Qaqauziyada referendum keçirilməsindən sonra gündəmə
gələn əsas mövzulardan biri Moldovanın parçalana biləcəyi ilə bağlı
ehtimallar oldu. Qaqauziya Moldova hökumətinin əleyhinə olaraq
referendumda Gömrük İttifaqına daxil olmaq haqqında qərar qəbul
etdi. Bundan sonra ən maraqlı məqam isə bu muxtariyyətin atdığı
belə addımdan sonra növbənin Dağlıq Qarabağ və digər bölgələrə çata
bilməsi təhlükəsidir. Məsələ ilə əlaqədar Yeni Ölkələrlə bağlı
Beynəlxalq İnstitutunun direktoru, ermənipərəstliyi ilə fərqlənən
ekspert Aleksey Martınovla söhbət etdik.
- Qaqauziyadakı son referendumu necə
dəyərləndirərdiniz?
- Beynəlxalq, həmçinin Avropa İttifaqından olan müşahidəçilərin
iştirakı ilə keçirilən referendum kifayət qədər şəffaf şəkildə
keçdi. Nəticə onsuz da gözlənilən idi. Qaqauziya Muxtariyyəti
Moldova ilə birlikdə Avropa İttifaqına inteqrasiya etmək istəmir.
Qaqauziya vətəndaşlarının çoxu Rusiya, Belarus, Qazaxıstanın üzv
olduğu Gömrük İttifaqına qoşulmaq istəyir. Bununla bərabər
Qaqauziya Respublikasının vətəndaşlarının əksəriyyəti Moldova
tərəfindən müstəqilliklərinə xətər yetiriləcəyi təqdirdə
Qaqauziyanın dərhal müstəqil olacağına səs veriblər. Son zamanlar
Buxarestdən hər kəs daha yüksək səslə Rumıniyanın Moldova
ərazilərinə olan iddiaları haqqında danışır.
- Onda belə çıxır ki, bu referendumdan sonra Moldova
artıq parçalanır?
- Xeyr. Qaqauziyada baş tutan referendum Qaqauziya
dövlətçiliyinin möhkəmlənməsində irəliyə doğru daha bir addımdır.
Bu heç də paradoksal səslənmir. Ümumiyyətlə Qaqauziyadakı
referendum Moldovanın suverenliyinin qorunmasında özünəxas
zəmanətçi rolunu oynayır.
- Sizcə, bunu Rusiyanın Avropaya güc nümayişi
adlandırmaq olarmı?
- Nə ilə? Qaqauziyadakı referenduma dəstəkləmi? Əgər güc
nümayişi Avropanın demokratik prinsiplərinə əsaslanaraq seçim
etməklə öz taleyini müəyyənləşdirmək hesab olunursa, o zaman Avropa
bu güc nümayişini sonsuz olaraq göstərir.
Soçi Olimpiadası bitəndə Maydan da bitəcək
- Bəs Ukraynadakı böhran necə bitəcək?
- Ukraynadakı böhran Soçi Olimpiadasının yekunlaşması ilə
sonlanacaq. Ukrayna böhranı açıq-aşkar xaricdən müəyyənləşdirilərək
hazırlanıb. Məhz həmin qüvvələr müəyyən zaman dəhlizində Ukraynada
hakimiyyətin yenidən bölüşdürülməsinə yönəldilib. Görünür,
təşkilatçılar düzgün fikirləşiblər ki, Rusiya Olimpiya oyunları
öncəsi Ukrayna hadisələri ilə bağlı heç bir regional konfliktə
müdaxilə etməyəcək.
- Ukrayna iki yerə bölünə bilərmi?
- Fikirləşmirəm. Ukraynanın bölünməsi burada çevriliş etmək
istəyən şəxslərin planlarına daxil deyil. Onlara ölkə bütöv
lazımdır. Bu, maksimum Ukraynanın unitar dövlətdən federal ölkəyə
çevrilməsinə qədər uzan bilər.
Azərbaycan "Dağlıq Qarabağ"ı tanıyacaq
- Bir neçə həftə öncə Dağlıq Qarabağın Gömrük
İttifaqının üzvü ola biləcəyi ilə bağlı şayiələr yayılmışdı.
Qaqauziyadan sonra bu mövzunun yenidən gündəmə qayıtmasını söyləyə
bilərikmi?
- Niyə də yox? Bu "Dağlıq Qarabağ Respublikası"nın("Axar.az"
tərəfindən dırnağa alındı) və Gömrük İttifaqının üzvlərinin şəxsi
istəkləri olan məsələdir. Dağlıq Qarabağ bu gün tanınmamış dövlət
olsa da, tamamilə əldə tutula, ümumiyyətlə, müzakirə mövzusu edilə
biləcək məsələdir.
- Qarabağ konflikti necə həll oluna bilər?
- Qısa deyəcəm. Mən əminəm ki, Qarabağ problemi əvvəl-axır, bu
elə də böyük olmayan "dövlət"in("Axar.az" tərəfindən dırnağa
alındı) Bakı, İrəvan, Moskva və daha sonra isə BMT-nin üzvü olan
digər dövlətlər tərəfindən tanınması ilə nəticələnəcək.
Rusiya parçalanmayacaq
- Necə fikirləşirsiniz, Gömrük İttifaqı gələcəkdə Avropa
İttifaqına güclü opponent ola bilərmi?
- Məncə, Gömrük İttifaqı opponent deyil. O, Avropa İttifaqının
partnyorudur və hər zaman da belə qalacaq. Bir müddət öncə Rusiya
və Avropa İttifaqı arasında baş tutan sammitin özü buna ən gözəl
nümunədir.
- Sizin ölkədən olan politoloqların hamısı belə bəyanat
verirlər ki, Rusiya bir az sonra dağılacaq. Bəs sizin proqnozunuz
necədir?
- Bu, bəzi ödənişli bloqçuların uydurduğu sərsəmlikdən başqa bir
şey deyil. Rusiya təkcə regional güc deyil, Rusiya bu gün həm də
dünyəvi gücdür. O, güc mərkəzlərindən biridir. Kim və niyə bu cür
axmaq şeyləri yayımlayaraq cəmiyyəti çaşdırır? Rusiya 1000 illik
dövlətdir və Rusiyanın minimum 1000 ili də hələ onu qabaqda
gözləyir. Və bir də onu deyim ki, Azərbaycan bunu bilir və hər
zaman da bilib.