Hüquqi qeydiyyatı olmayan "Müsəlman Birliyi" adlı
qurumun üzvləri Taleh Bağırov və qeyrilərinin barəsində Ağır
cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işi
üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə
birgə həyata keçirilən tədbirlər nəticəsində T.Bağırov və onun
mütəşəkkil cinayətkar dəstə halında rəhbərlik etdiyi qanunsuz
qurumun paytaxtla yanaşı, bölgələrdə də təşkilatlanması və
silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaları müəyyən
edilmiş, mütəşəkkil dəstənin Bakı şəhəri və ətraf kəndlərdə 57
nəfər, Gəncə şəhəri və digər rayonlarda 11 nəfər fəal silahlı üzvü
aşkar olunaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin
qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Axar.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralovun
rəhbərliyi altında keçirilən kollegiya iclasında məlumat
verilib.
Keçirilmiş genişmiqyaslı xüsusi istintaq-əməliyyat tədbirləri
nəticəsində həmin mütəşəkkil dəstənin üzvlərindən çoxlu sayda odlu
silah, döyüş sursatı, radikal məzmunlu dini ədəbiyyat və sair
əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Bundan başqa, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə
istintaq idarəsi tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu
cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla aparılmış, o
cümlədən "Günəşli" neft-qaz platformasında baş vermiş yanğın
nəticəsində çoxsaylı insan tələfatı, Binəqədi rayonu ərazisində
yaşayış binasındakı yanğınla əlaqədar, habelə Qəbələ rayonu
ərazisində özünü radikal dini cərəyanın əmiri elan etmiş Nurəddin
Xəlilovun rəhbərliyi ilə 17 nəfərdən ibarət silahlı bandanın
çoxsaylı cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə
intensiv istintaq hərəkətləri həyata keçirilib.
Xüsusi vurğulanıb ki, ləğv edilmiş Milli Təhlükəsizlik
Nazirliyinin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti
subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr və
əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri
pozulmaqla telefon danışıqlarının dinlənilməsi və yol verilmiş
digər qanunsuzluqlarla bağlı 17 oktyabr 2015-ci il tarixdə
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İş üzrə 22
şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs
barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə
getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan
yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış
elan edilib.
Həmin iş üzrə 130 epizod araşdırılmaqla, cinayət əməlləri
nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində
tanınıb. Hazırda ayrı-ayrı vətəndaşlardan daxil olan yeni
müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və
obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin
pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər
görülür.
Xüsusi vurğulanıb ki, hesabat dövründə Prezident cənab İlham
Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə
sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli
tədbirlər davam etdirilib. Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ildə rüşvətlə bağlı,
vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu
xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin
istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq
məhkəmələrə göndərilməsi, həmçinin Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin, tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin
ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən dövlət əmlakının
sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanmasında
iştirak etmiş korrupsiya şəbəkəsi üzvlərinin qanunsuz əməllərinin
ifşa edilməklə barələrində qısa müddətdə qanunamüvafiq tədbirlərin
görülməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.