Əslində bu gün İran üzərindən götürülən sanksiyalar
ABŞ-ın bölgəyə mesajıdır.
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun
rəhbəri Fərrux Məmmədov söyləyib. Onun sözlərinə görə, İran
üzərindən sanksiyaların götürülməsi onun regionda oyunçu olması
imkanlarını artırır:
"Hazırkı situasiya Yaxın Şərqdə gedən proseslərin nə qədər
dərin, nə qədər çətin olduğunun göstəricisidir. İran üzərindən
sanksiyaların götürülməsi Tehranın daima bu cür yaşayacağı anlamına
gəlməməlidir. Bu, sadəcə olaraq, Tehrana ABŞ tərəfindən verilmiş
şansdır. Əgər İran bunu dəyərləndirə bilsə, o zaman regionda yeni
oyunçu formasında çıxış edə biləcək. Amma İran Suriya, nüvə
məsələləri və digər istiqamətlərdə siyasətini dəyişməzsə, o zaman
sanksiyalar yenidən tətbiq oluna bilər. Bunu ABŞ prezidenti də son
brifinqdə açıq şəkildə qeyd etdi.
Bu gün İran üçün həssas tarixi dönəm başlayıb. ABŞ-ın İran
üzərindən sanksiyaları niyə məhz indiki dövrdə qaldırmasına gəlincə
isə cavab çox sadədir. Qərb üçün Rusiyanı artıq bu və ya digər
formada ram etmək çox çətindir. İranın dünya bazarına çıxması
Rusiya üçün çox ağır oldu. Bu, bir növ həm də İranı Rusiyadan
uzaqlaşdırmaq üçün nəzərdə tutulub. Tehran anlayır ki, bu gün
qlobal oyunçu ABŞ-dır və buna görə də onlarla razılaşmaq mütləqdir.
Düşünürəm ki, İran ona verilən şansı dəyərləndirməyə çalışacaq.
Məncə, İran Şərq üçün bir növ qapı da ola bilər. Onun Pakistan,
Çin, Hindistan məsələsində də ABŞ-ın yanında yer alacağı
gözlənilir".
Politoloq Yaxın Şərqdə Türkiyənin əsas söz sahibi olduğunu da
bildirib:
"Bu gün Yaxın Şərq regionunda söz sahibi mütləq olaraq
Türkiyədir. Türkiyə üzərində isə bir növ Amerikanın hakimliyi
mövcuddur. Bunu gizlətmək olmur və heç gizli proses də deyil.
Amerika ilə Türkiyə 60 ilə yaxındır ki, müttəfiqdirlər. Türkiyənin
əksər strateji postlarında ABŞ-a yaxın olan çox önəmli şəxslər
əyləşiblər. Türkiyənin Yaxın Şərqdə söz sahibi olması ABŞ-ın da
lider olması deməkdir. Bu da avropalılar tərəfindən qısqanclıqla
qarşılanır, Avropanın xoşuna gəlmir və onlar da bölgədə aktiv
oyunçu olmaq istəyirlər. Türkiyənin Avropa Birliyi ilə yaxınlaşması
üçün Brüssel tələsir. Bu o deməkdir ki, Avropa bölgədə ABŞ-ın
oynadığı rolun bir qismini öz əlinə almaq istəyir".
F.Məmmədov ABŞ-ın İranın bölgədə hökmran olmasına inkan
verməyəcəyini də bildirib:
"ABŞ heç vaxt İranın bölgədə hökmran olmasına imkan verməz. İran
üzərindən sanksiyaların götürülməsi sadəcə digər ölkələr üçün
siyasi təsir vasitəsidir. Lakin istər Qara dəniz, istər Aralıq
dənizi ətrafında, istərsə də Yaxın Şərqdə bu gün üç oyunçu
mövcuddur: İsrail, Amerika və Türkiyə. Türkiyə kartı çox önəmlidir.
Çünki bu ölkə həm türk dünyasının, həm də islam dünyasının
lokomotivi sayılır. Xüsusən də ərəb dünyasının Türkiyəyə böyük
rəğbəti var. Ankaranın bu proseslərdə aktiv iştirak etməsinin əsas
səbəbi ABŞ-ın ona olan dərin dəstəyidir. Yalnız bu üç güc regionda
bütün proseslərə nəzarət edib, bir yerdə hərəkət edəcəklər.
Regionda dördüncü bir gücün yaranacağı inandırıcı deyil".
Ekspert bölgədə yeni dövlətlərin yaranacağını da iddia edib:
"İranın ərəb dünyası və Yaxın Şərqdə nüfuzu demək olar ki, sıfra
bərabərdir. Səudiyyə Ərəbistanı isə ərəb dünyasında ABŞ-ın əsas
müttəfiqlərindən biridir. Bu baxımdan Qərb üçün Ər-Riyadın yeri tam
fərqlidir. Səudiyyə Ərəbistanının İranla apardığı iqtisadi, siyasi,
hətta hərbi savaşda Tehrana məğlub olmasına imkan verilməyəcək.
Bu, əslində, böyük bir prosesdir. Bu prosesin sonunda yeni
dövlətlərin yaranma ehtimalı çoxdur. Suriya və İraqın parçalanma
prosesi gedə bilər. Ona görə də Yaxın Şərqdə savaş davam edəcək,
amma bu savaşda kimin qalib olacağı bilinmir. Yuxarıda adını
çəkdiyim üç əsas gücdən əlavə regionda həmçinin Səudiyyə
Ərəbistanı, İran, Rusiya, Çin də var. Bu prosesin sonunda bir neçə
dövlət yaranacaq və BMT bunları tanıyacaq. Regionda stabillişmə
gələn ildən başlayaraq yaranacaq. Bölgədə yeni konfliktlər, yeni
müttəfiqlər və yeni düşmənlər meydana gələcək. Bu proses dünyanın
yaxın gələcəkdəki siyasətinə təsir edəcək".