Axar.az Milli Məclisin Gənclər və idman komitəsinin
sədri Fuad Muradovun APA-ya müsahibəsi təqdim edir:
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin son
iclasında manatın devalvasiyası və süni bahalaşma məsələsinə
toxundu, tapşırıqlar verdi. Siz ölkədə yaranmış mövcud durumu necə
dəyərləndirirsiniz?
- Dövlət başçısı həmişə olduğu kimi xalqın, insanların marağı,
ölkədə ictimai-siyasi proseslərin düzgün istiqamətdə getməsi ilə
bağlı öz fikirlərini bildirdi. Prezidentin bütün çıxışları xalqın
marağından irəli gəlir və xalq da prezidentin fəaliyyətini yüksək
qiymətləndirir. Nazirlər Kabinetinin son iclasında da prezident
ciddi tapşırıqlar verdi. Həmin tapşırıqlarda xüsusi olaraq süni
bahalaşmanı həyata keçirən, ajiotaj yaradanlarla bağlı məsələ
vurğulanıb. 2008-ci ildə dünyada böhran yaşananda inkişaf etmiş
ölkələrdə, ətraf ölkələrdə böhran vardı. Azərbaycanın imkanları
vardı və vətəndaşlarımız o böhranı hiss etmədi. Halbuki o zaman
artıq proses başlamışdı. Biz vəziyyəti real qiymətləndirməliyik. O
vaxt ölkənin imkanlarından istifadə edərək imkan verilmədi ki,
böhran Azərbaycana gəlsin, vətəndaşlar bunu hiss etsinlər. İndi
böhran artıq bütün dünyanı bürüyüb. Bu gün nəhəng dövlətlər, neft
şirkətləri pis vəziyyətlə üzləşiblər. Təəssüflər olsun ki,
Azərbaycanda bəzi qruplar var, onlar yaranmış vəziyyətdən
sui-istifadə edirlər. Burada müxtəlif maraqlar, həm siyasi, həm
müəyyən gəlirlər əldə etmək maraqları var. Prezident açıq şəkildə
bəyan etdi ki, artıq bu maraqlar cinayət şəkilinə keçir. Yəni
qəsdən camaat arasında təşviş salmaqdan söhbət gedir. Bəzi ərzaqlar
var ki, Azərbaycanda istehsal edilir. O halda suallar yaranır.
Prezident illərdir ki, investisiyaları, sahibkarlığın inkişafını
dəstəkləyir. Sahibkarlığa Kömək Milli Fondu həm xammalın istehsalı,
həm son ərzaq məhsullarının istehsalı, kiçik, böyük sexlərin
açılması, ərzaq məhsullarının saxlanılması üçün anbarların
tikintisi ilə bağlı sahibkarlara dəstək üçün milyonlarla manat
vəsait ayırıb. Amma bu gün yerli istehsal olan həmin ərzaq
mallarının bahalaşdığını görürük. Bu, necə ola bilər? Deməli,
burada hansısa xüsusi maraqlar var. Əgər hər hansı bir mal
bahalaşırsa, Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlər
əvvəlcədən çıxıb bunu bəyan etməlidirlər. Bildirməlidirlər ki,
vəziyyət budur, deyək ki, hansısa məhsulun xammalı Azərbaycandadır,
hansısa xammal xaricdən gəlir, buna görə də bu addımlar atılır.
Amma heç kim heç nəyi izah etmir. Səhər-səhər də camaat gəlib görür
ki, illər boyu Azərbaycanda istehsal edilən hər hansı ərzaq 30-70
faiz bahalaşıb. Təbii ki, bu, süni bahalaşmadır. Belə vəziyyətdə bu
məsələyə cavabdeh dövlət qurumları, dövlətin investisiyalarından
bəhrələnən özəl şirkətlər, səhmdar cəmiyyətlər toparlanmalıdır.
Qətiyyən yol vermək olmaz ki, cəmiyyətdə, insanlar arasında
narazılıq yaransın. Bu, ən vacib məsələlərdən biridir.
Təbii ki, müəyyən siyasi qruplar da fürsətdən istifadə edərək
nəyəsə nail olmaq istəyirlər. Amma bu, əbəsdir. Azərbaycan xalqı
prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Dövlət başçısı bu
illər ərzində Azərbaycanın inkişafı, ən böyük məsələmiz olan ərazi
bütövlüyümüzün bərpası istiqamətində bütün lazımi addımları atıb.
Siyasi iradə, prezidentin mövqeyi ortadadır, tapşırıqlar da
verilib. Dövlət qurumlarımız ciddi nəticə çıxarmalı və dərhal
tapşırıqları yerinə yetirməlidirlər.
- Yaranmış vəziyyətdən
müəyyən biznes qurumlarının sui-istifadə etdiyini, süni bahalaşmaya
yol verildiyini söylədiniz. Belə hallarla mübarizə mexanizmi necə
olmalıdır?
- Prezident çıxışında bu məsələləri vurğuladı və bildirdi ki,
məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. İqtisadiyyat
və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hazırda bu istiqamətdə əsl
işləmək zamanlarıdır. Eyni zamanda hüquq-mühafizə orqanları lazımi
addımlar atmalıdırlar. Düzdür, iqtisadi göstəricilər, statistik
məlumatlar var, amma vəziyyət elə ciddi deyil. Bəli, problem var,
amma problem o səviyyədə deyil ki, camaat ciddi narazı qalsın. Ona
görə də prezident öz tapşırıqlarını verib, bu tapşırıqlar dərhal
həyata keçirilməlidir.
- Yeri gəlmişkən, bəzi rayonlardakı etiraz aksiyalarına
münasibət necə olmalıdır?
- Bu aksiyaların mahiyyətinin nədən ibarət olmasına, necə
başlamasına baxmaq lazımdır. Bəzi yerlərdə xüsusi olaraq
araqarışdıranlar var, bəzilərində doğrudan da yerli məmurdan
narazılıq yaranıb. Bunlara ayrı-ayrılıqda baxılmalı və normal
qiymət verilməlidir. Düşünmürəm ki, bu aksiyalar bəzilərinin iddia
etdiyi kimi hansısa zəncirvarı prosesdir. Bəzi rayonlarda
sakinlərin toplaşmasına çox sakit, normal şəkildə yanaşmaq
lazımdır. Araşdırmaq lazımdır ki, bu, harada hansı səbəblərə görə
baş verib. Təbii ki, insanlar nədənsə narazı ola bilər. Amma
narazılıq gedib küçəni bağlamaqdırsa, hüquqi dövlətdə buna yol
verilə bilməz. Biz heç vaxt imkan verməməliyik ki, qeyri-hüquqi
yollara əl atılsın. Narazılıq, tələb ola bilər və bunun üçün də
normal şəkildə müvafiq qurumlara müraciət etmək lazımdır. Tutaq ki,
20-30 nəfər qəbula getsin, məsələ həll olunmayandan sonra da
məsələnin başqa həll yolları var. Yox, həmin qruplar sadəcə, onlara
böyük diqqət olmasını istəyirlər, ümumən məqsədləri bəlli deyilsə,
baxmalıyıq ki, belə halların baş verməsi kimin marağındadır. Əgər
haqlı irad varsa, bunu normal şəraitdə müzakirə etmək lazımdır,
belə yox.
- Son zamanlar xüsusilə sosial şəbəkələrdə şayiələr
yayılır, əhalinin təşviş və qorxu içində saxlanılmasına cəhdlər
olur. Sizcə, belə hallara qarşı necə mübarizə aparmaq
lazımdır?
- Sosial şəbəkələri izləyirəm, biz bu məsələyə ciddi
yanaşmalıyıq. Bu yaxınlarda böyük bir məqalə yazmışam. Görürəm ki,
"Facebook"da 5-10 nəfər etikadan kənara çıxır, məqaləni oxumayaraq
məni bunu yazdığım üçün tənqid, təhqir edirlər. Halbuki onların heç
biri mənimlə üzbəüz olanda fikirlərini sona qədər normal deyə
bilmir. "Facebook"da yazırlar ki, uşaqlarla bağlı problem var,
məktəblərdə oğurluq var. Məndə belə fikir yaranır ki, bu, artıq
xüsusi öyrədilmiş qruplardır. Birincisi, "Facebook"də bunu
yazanların əksəriyyətinin nə adı, ən atasının adı, nə də soyadı
var. Hansısa bir şəkli ora qoyub, ağıllarına gələni yazırlar. Əgər
sən həqiqətən belə düşünürsənsə, həqiqətən bu fikri müdafiə etmək
istəyirsənsə, yaxud faktın varsa ki, hardasa cinayət baş verib, biz
bununla bağlı qanun da qəbul etmişik, buyurub gəl, araşdıraq.
Demək, onların məqsədi məsələnin həlli deyil, məqsədləri insanlar
arasında təşviş, ajiotaj yaratmaqdır. Guya nəzarət yoxdur… Bunlar
hamısı cəfəngiyatdır. Mən dəfələrlə şahidi olmuşam ki, sosial
şəbəkədə 3-5 nəfər hansısa problemin olduğunu yazır. Yazmışam ki,
bu mənim telefonum, oturduğum yer, buyurun, gəlin, o məsələləri
sizinlə müzakirə edək. 99 faiz o adamlar daha peyda olmur,
profillər, adlar dəyişilir, yenə də Azərbaycana qarşı qarayaxmalar
davam edir. Bu, mənim özümün müşahidə etdiklərimdir. Çünki mən özüm
ildə ən azı bir dəfə "Facebook" dostlarımla görüş keçirirəm, bu
sosial şəbəkədəki səhifəmdə 40 minə yaxın izləyici var. Yəni mənə
"Facebook"da aydın görünür ki, harada həqiqətən problemli məsələ
var, harada şayiələr var. Axı şayiələrlə nəyə nail olmaq
istəyirlər? Yazıblar ki, cinayət artıb, evlərə hansısa vasitələrlə
daxil olurlar. Axı insanların "Facebook"da belə yazması və bunu
paylaşmasında məqsəd nədir? Burada məqsəd insanlar arasında qorxu
yaratmaqdır.
Təbii ki, hüquq-mühafizə orqanlarımız bütün bunları izləyir.
İnsanlarımız ayıq-sayıq olmalıdırlar. Azərbaycana qarşı dayanmadan
informasiya savaşı aparılır. Torpaqlarımızın 20 faizi işğal olunub,
müstəqilliyimizi istəməyənlər var. Ancaq indi hər şeyi üst-üstə
qoyub demək ki, hər şeyi səhv etmişik, düzgün deyil. Biz heç bir
səhv etməmişik, müstəqilliyimizin, dövlətçilik ənənələrimizin
qorunub saxlanması üçün əlimizdən gələni edirik, bundan sonra da
edəcəyik. Heç kimin başqa fikri olmasın ki, burada bizim hansısa
başqa yanaşmamız ola bilər. Azərbaycan hakimiyyəti, prezident
xalqın yanındadır, xalq da prezidentin yanındadır. Real vəziyyət
budur. Haradasa problemlər varsa, onlar da həll olunan
məsələlərdir.
- İndiki dövrdə gənclər təşkilatlarının fəaliyyəti necə
qurulmalı, qarşıya qoyulan vəzifə nədən ibarət
olmalıdır?
- Bu, çox yaxşı sualdır. Milli Məclisdə Gənclər və idman
komitəsi yaranıb, komitə yaranan gündən bu istiqamətdə ciddi
araşdırmalara, təhlillərə başlamışıq. Bir neçə istiqamət var ki, o
istiqamətdə işimizi gücləndirməliyik. Bura gənclər təşkilatları da
daxildir.
Əsas vəzifə Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Hər bir
vətəndaş davranışında, atdığı addımda düşünməlidir ki, bu, əsas
problemimizin həllinə necə təsir edir. Yoxsa hardasa bir nöqsan
varsa, problem hər yerdə var, hansı ölkədə problem yoxdur?! Amma
hər ölkənin ərazisinin 20 faizi işğal olunmayıb. Biz hələ bu
məsələləri çox araşdırırıq axı?! Ona görə də sadə vətəndaşlar,
gənclər təşkilatları, xüsusən jurnalistlər və deputatlar hər bir
addımımızda nəzərə almalıyıq ki, biz Böyük Ermənistan xülyası ilə
yaşayan qruplara qarşı vuruşuruq. Bu, ən vacib məsələlərdən
biridir. Bizim indi əsas məqsədimiz odur ki, ərazi bütövlüyümüzü
bərpa edək. Bunu hər bir addımımızda nəzərə almalıyıq.