17:48
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev akademik
V.Y.Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, sərəncamda deyilir:
"2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış
ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan
olmasının 100 illiyi tamam olur.
Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul
vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb
alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr
vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Azərbaycan elminin inkişafında və
ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik
Vəli Axundovun 100 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik
yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr
tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə fərman
imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı
maddəsinin 2-1-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş
sahilboyu zolağın qrafik təsvirini altı ay müddətində təsdiq edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci
bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli
dövlət obyektlərini Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla üç ay müddətində müəyyən etmək, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll etmək
tapşırılıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin
2-1-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş sahilboyu
zolağın kağız üzərində və rəqəmsal formada qrafik təsvirini
(müvafiq döngə nöqtələri və onların koordinatları, sahilboyu
zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su
səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə
əlaqədar dəyişən vəziyyəti göstərilməklə) dörd ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etmək, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan
torpaq sahələrindən istifadə vəziyyətini araşdırmaq,
mehmanxana-turizm obyektləri istisna olmaqla, həmin torpaq
sahələrindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı
maddəsinin 2.1-ci bəndinin tələbləri pozulmaqla faktiki istifadə
halları ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
188-ci, 314-1-ci və 314-2-ci maddələrində nəzərdə tutulmuş
əməllərin əlamətlərini aşkar etdikdə, bu barədə Azərbaycan
Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinə məlumat vermək, bu Fərmanın 3.2-ci
bəndində nəzərdə tutulmuş tapşırığın icrası ilə bağlı görülmüş
işlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının
Prezidentinə məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.