ABŞ Dövlət Departamentinin
beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və
əlaqələndiricisi Amos Hokstayn Trend-ə müsahibə verib.
- ABŞ və Azərbaycan arasında indiki münasibətləri necə
qiymətləndirirsiniz?
- ABŞ-Azərbaycan münasibətləri möhkəmdir, ölkələr Azərbaycanın
müstəqillik qazanmasından bəri əməkdaşlıq edirlər. Biz regional
enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq vasitəsilə ikitərəfli
əməkdaşlığı möhkəmləndirdik. Dostlar arasında tez-tez olduğu kimi
həmişə hər şeydə razılaşmırıq, lakin əməkdaşlığın vacibliyini aydın
başa düşürük. Hər iki tərəf səylə çalışır ki, mümkün fikir
ayrılıqları regional və beynəlxalq səviyyədə qarşılıqlı strateji
maraqlarımıza təsir etməsin.
- Məlum olduğu kimi, siz "Cənub Qaz Dəhlizi" layihəsini
fəal şəkildə dəstəkləyirsiniz. Azərbaycanın regional və qlobal
enerji təhlükəsizliyinə verdiyi töhfə barədə nə
düşünürsünüz?
- Azərbaycan qlobal enerji təhlükəsizliyində müstəsna, xüsusilə
də Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır.
1990-cı illərdə Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri layihəsi
konseptuallaşdırıldı. Azərbaycan rəhbərliyi başa düşürdü ki, bu,
təkcə neft kəməri layihəsi deyildi, eləcə də Azərbaycanın dünya
ictimaiyyətinin və dünya enerji birliyinin üzvü qismində strateji
rolunu göstərirdi. Həmin vaxt ABŞ Prezidenti Bill Klinton
Azərbaycan rəhbərliyinin baxışlarını bölüşürdü.
Bu boru kəməri tarixdə ilk dəfə olaraq Xəzər regionundan neftin
azad bazar qismində beynəlxalq bazarlara çatdırılmasına şərait
yaratdı. Hesab edirəm ki, "Cənub Qaz Dəhlizi" Heydər Əliyevin
vaxtında 1990-cı illərdə BTC ilə başlamış və Prezident İlham
Əliyevin dövründə "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması ilə başa
çatan dairəni yekunlaşdırır.
Hazırda Avropa bəzi ölkələri çətin vəziyyətə qoyan
infrastruktrur mirasından əziyyət çəkir. Həmin ölkələr vahid
dominant tədarükçü olan Rusiyadan qaz almaq məcburiyyətindədirlər.
Rusiya bu mövqeyindən iqtisadi və siyasi təsir vasitəsi kimi
istifadə edir.
"Cənub Qaz Dəhlizi" Avropada hazırda yeganə əsl şaxələndirmə
layihəsidir. Azərbaycandan qaz "Cənub Qaz Dəhlizi" üzrə Avropaya
tədarük ediləcək. "Cənub Qaz Dəhlizi" yeni marşrut üzrə yeni qaz
tədarükünü təmin etməklə rəqabət üçün əsl imkan yaradır.
Buna görə də hesab edirəm ki, Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Enerji
təhlükəsizliyi hər bir ölkə üçün iqtisadi və milli
təhlükəsizliyinin əsasıdır. Bu o deməkdir ki, Azərbaycan Avropanın
milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol
oynayır.
- Dövlət katibi Con Kerri və digər yüksək vəzifəli
şəxslər çıxışlarında tez-tez "Cənub Qaz Dəhlizi"nə toxunurlar.
Həmçinin hamı ABŞ-ın Bakı-Tiflis-Ceyhan strateji və uğurlu neft
boru kəməri layihəsini qətiyyətlə dəstəklədiyini xatırlayır. ABŞ
"Cənub Qaz Dəhlizi"nə dəstək üçün nə edir? Sizin bu prosesdə
rolunuz nədən ibarətdir?
- Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə
xüsusi nümayəndəsi kimi, təxminən son 5 il ərzində vaxtımın xeyli
hissəsini "Cənub Qaz Dəhlizi"nin uğurunu təmin etməyə həsr
etdim.
Uzun illər əvvəl, BTC layihəsi üzrə müzakirələr başlayanda
insanların çoxu bu layihənin yaratdığı siyasi problemləri nəzərə
alaraq onun imkanlarına şübhə ilə yanaşırdı. Lakin o, reallığa
çevrildi.
BTC-ni daha çətin olan "Cənub Qaz Dəhlizi" layihəsi ilə müqayisə
edin. Bu layihə Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan
vasitəsilə Albaniyaya və yekunda Yunanıstandan Bolqarıstana
interkonnektorlarla İtaliyaya infrastrukturun yaradılmasını tələb
edir.
Bu layihəyə bəzi ölkələr, bir neçə idarəetmə sistemi, müxtəlif
normalar, eləcə də hüquqi məsələlərin geniş spektri cəlb edilib.
Belə boru kəmərinin tikintisinin texniki çətinliyindən hələ
danışmıram.
Bu layihədə iştirak etməyən və ondan iqtisadi mənfəət qazanmayan
ABŞ şirkətləri bu layihəni o qədər həlledici hesab edir ki, onu
əvvəldən bu günədək izləyirlər.
Biz dəstək vermək üçün, demək olar, hər həftə işləyirik və
mümkün olan hər şeyi edirik ki, yaranan fikir ayrılıqlarını aradan
qaldıraq və ortaya çıxan problemlərin həllinə kömək edək.
Mən diplomatik öhdəliklərin təfərrüatlarını deyə bilmərəm, lakin
sizi əmin edə bilərəm ki, mən və komandam hər həftə bu məsələləri
müzakirə edirik. Bilməyinizi istəyirəm ki, bu layihəyə sadiqliyini
dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden və Prezident
Barak Obama da göstərir. Hamı bu layihəni təkcə sözdə deyil,
fəaliyyəti ilə də dəstəkləyir.
- Bu yaxınlarda konqresmen Kris Smit tərəfindən erməni
lobbisinin təşəbbüsü ilə layihə təqdim edildi. Bu qanun layihəsi
təkcə ABŞ-Azərbaycan münasibətlərinə zərər vurmur, həm də ABŞ-ın
dəstəklədiyi enerji təhlükəsizliyi və nəqliyyat kimi sahələrdə
strateji layihələri pozur, ABŞ-ın Avropadakı müttəfiqlərinə, eləcə
də İsrail və Türkiyəyə mənfi təsir edir. Bu qanun layihəsi barədə
nə düşünürsünüz? Bəziləri deyir ki, ABŞ administrasiyası ona
qarşıdır, digərləri isə hesab edir ki, onun arxasında Dövlət
Departamenti dayanır. Bu suallara dəqiq cavab varmı?
- Başa düşmək lazımdır ki, ABŞ-da hakimiyyətin 3 qolu var və
Konqresin öz rolu mövcuddur. Konqresin hər üzvünün imtiyazı,
qanunları təqdim etmək hüququ var.
Bu, uzun prosesdir və təqdim edilən qanunun Nümayəndələr
Palatasında və Senatda qəbul edilməsi tələb olunur, yalnız bundan
sonra Prezident istədiyi təqdirdə onu rəsmiləşdirmə qaydasına uyğun
olaraq qanun qismində imzalaya bilər.
Mən Konqres üzvlərinin nəyi etməli olduğunu və ya olmadığını
şərh etmirəm. Konqesin hər bir üzvünün baxışlarını ifadə etmək və
qanunları təqdim etmək hüququ var. Lakin xatırladım ki, hazırda bu,
yalnız qanun layihəsidir. ABŞ Dövlət Departamenti qanun
yaradıcılığında iştirak etmir, bu, ABŞ Konqresinin
səlahiyyətindədir.