150 min nəfər məcburi köçkün Bakıda istismara yararsız
yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə
yaşayır.
AzərTac xəbər verir ki, bunu baş nazirin
müavini Əli Həsənov yanvarın 10-da Nazirlər Kabinetinin Azərbaycan
prezidenti İlham Əliyev sədrliyi ilə keçirilmiş 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bildirib.
"Vaxtilə təklifimiz nəticəsində Abşeron rayonunun Qobu
qəsəbəsində yaşayış massivinin layihələndirilməsinə başlanılıb.
Hesab edirəm ki, Bakı şəhərində vəziyyəti yüngülləşdirməyin çıxış
yolu, imkan yarananda, həmin yaşayış massivinin layihələndirilməsi
və tikilməsidir.
Tapşırığınız əsasında məcburi köçkünlərə nəzərdə tutulan
güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan
büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün
təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə
müzakirədən sonra yaxın vaxtlarda zati-alinizin diqqətinə təqdim
ediləcək.
Məlumat üçün bildirirəm ki, 2015-ci ildə komitəyə ayrılmış
büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon
manat vəsaitə qənaət edilib", - deyə Əli Həsənov bildirib.
Əli Həsənov qeyd edib ki, 2015-ci ildə ölkəmizdə həyata
keçirilən çoxsaylı sosial layihələrdən məcburi köçkünlər də
bəhrələniblər.
"Bütün çətinliklərə baxmayaraq, son illərdə məcburi köçkünlərin
sosial müdafiəsinə diqqət artırılıb. Büdcədən 2016-cı ildə sosial
sahəyə yönəldilmiş vəsaitin həcmində hətta 2014-cü ilə nisbətən
artım var.
Ölkənin ən həssas qrupu olan məcburi köçkünlərə 2015-ci ildə
Mingəçevir, Şirvan şəhərlərində, Hacıqabul, Saatlı, Abşeron, Bərdə,
Sabirabad, Qazax, Zaqatala, Bakının Qaradağ, Sabunçu rayonlarında
məskunlaşan 15 min məcburi köçkünün mənzil-məişət şəraitinin
yaxşılaşdırılması üçün tikinti işləri aparılıb, 5 yeni qəsəbə
salınaraq yaşayış massivlərinin sayı 94-ə çatdırılıb.
2015-ci il fevralın 24-də Mingəçevir şəhərində, martın 12-də isə
Bərdə rayonu ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni
yaşayış komplekslərinin açılışı olub.
Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə
Xırdalan şəhərində 600 məcburi köçkün üçün inşa edilmiş binanın
2015-ci il mayın 10-da keçirilmiş açılışında Fondun prezidenti
Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə iştirak edib", - deyə o
söyləyib.
Əli Həsənov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı
üzrə, şəffaf şəraitdə xərclənməsi ilə bağlı bildirib ki, məcburi
köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyənləşdirilmiş
normativlər üzrə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq
vasitəsilə xidmət təşkilatlarına, müavinətlər isə plastik kartlarla
ödənilir. Nəticə etibarilə artıq 10 ildir ki, vəsaitlərin
ödənişində canlı təmas amili tam aradan qaldırılıb.
Onun sözlərinə görə, bu sahədə işlərin təkmilləşdirilməsi həm
müvafiq icra hakimiyyətləri, həm də xidmət təşkilatları ilə
birlikdə həyata keçirilir. Qaz və elektrik enerjisi sahəsində
sayğaclaşma işləri tam başa çatdırılıb.