Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika
Alyansının rəhbəri Anar Məmmədov ABŞ-ın senator və
konqresmenlərini, diplomatlarını və qəzet redaktorlarını vaxtaşırı
olaraq Milli Muzey binasında toplayaraq onlara böyük qonaqlıq
verir. "
" saytı Vaşinqtonda fəaliyyət göstərən bu
lobbi təşkilatına istinadən xəbər verir ki, 500 nəfərin qatıldığı
ziyafət oktyabrın 30-da ABŞ paytaxtındakı Milli Muzey binasında
keçirilib.
Bu, Azərbaycanın ABŞ-da tanıdılmasına yönəlmiş ikinci illik
qala-ziyafətdir. Nazir oğlu ilk ziyafəti ötən il təşkil etmişdi.
Azərbaycan-Amerika Alyansının bildirdiyinə görə, budəfəki
qala-ziyafətə ABŞ Senatının, Nümayəndələr Palatasının, diplomatik
korpusun, düşüncə mərkəzlərinin və akademik qurumların
nümayəndələri dəvət alıblar. Ziyafətin açılışını Azərbaycanın
ABŞ-dakı səfiri Elin Süleymanov edib. Tədbirdə Azərbaycan musiqisi
səslənəib, rəqs nümunələri nümayiş etdirilib, milli Azərbaycan
yeməkləri təqdim olunub. Ziyafətə dəvət alanlar arasında senator
Riçard Barr, Saksbi Çamblis, Ted Koqan, Roger Uiker,
konqresmenlərdən Geyn Grin, Rendy Haltgrin, Robert Aderholt, Korrin
Braun, Ualter Cons, Adam Kinzinger, Tim Rayan, Fred Upton, "The
Washington Times" qəzetinin redaktoru və prezidenti Larri Bisli,
"The Washington Diplomat" qəzetinin baş redaktoru Viktor Çibli,
Corc Vaşinqton Universitetinin prezidenti Stiven Knapp, digər
biznes və media liderləri yer alır. Ziyafət üçün əsas ərzaqlar və
aşpazlar xüsusi təyyarə ilə Bakıdan aparılıb. Menyüdə təbii ki,
qara kürü də ön sıralarda yer alır.
Azərbaycan-Amerika Alyansı qala-ziyafətdə xüsusi seçilmiş qonaqlara
mükafatlar da paylayıb. Ötənilki qala-ziyafətin iştirakçısı olan
mənbə sayta bildirib ki, nazir oğlu həmin tədbirdə pulları sel kimi
axıdırdı və ziyafətə milyonlarla dolların xərcləndiyinə şübhə yox
idi. Budəfəki ziyafət də ondan geri qalmayıb. Yada salaq ki,
Azərbaycan-Amerika Alyansı ABŞ-da Azərbaycanın maraqlarını müdafiə
edən lobbi təşkilatı kimi yaradılıb. Lakin təşkilatın maliyyə
mənbələri göstərilmir.
Məsələ ilə bağlı məlumatlı mənbələrdən "Yeni Müsavat"a verilən
məlumata görə, siyasi hakimiyyətin göstərişi ilə Azərbaycan
hakimiyyətinə ABŞ-da lobbiçilik etməyin xərclərini qarşılamaq
Məmmədovlar ailəsinə tapşırılıb. Bu ziyafət də bu qəbildən olan
layihədir. Ən minimal hesablarla 500 nəfərlik ziyafətin
maliyyələşdirilməsi 500 min dollara başa gəlir - bir nəfərin
ziyafət xərci 1000 dollardan az deyil. Ancaq ziyafət xərcləri ümumi
layihənin yalnız bir komponentidir. Bundan qat-qat çox məbləğ
Amerikanın lobbi təşkilatı ilə əlaqələrin qurulmasına və onların
maliyyələşməsinə sərf edilib. Buraya qonaqların seçilməsi və dəvət
olunması xərcləri də daxildir. Bu da son deyil. Ziyafətdə qonaqlara
bahalı hədiyyələrin də paylanmasını da nəzərə alsaq, layihənin
minimal dəyərinin on milyonlarla ölçüldüyü bəlli olar.
Mənbə deyir ki, ziyafətin texniki baxımdan təşkilini Azərbaycanın
ABŞ-dakı səfirliyi öz üzərinə götürüb. A.Məmmədov yalnız tədbirə
maliyyə dəstəyi verib. Təbii ki, ABŞ haqda təsəvvürü məhdud olan
A.Məmmədov şəxsən ABŞ-ın siyasi elitası ilə əlaqə qurub belə nəhəng
bir tədbir təşkil edə bilməzdi.
"Turan"ın məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Anar Məmmədovun
"Fabiani & Company" lobbi şirkətinə son illərdə üst-üstə 5
milyon dollar ödədiyini açıqlayıb.
Vaşinqtondakı lobbiçilərdən biri adının açıqlanmaması şərtilə
"Turan"a bildirib ki, ziyafətə yarım milyon dollar xərclənib.
Keçmiş sovet respublikalarından olan müştərilərə əvvəllər də belə
ziyafətlər təşkil edən lobbiçi bildirib ki, belə tədbirlər adi
ziyafətlərdən xeyli bahalı olur.
"Avtoritar rejimlər tədbirdə yüksək rütbəli rəsmi şəxslərin
iştirakı və onlarla şəkil çəkdirmək üçün istənilən məbləği ödəməyə
hazırdır".
Qəzetimizi bilgiləndirən mənbə iddia edir ki, bu dəfə A.Məmmədova
daha səxavətli olmaq, bütün qonaqları artıqlaması ilə razı salmaq
tapşırılıb. "Fabiani & Company" lobbi şirkətinə ödənilən 5
milyon dollar rəsmi ödənişdir. Bundan qat-qat çox məbləğ isə
qeyri-rəsmi xərclənir.
Çünki hazırda Azərbaycanla ABŞ arasında münasibətlər heç də yaxşı
deyil. ABŞ Dövlət Departamentinin 9 oktyabr prezident seçkilərinə
dair mövqeyi rəsmi Bakının sərt reaksiyalarına səbəb olub. Bakı bu
yolla ABŞ-ın mövqeyini bir qədər yumşaltmağa çalışır.