Deputat Qənirə Paşayeva xəstəxanada tanınmış müğənni
Kəmalə Rəhimlini ziyarət edib.
Qənirə Paşayevanın Feysbukda bölüşdüyü təəssüratları təqdim
edirik:
Onun xəstə yatdığını eşidəndə çox təsirləndim və 1 həftə əvvəl
müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkməyə getdim.
Xəstəxananın baş həkimi Leyla xanımla birlikdə qalxdıq palatasına.
Xeyli vaxt idi görməmişdim Kəmalə xanımı və doğrusu onu xəstə
görmək qəlbimi sızlatdı. Söhbət etdik, o günləri xatıradıq...
Onun xəstə yatdığını eşidəndə çox təsirləndim və 1 həftə əvvəl
müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkməyə getdim.
Xəstəxananın baş həkimi Leyla xanımla birlikdə qalxdıq palatasına.
Xeyli vaxt idi görməmişdim Kəmalə xanımı və doğrusu onu xəstə
görmək qəlbimi sızlatdı. Söhbət etdik, o günləri xatırladıq...
"Bu səs hərdən pəncərəmi döyüb qaçar, qulağıma nəsə, nəsə deyib
qaçar..."
Bu səs nəğmə-nəğmə, duyğu-duyğu axar yaddaşa...
Bu səs onun səsi-Azərbaycanın əməkdar artisti Kəmalə
Rəhimlinin!
Kəmalə Rəhimli!
Kamallı, rəhimli səsin, şəxsiyyətin sahibi!
Bir zamanların – bizim gənclik illərimizin ən sevilən
sənətçilərindən biriydi o!
"Qiyamətdi, Allah, Allah", "Naz eylə", "Kimlərə qaldı dünya",
"Yaşa, Azərbaycan", ...
Sənətimizin yaşayan əfsanə isimlərindən olan əməkdar artist
Kəmalə Rəhimli xalqın sevilən sənətçisidir! – Mən "bizim gənclik
illərinin" dedim, oysa, Kəmalə xanım kimi sənətçilər bütün
dövrlərin gəncliyinin üztutduğu sənətçilərdir...
...Xatırlayıram, üç il öncələr olardı, bir sənət vurğunu
mətbuata verdiyi müsahibədə eynən belə deyirdi: "...ilk sevgim
Kəmalə Rəhimli olub... Onu göstərəndə, az qalırdı, girəm
televizorun iiçinə..." – Bəli, bu xanım sənətçinin gözəlliyi,
şirinliyi də, sənəti də, ədəb-ərkanı da sevdirir, cazibədar edirdi
onu... Özünəməxsusluğu, bənzərsizliyi ilə bərabər Kəmalə xanımın
səsi həm də Eşqin, Əhdin, Vəfanın dilmancı, danışan dili olaraq
ovsunladı dinləyicilərini. "Sürünərəm dizin-dizin, ölüncə gözlərəm
səni" oxusuyla cəfakeşliyin, sonacan sevməyin, sadiqliyin gercək
üzünü tanıtdı, şəkilləndirdi... Kəmalə xanımın səsi bir gözlədi,
gözü bir gözəl, saçları bir gözəl, ədası, nazı bir gözəl. Onun
simasında bu gözəlliklərin hamısı bir araya gəlib. Səhnə davranışı,
sadəliyi, səmimiyyət, təmənnasızlığı ilə sayılıb-seçilən olub.
Bunları yazdıqca Kəmalə xanımın çoxsaylı dinləyicilərinə yaxşı
tanış olan sənət ömrü dəyərli bir kitab kimi vərəqlənir gözlərim
önündə. Dəfolunmaz bir istəklə "Bakı haqqında mahnı"sını yenidən
dinləmək, "Mənim sevdam"ın sehrinə düşmək istəyirəm. Nə oxuyubsa
ürəkdən oxuyub, qəlbini, könül istisini, hərarətini verə-verə ifa
edib. "Sevirəm de"ni belə sevdirib, "Dalğalar"ın cəfasına belə
dözüb. Dili "Azərbaycan", "Gəl dost olaq" deyib həmişə. Bütün Türk
dünyasının adından qəm çəkib "Qələbə həsrəti ilə".
Leyla Şıxlınski xəstəxanasında müalicə olunduğu xəbərini alan
kimi həmən görüşünə getdim. Yol boyu qulaqlarımda həzindən-həzin,
kövrəkdən-kövrək ifaları səslənməkdəydi: "Sürünərəm dizin-dizin
ölüncə gözlərəm səni". Yol boyu Kəmalə xanımın bənzərsiz ifalarına
xüsusi bir ahəng verən, tənasüb yaradan cazibədar fiziki görünüşü
gözlərim önündə canlanırdı. Sanki ifa etdiyi o gözəl mahnılarının
həzinliyi, kövrəkliyi, qəlbəyatımlılığının özü arayıb tapmışdı
Kəmalə xanımı. Axtarmışdı, aramışdı və demişdi ki, "Gəl dost olaq".
Kəmalə xanımın qənirsiz gözəlliyi sanki oxuduğu mahnılarla
bəhsləşir. Uyarlı hərəkətləri, saç düzümü, təbəssümü də onunla
birgə oxuyur. Yol boyu bütün bunları nostalji duyğularla düşünür,
düşünürdüm. Müalicə olunduğu palatının qapısı ağzındaca qarşıladı
bizi. Durumunu yaxşı görüb toxtadım. Əlbəəl Leyla xanımdan
razılığını bildirdi. Bu ağrılı, çətin durumunda onu tək qoymayan
insanlara sonsuz sayğısını, minnətdarlığını dilə gətirdi... Bütün
səmimiyyətimlə təskinlik verdim, məxsusi olaraq gətirdiyim gül
çələngini gözləriylə bağrına basırmış kimi əzizlədi: "Bu günə kimi
heç mənim adımı belə çələnglə anan olmamışdı". Doluxsunmuş halda
pəncərəyə sarı çevrildi. Bax elə bu məqamda "ona göz yetirib
oğrunca baxdım, baxdım..."Bu, o idi... İllər boyu bənzərsiz ifaları
ilə könlümü əfsunlayan, səsi, avazı pünhan sevgilərimizin aşkar
dilmancı olan Kəmalə xanım Rəhimli. O Kəmalə xanım ki, səsi bir
gözəldi, nazı, ədası, saçları, baxışı-duruşu bir ayrı gözəl.Eyni
zamanda bu gözəlim mahnı elə bil yaranışından Kəmalə xanımın bu
günü, bu durumu üçün oxunmuşdu: "Burda çiçək vardı, hanı çiçəklər?
Onun qızıl telli ləçəklərini ya illər yolmuşdu, ya da
küləklər..."Dilim toxtaqlıq versə də gözlərim onun əynindəki
xəstəxana xələtinin nazik yaxalığına, bütün səliqə-səhmanıyla bir
arada Kəmalə xanımın ifa etdiyi nəğmələrin şuxluğuyla heç cür
uyuşmayan çarpayısna dikilib qalmışdı. Elə bil radio dalğalarından,
mavi ekrandan, çoxsaylı görüşlərimizdən mənə doğma, tanış olan o
sevimli müğənni xanım elə o oxuduğu mahnıların qanadındaca uzaq bir
səfərə çıxmışdı. Yerində onun xatirəsi, adaşı qalıb da müalicə
olunurdu. Arada ehtiramla palataya baş çəkən tibb bacılarına xalq
şairi Nəriman Həsənzadənin bir şerini əzbərdən söyləmək keçirdi
könlümdən; nakam şairimiz Mikayıl Müşfiqin sevimli həyat yoldaşı
Dilbər Axundzadənin həkiminə xitabən yazmışdı: "Həkim, o Dilbərdi,
ona yaxşı bax, Müşfiqdən xatirə qalandı həkim... Onun xəstəliyi
Müşfiq dərdidi, qalan xəstəliyi yalandı həkim..." Lap elə beləcə
demək istəyirdim. Demək istəyirdim ki, həkim, bu Kəmalə xanımdı,
ona yaxşı bax, sevgidən, vəfadan, gəncliyimizdən xatirə qalandı,
qoruyaq gərək".Yox, bu mənim daxili düşüncələrimin dedikləriydi.
Aşkarda isə onunla adi həyat qayğıları barədə hal-əhvallaşırdıq.
Rəhmətlik qayınanası, saz havalarının bənzərsiz ifaçısı Rahilə
xanım Həsənovanı xatırlayırıq, xalq artisti, görkəmli bəstəkar
Şəfiqə xanım Axundovanın son günlərindən söz açırıq: "Şəfiqə
xanımdan olmazdı – deyir, - qəlbi həyat eşqi ilə dolu idi. Son
nəfəsinə qədər ruhu, düşüncəsi, sənət eşqi öləzimədi..."Bu kövrək
məqamlardan diqqətini yayındırmağa çalışıram. Həyat yoldaşını,
sevimli oğlunu xəbər alıram. Şükürlər edir. Nigarançılığını da
gizlətmir heç: "Ömür möhlət verə, oğlumun toyunu görəm..."
"Sağlıq olsun-deyirəm-toyunu da görəcəksən, gözəl-göyçək
nəvələrin də olacaq".
Gülümsünür: "Dəvət edəcəm hamınızı..."
Yenə də təsəlli verirəm... Hər şeyin yaxşı olacağını deyirəm.
Elə bil baxışlarıyla "təki sən deyən olsun - söyləyir mənə – Mən
sənət ömrümü vicdanla yaşamışam. Xalqımızın milli sərvəti olan
musiqi sənətimizi həmişə böyük vətəndaşlıq duyğusu ilə təbliğ
eləmişəm. Hökumətimiz, xalqımız qədirbilən olub..."
Amma, uman yerdən küsündüyü də var... "Mütəmadi olaraq həkim
nəzarətində olmalıyam – deyir – Dərmanlarım vaxtı-vaxtında
alınmalıdı. Ancaq maddi imkanların buna yol vermir". Başladığı
söhbətdən utanırmış kimi tez də söhbətin səmtini dəyişir.
Ata-babalarından söz açır: "Din adamıydılar – deyir. – babam hələ o
illərdə məkkəni ziyarət etmişdi. Dünyasını da orda dəyişmişdi.
Gözümü açandan həmişə ailəmizdə İslam qanunlarına ehtiram görmüşəm.
Evimizdə həmişə "Qurani-Kərim" oxunub. Mən özüm Quranın ayələrini
əzbərdən bilirəm, oruc tutur, namaz qılıram..."
Kəmalə xanım danışır, mənsə oğrunca zərif cisminə nəzər salıram.
Onun bütün görünüşündə, üz-gözünün cizgilərində haradasa o müqəddəs
ruhların qudsal, pak dünyası, Tanrı yolçuluğunu özündə ifadə edən
cizgilər qəlbimə sirayət edir. Gözlərim gözünə baxa-baxa bənzərsiz
ifaları döyəcləyir yaddaşımı. Bu ifalar insanlıq haqqındadı, əbədi
yaxşılıq və əbədi haqlar barəsindədi. "Bir-birimizin yanında olaq,
təsəlli yerinə dönək" söyləməkdədi.
Dönə-dönə eşitməyimiz...
Dönə-dönə əməl etməyimiz gərəkdi...
İnanıram ki, Kəmalə Rəhimli vurğunları bugün də onu
ekranlarda-efirlərdə arayırlar-axtarırlar. – Bilirsiz, insan
sevdiyi, əziz bildiyi sənətçi ilə hər gün görüşməməlidir, bəlkə...
Sənətçinin eləcə uzaqdan, bir sənət sirri kimi görünməsi başqa
aləmdir... Ancaq..! Ancaq əgər o sənətçinin sağlıq durumu artıq
qaydasında deyilsə, iraq olsun, həyata, sevdiklərinə baxdığı gözü
nurunu itirə bilərsə , artıq, necə deyərlər, sənət sirri (həqiqəti)
deyil, həyat sirri (həqiqəti!) işə düşür – önplana keçir: ONU
AXTARMAQ, YANINA GETMƏK, DƏRDİNƏ ŞƏRİK OLMAQ LAZIMDIR! Sonra...
Sonra sadəcə, gec ola bilər... Səsinin sehrinə düşdüyümüz,
vurulduğumuz insanın həyata, insanlara, sevdiklərinə baxa bilməsi
üçün, əziyyət çəkdiyi şəkər xəstəliyindən mümkün miqdarda
qorunması, gözlərinin qayğısına qalması lazımdır. – Demək ki, səsi
ilə qayğımıza qalmış bu gözəl sənətçi indi özü bizdən,
tamaşaçısından, dinləyicisindən qayğı ummaqda haqlıdır!
...Respublikamızın əməkdar artisti, tanınmış müğənni Kəmalə
Rəhimli də bütün səhnə fəaliyyəti dövründə musiqi sənətimizin
inkişafına dəyərli töhfələr verib. Onun ifasında səslənən mahnılar
həmişə vətənpərvərlik, qəhrəmanlıq, milli-mənəvi dəyərlərə yüksəək
məhəbbət hissi aşılayıb.
...Bəli, tanınmış müğənni Kəmalə Rəhimlinin səhhətində
hal-hazırda ciddi peoblemlər var. Artıq qeyd etdiyimiz kimi, o,
uzun illərdir, şəkər xəstəliyindən əziyyət çəkir və görmə imkanları
demək olar ki, tükənmək üzrədir... Səhhətini təhdid edən bir çox
başqa xəstəliklər də sevimli sənətçimizin yaşam tərzini
çətinləşdirib. Uzun illər mədəniyyətimizə verdiyi töhfələri və
hazırkı şəraitdə səhhəttinin qeyri-normal olmasını nəzərə alaraq,
həyat şəraitinin yaxşılaşdırılmasına, normal şəkildə müalicə
olunmasına şərait yaratmaq üçün respublikanın əməkdar artisıti
Kəmalə Rəhimlinin danılmaz, gizlədilməz şəkildə dəstəyə ehtiyacı
var...
Ömrünü sənətnə, xalqına, dövlətinin mədəni yüksəlişinə həsr
etmiş bir insan kimə güvənməlidir? – Dövlətinə, xalqına,
sevənlərinə...
Bəlli olduğu kimi, Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət
göstərmiş hər bir sənət adamına dövlətimiz tərəfindən xüsusi diqqət
və qayğı göstərilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan bu ənənə bu gün ölkə başçısı olaraq, İlham Əliyev
cənablarının fəaliyyətinin əsas prinəsiplərindən birini təşkil
edir. Təbii ki, Azərbaycan dövlət başçısının xüsusi diqqət və
qayğısını üzərində hiss edən sənət adamlarımız ilk növbədə
Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət etməyi həyat amallarına
çevirir, daha inamla çalışırlar və bu yeni nəsilllər üçün də bir
motivasiya qaynağı olur... İnanıram ki, möhtərəm dövlət başçımız
Kəmalə Rəhimlinin səhhətindəki ciddi problemləri, onun sənətə uzun
illərlə xidmətlərini nəzərə alaraq, Prezident təqüdünə layiq
görməklə, mənəvi və maddi dəstək duracaq, təsəlli verəcək.
Prezident diqqəti, dövlət dəstəyi "maddi" sözündən ucadır, məhz
mənəvi mahiyyət daşıyır, ömrə ömür calayır, gözə nur gətirir! Cənab
Prezidentimizin indiyədək neçə vətəndaşımıza, aydınımıza,
sənətçimizə belə dəstək durduğunu və onların bundan necə
ruhlandığını, xəstəliklərə qalib gəldiklərini görmüşük! Sizə də,
Kəmalə xanım, acil şəfalar diləyir, keçmiş olsun, deyirəm! İnanıram
ki, qısa zamanda sağlamlığınıza qovuşacaq və sevənlərinizi və
xalqımızı gözəl ifalarınızla sevindirməkdə davam edəcəksiniz.
Sizinlə təkrar xəstəxana palatasında deyil, konsertlərinizdə
görüşməyi arzu və dua edirəm. Allah hər zaman yardımçınız
olsun!