqtisadi gücünü daha çox neft gəlirlərinə
hesablamışdı. Nəticədə də dağıldı. İndi də eyni metoddan Rusiyaya
qarşı istifadə olunur. Bunun nəticəsində də Azərbaycan kimi neft
istehsal edən ölkələr də ziyan çəkirlər.
Ərəblər üçün neft istehsalı 6-7 dollara başa gəlir. Onlar bizim
kimi nefti dənizdən çıxartmırlar. Ona görə də ərəblərə neftin
indiki qiyməti sərf edir. Eyni zamanda Qərb digər vasitələrlə
ərəblərin neftin qiymətinin enməsi zamanı itirdiyi vəsaiti digər
vasitələrlə kompensasiya edir. Ancaq Rusiya, Azərbaycan,
Qazaxıstan, Türkmənistan, İran üçün neftin qiymətinin aşağı düşməsi
ziyandır.
- İndi İŞİD-in Azərbaycan üçün təhlükəsi nə
qədərdir?
- Region üçün yox, ancaq dünya üçün İŞİD təhlükəlidir. İŞİD Qərb
tərəfindən yaradılmış terror təşkilatıdır. Avropa Birliyinə üzv
ölkələrdən 10 minə yaxın adam İŞİD-ə üzv olub. İŞİD-in digər
üzvləri isə Liviya ordusundan qalmış muzdlu döyüşçülər, Səddam
Hüseynin ordusundan tutulmuş əsirlər və İraq hərbi əməliyyatlarında
iştirak edən avropalılardır. Vaxtilə Avropadan gedib İraqda Səddam
Hüseynə qarşı döyüşmüş hərbiçilər sonradan ölkələrinə qayıdanda iş
tapa bilməyiblər və yenidən İraqa qayıdıb İŞİD-ə üzv olublar. Təbii
ki, bunlar üçün bütün əlaqələndirmə və istiqamət Qərbdən gəlir.
Əgər tezliklə İŞİD-in qarşısı alınmasa, o zaman bu terror təşkilatı
Avropanın bəlasına çevriləcək. İndi bütün dünya birləşib İŞİD-in
qarşısını almalıdır.
- Azərbaycandan İŞİD sıralarına qoşulanlarla bağlı dəqiq
statistika var?
- Azərbaycandan İŞİD-ə qoşulanların sayı 700-dən çoxdur. Onlar
təkcə İŞİD deyil, bu kimi terror təşkilatlarında və xarici
ordularda döyüşürlər. Bunların bir hissəsi Suriya ordusunda, bir
hissəsi İraqda, bir hissəsi isə İŞİD tərkibində döyüşürlər. Biz son
illər qanunları sərtləşdirdikdən sonra onların sayı azalıb. Əgər
onlar geri qayıdacaqsa, məsuliyyətə cəlb olunacaqlar. Həmin
şəxsləri sərt cəzalar, hətta, Azərbaycan vətəndaşlığından məhrum
olmaq gözləyir.